İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəhmət duasının P.S.-i və ya sükan arxasında 4 tip sürücü...

1356 15.03.2024 09:45 Yazarlar A A

 

Dünən internet resurslarında (ləzzətli ifadədir) bir şəkil paylaşılmışdı, məzmunu beləydi: bir nəfər şəhərin mərkəzində nəqliyyatın intensiv olduğu küçələrin birində öz maşınını saxlayıb harasa gedib, millət qalıb mat-məəttəl.

Ola bilər, adam çox uzağa getməyib, bir mağazaya, aptekə “dəyib-çıxacaq”. Ya da, kim bilir, insanlıq halıdır, sürücü təntimiş ola bilər, bəlkə maşını saxlayıb özünü yol qırağındakı kafelərdən birinin tualetinə çatdırmasa, şalvarını isladacaqmış. Hələ bu halın bir üst leveli də var, o halda üst-baş da məhv olub gedə bilər, avtomobiln çexolu və daxili atmosferi də.

Yəni anlayışlı olmaq lazımdır. Yox, əgər maşını küçənin ortasında saxlayıb, yolu kəsən qardaş bunu kefiköklükdən, başqalarını adam saymamaqdan, gönüqalınlıqdan edibsə, onda heç nə.

Bədbətlikdənmi, tərslikdənmi, ölkəmizdə belələri də var. Bir dəfə jurnalist Arif Əliyev danışırdı ki, bir sürücü şəhərin mərkəzi küçələrindən birində, yolun düz ortasında maşını saxlayıb, yolu kəsib, aptekə giribmiş, arxasında sırayla düzülən maşınların sürücüləri siqnallamağa başlayıblar, adam gəlib, onlara acıqlanıb: “Görmürsünüz, “avariyni” işıqlarımı yandırıb getmişəm?”

Doğrudan da, adam qəza işıqlarını yandırıb yolu kəsibsə, başqaları qələt edir. Diqqətli olmaq lazımdır.

Ümumiyyətlə, uzun illərin təcrübəsi göstərir ki, sükan arxasında hər cür, hər ağılda, dərrakədə, qanacaq-qabiliyyətdə adam oturur. Bir analitik-sürücü onları 4 əsas qrupa ayırır, deyir ki, sürücülər 4 tipdir: adamlar, “eşşəklər”, “qoyunlar”, “ceyranlar”.

“Adamlar” qrupuna aid olan sürücülərin məziyyətləri belədir: avtomobili səliqəli sürürlər, hər zaman sürət həddinə, digər qaydalara riayət edirlər, lazım olmadıqca cərgə dəyişmirlər, başqa sürücülərə yol verirlər, 1 dəqiqəlik də olsa yolu kəsmirlər, maşının pəncərəsindən yola zibil torbacığı atmırlar, yolda qalanlara yardım edirlər, hələm-hələm qəza törətmirlər, törədəndə cığallıq, həyasızlıq etmirlər.

“Eşşəklər” qrupunun abonentləri ölkəmizdə çoxdur və bu qrupun daxilində “qoduqlar” yarımqrupu da var. Onların da məziyyətləri belədir: avtomobili necə gəldi, sürürlər, onlar sürət həddi-filan yoxdur, yol boşdursa, 60-lıq yolda 120-140-la şütüyürlər, başqalarına, o cümlədən piyadalara heç vaxt yol vermirlər, özləri həmişə başqalarından yol istəyirlər, yol verilməsə də, soxulur, qəza törədirlər, günah onlarda olsa da, mütləq cığallıq, həyasızlıq edirlər, YPX tərəfindən saxlandıqda vəzifəli qohumlarına, tanışlarına zəng edirlər, tez-tez yol hərəkətinin başqa iştirakçıları ilə münaqişəyə girir, söyüşür, ya da düşüb dalaşırlar, qaydasız sürüş ustalarıdır, birtərəfli yollara qəsdən girir, qarşıdan gələn və onlara “belə olmaz axı” qriması edənlərə “yaxşı eləyirəm, düşüb səni cıraram” jesti ilə cavab verirlər, qanun-zad tanımırlar. Amma olur ki, fizika qanunları ilə üzləşirlər: toqquşma, sürtüşmə, maşınla birlikdə dombalaq aşma və sair. Bəzən bu kimi durumlarda ölürlər və çox adam onlar üçün “Allah rəhmət eləsin” duasına belə bir P.S. artırır: “Amma əvvəl-axır belə olacaqdı də. Zalımoğlu əcəllə oynayırdı”.

“Qoyunlar”ın məziyyətləri də aşağıdakı kimidir: uzun zamandan bəri maşın sürsələr də, hələ də naşıdırlar, yol hərəkəti qaydalarını bilmir, nişanların xeylisini tanımırlar, magistral yolda orta xətlə, minimal sürətlə (90-lıq yolda, tutaq ki, 45-lə) sürür, qəza şəraiti yaradır, başqalarına baha başa gələn qəzalara səbəb olurlar, işıq siqnalı ilə sağa dönəcəklərini göstərib, sola dönürlər (və ya əksinə), girişi yasaqlanmış küçələrə bilməzlikdən girirlər, tıxaclara səbəb olurlar, dairələrdə tərəddüd edir, arxadakıları hirsləndirirlər, daima onlara “prava verənləri” söydürürlər, “eşşəklər”lə rastlaşanda həmişə “neprav” çıxırlar.

İndi gələk “ceyranlar”a. Onları da bu cür tanıyın: asta sürət ustalarıdır, yolun ortasıyla, sağıyla öz bildikləri kimi irəliləyirlər, heç vaxt tələsmirlər, həmişə telefonla danışırlar (ya əlləri ilə tutaraq, ya da qulaqlıqla), işıqforda dayananda mütləq ya telefonda mesaj yazırlar, ya da avtomobilin güzgüsündə makiyajlarını qaydaya salırlar, bu zaman ləngiyirlər, arxadan siqnal verən hövsələsiz sürücülərin qarasınca deyinirlər: “Nə var, aaa, gedirüy dəə”. Qadın olduqları üçün yol üstünlüyünə malik olduqlarını düşünür, istədikləri yerdə dönmək fikrinə düşürlər, qəza törətdikdə hadisə yerinə güclü adamlar çağırır, qəza tərəf-müqabilini döydürürlər. Onların söydürdükləri adamların sırası daha böyükdür: “prava verən”lərdən o maşını alanlara və saxlayanlara qədər. Üzlərinə və arxalarınca deyilən ən populyar ifadə budur: “Get bozbaşını bişir dəə. Sənin yolda nə işin var?” Amma belə deyənlər bilmirlər ki, “ceyranlar” aş-maş, küftə-bozbaş bişirmirlər, onlar dieta saxlayır, çatdırılma xidməti ilə pitsa, suşi, salat-malat yeyirlər.

Bunlardan başqa, “avtoşlar” qrupu da var, amma, xoşbəxtlikdən, onlar çox deyillər: ya qırılıb gedirlər, ya da həvəslərini alandan sonra tərgidirlər.

Çalışaq, həmişə 1-ci qrupda olaq. Salamatı budur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR