İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi Bakı strateji silahını işə salıb: Azərbaycan Avropa məkanını da təslim alır

3410 09.10.2022 15:40 Analitika A A

Ermənistanda hesab edirlər ki, rəsmi Bakı son illərdə yalnız öz hərbi-siyasi üstünlüyünü möhkəmləndirməklə kifayətlənməyib, həm də Azərbaycanın enerji resurslarını ən təsirli strateji silaha çevirməyi bacarıb... Ermənistanın "timsah göz yaşları" tökmək qabiliyyətisə, Azərbaycanı beynəlxalq məkanda yeni energetik güc mərkəzinə çevirən bu silahla rəqabət imkanında deyil...

Azərbaycanın beynəlxalq siyasi məkanda nüfuzu və mövqeləri güclənir. Rəsmi Bakı yalnız Azərbaycanın Cənubi Qafqazda "açar" dövlət və regional supergüc olması ilə kifayətlənmək niyyətində deyil. Əksinə, hazırda Azərbaycan tədricən beynəlxalq siyasi məkana da önəmli siyasi-iqtisadi güc mərkəzi statusunda yerləşməyə başlayıb.

Vaxtilə Prezident İlham Əliyev Azərbaycanın yeni dünya düzənində qətiyyən idarə olunan dövlətlər arasında olmayacağının mesajını vermişdi. O, vurğulamışdı ki, Azərbaycan dünyanıidarə edən ölkələr sırasında yer alacaq.

Təbii ki, bu, Azərbaycan üçün olduqca önəmli beynəlxalq hədəfdir. Son vaxtlar rəsmi Bakının bu hədəfə doğru inamlı addımlar atdığı açıq-aşkar nəzərə çarpır. İndi Azərbaycan Avropa məkanında xüsusi cazibə mərkəzinə çevrilməyə başlayıb.

Məsələ ondadır ki, Avropa məkanında indi Azərbaycana müəyyən mənada, böyük ümidlər bəsləyirlər. Ukrayna savaşının doğurduğu dağıdıcı nəticələr və Rusiya enerji resurslarının Avropa məkanında bloklanması Azərbaycanı ön plana çıxarıb. Avropa Birliyi ölkələri enerji resurslarına olan ehtiyaclarını qarşılamaq üçün Azərbaycanla daha intensiv tərəfdaşlığa can atırlar.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB) 

Maraqlıdır ki, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun artması və mövqeyinin möhkəmləndirilməsi Cənubi Qafqaz üzrə sülh prosesinə də birbaşa təsir göstərir. Ermənistanın regionda hərbi-siyasi situasiyanı gərginləşdirmək cəhdləri Avropa Birliyi ölkələri tərəfindən narahatlıq ilə qarşılanır. Üstəlik, rəsmi İrəvanın son 30 ildə vərdiş etdiyi beynəlxalq dəstək tədricən öz əhəmiyyətini itirir. Və hətta Ermənistanın Azərbaycana qarşı "şikayət siyasəti" bloklanır, iflasa uğradılır.

Rəsmi İrəvanın Azərbaycana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinə yönəlik çağırışları isə indi Qərbdə "erməni səsləri"nə möhtac olan bir neçə siyasətçidən başqa heç kimi maraqlandırmır. Yəni, dünya artıq ciddi şəkildə dəyişib, sadəcə, erməni toplumunun bundan hələ də xəbəri yoxdur. Əks halda, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Jozep Borrelin Azərbaycanla bağlı son açıqlamasından müəyyən geopolitik nəticələr çıxara bilərdilər.

Çünki, J.Borrel açıq mətnlə bəyan edib ki, Avropa Birliyi Azərbaycana qarşı hər hansı sanksiya tətbiq etmək niyyətində deyil. Buna həm səbəb yoxdur, həm də Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyi sahəsində ən etibarlı tərəfdaşıdır. Və Avropa Birliyi Azərbaycanla qarşılıqlı tərəfdaşlığı daha da inkişaf etdirməkdə maraqlıdır.

Təbii ki, rəsmi Bakı da Avropa Birliyi ilə enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Bu barədə danışan Prezident İlham Əliyev də xüsusi olaraq vurğulayıb ki, hazırda Avropada Azərbaycanın enerji resurslarına daha çox ehtiyac yaranıb. Dövlət başçısı də bildirib ki, Avropa Birliyi ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Onun fikrincə, Azərbaycanın geopolitik məkanda artan rolu həm iqtisadi, həm də investisiya sahələrində özünü göstərir. Prezident İlham Əliyev hesab edir ki, Azərbaycanın Avropa ailəsinə dövlət edilməsi bu tərəfdaşlığın böyük perspektivlərinin olduğunu təsdiqləyir. Dövlət başçısı bildirib ki, Azərbaycan gələcək illərdə Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırır. Yəni, Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyində strateji əhəmiyyətə malik ölkələr sırasına daxil olmağa başlayıb.

1653240059_d3d3084c423b025a84d149f3929cad97.jpg (151 KB) 

Təbii ki, Avropa Birliyinin enerji resurslarına olan kəskin ehtiyacı və Cənubi Qafqazdakı iqtisadi maraqları regionda sülhün və sabitliyin bərpasını da diqtə edir. Ona görə də, Avropa Birliyi Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması prosesində hazırda ən fəal siyasi iradə mərkəzi rolunu oynayır. Azərbaycan və Ermənistanın son vaxtlar sülh sazişinin imzalanmasına bu qədər yaxınlaşmasında Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin intensiv fəaliyyətinin xüsusi təsiri mövcuddur.

Belə davam edərsə, Ş.Mişelin vasitəçiliyi ilə Cənubi Qafqaz çoxdan gözlənilən sülhə və sabitliyə nail ola bilər. Erməni mənbələrinin iddiasına görə, Avropa Birliyi Paşinyan hakimiyyətindən Azərbaycanla dərhal sülh sazişinin imzalanmasını tələb edir. Və bu sülh regional nəqliyyat-kommunikasiya xətlərinin açılmasına, bölgədə iqtisadi-ticari proseslərin inkişafına səbəb olacağından Avropa Birliyi üçün də sərfəlidir.

Maraqlıdır ki, sülh prosesinin əsas şərtlərinə münasibətdə Azərbaycanın mövqeyi Avropa Birliyinin hədəfləri ilə tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Praqa görüşündə sülh sazişinin hazırlanması məqsədilə Azərbaycanın irəli sürdüyü və beynəlxalq hüquq normalarına əsaslanan beş şərtin dəstəklənməsi qətiyyən təəccüblü deyil. Ən əsasısa, bu, regional sülhə və sabitliyə olan ümidləri də möhkəmləndirir.

Məsələ ondadır ki, Azərbaycanın beş şərtinə münasibətdə nə Ermənistanın, nə də Avropa Birliyi təmsilçilərinin heç bir alternativ iddiasının olmadığı dəqiqləşib. Hətta dünyanın ən ermənipərəst dövləti kimi tanınan, Praqa görüşündə Ermənistanın maraqlarını təmsil etdiyi qətiyyən şübhə doğurmayan Fransanın prezidenti Emmanuel Makron da Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan beş sülh prinsipini qəbul etmək məcburiyyətində qalıb.

b1b46a03bd1541a69135bd6de37c4c10.jpg (131 KB) 

Fransız ekspert Ksavye Moro bu durumu tam dəqiqliyi ilə izah edib. O, bildirib ki, Fransanın Azərbaycana təzyiq mexanizmləri mövcud deyil: "Fransaya Azərbaycan təbii qazı lazımdır. Fransa Azərbaycana qarşı hər hansı sanksiya tətbiq edə bilməz".

Onu da qeyd etmək lazımdır ki, hazırda Praqa görüşündə əldə olunan nəticələr Ermənistan cəmiyyətində dərin məyusluq doğurub. Ermənistanda nəşr olunan "Hraparak" qəzetinin iddiasına görə, rəsmi İrəvan Praqa görüşündən öncə tamamilə fərqli nəticələrə ümid bəsləyib: "Praqa görüşünün nəticələri Ermənistan hakimiyyətinin yuxarı eşalonunda çaşqınlıq yaradıb. Baş nazir Nikol Paşinyan Praqaya yola düşməzdən öncə öz yaxın ətrafını ABŞ və Qərbin dəstəyi ilə Ermənistanın ümid bəslədiyi nəticələrə əmin etmişdi. Erməni baş nazir hətta dəhliz mövzusunun gündəmdən tamamilə çıxarılacağını bildirmişdi. Ancaq Azərbaycan yenə də dəhliz məsələsində israrlı mövqe tutub. Bu, o deməkdir ki, rəsmi Bakı sülh sazişinin imzalanması prosesini arxa plana keçirib, dəhlizi hərbi güc metodu ilə açmaq niyyətindən heç də uzaqlaşmayıb".

Göründüyü kimi, Ermənistanda Azərbaycanın ata biləcəyi addımlardan ciddi şəkildə narahatdırlar. Ən əsasısa, erməni siyasi dairələri rəsmi Bakının öz hərbi-siyasi qərarlarında tamamilə sərbəst olduğunu və hər hansı xarici müdaxilə ehtimalının real görünmədiyini artıq anlamağa başlayıblar. Və rəsmi Bakının Zəngəzur dəhlizi ideyasından geri çəkilmək niyyətində olmaması erməni siyasi dairələrini ciddi psixoloji təzyiq altında saxlayır.

Ermənistanda hesab edirlər ki, Azərbaycan son illərdə yalnız öz hərbi-siyasi üstünlüyünü möhkəmləndirməklə kifayətlənməyib. Buna paralel olaraq, rəsmi Bakı həm də Azərbaycanın enerji resurslarını ən təsirli strateji silaha çevirməyi bacarıb. İndi Azərbaycan bu strateji silahla - enerji resurslarının təsir gücü ilə yalnız Ermənistanı deyil, Avropa məkanını da təslim alır. Son illərdə yalnız beynəlxalq məkanda "timsah göz yaşları" tökmək qabiliyyətini nümayiş etdirməkdən uzağa gedə bilməyən Ermənistan isə bütün bu baş verənlərə müqavimət göstərmək imkanında deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR