İnsanlara hürriyət, millətlərə istiqlal!

“Regiondan kənar” Qərb Ermənistanı götürür, İran isə susur – Qırmızı xətt harada qırılır?

2565 19.10.2022 15:10 Analitika A A

Suda boğulanın xilas üçün saman çöpünə əl atdığı kimi, Ermənistan da özünü saldığı bataqlıqdan qurtarmaq üçün hey çabalayır, gümanı gələn bütün ünvanlara müraciət edir.

Bu dövlət iki ildir ki, ABŞ-a, Rusiyaya, Avropanın qüdrətli dövlətlərinə, beynəlxalq siyasi, hüquqi və humanitar təşkilatlara ardı-arası kəsilməyən çağırışlar edir, yardım gözləyir.

Bir ay öncə Kəlbəcər rayonu istiqamətindəki delimitasiya və demarkasiya olunmamış adsız yüksəkliklərdə baş verən hərbi toqquşmadan sonra Ermənistanın xaricə müraciətləri daha da artıb. Çünki toqquşmanın ilk günlərində rəsmi İrəvanın böyük ümidlə yanaşdığı, öz tərəfindən Ermənistan-Azərbaycan müharibəsinə cəlb edəcəyini gözlədiyi KTMT-yə (“rus NATO-su”) ümidləri puç oldu.

Rusiyadan istədiyini ala bilməyən Ermənistan hazırda vaxtilə 4 qətnaməsinə məhəl qoymadığı BMT-yə, Avropa İttifaqına yalvarır. Ermənistan hakimiyyətinin son ümid qapısı isə Azərbaycanla Ermənistan arasında uzun illər psevdovasitəçilik edən ATƏT-dir. Məlum olduğu kimi, bu təşkilatın Minsk qrupunun həmsədrləri regiona turist səfərlərindən seçilməyən gəliş-gedişlərilə, “Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığı” və Azərbaycanın öz ərazisini güzəştə getməli olduğu barədə fikirləri ilə məşhur idi.

İndi Ermənistan Avropa İttifaqının ardından ATƏT-i də regiona dəvət edib. Bu təşkilatın nümayəndə heyətinin missiyası gəlib Kəlbəcər-Cermuk tərəflərdəki dərə-təpələrdə monitorinq aparmaq olmalıdır. ATƏT nümayəndələri köhnə “zemlemer”lər kimi, əllərində ikimetrlik haça pərgarla gəlib Azərbaycan ordusunun mövqe tutduğu dərə-təpələri ölçməli, əslində əsgərimizin harada olmalı olduğu barədə rəy hazırlamalıdır. Ermənilərin niyyəti budur ki, həmişə olduğu kimi, ilanı Seyidəhməd əliylə tutsunlar.

Bəs bu işə İran nə deyəcək? Axı bu dövlət regiona hər hansı bir xarici dövlətin (Rusiyadan başqa) müdaxiləsini istəmir. İran rəsmiləri və bu mövzuda özlərini danışmağa yetkili sayan din xadimləri, əyalət mollaları buna ad da qoyublar: “Regiondan kənar qüvvələr”.

İran neçə vaxtdır həmin “regiondan kənar qüvvələr”i Zəngilanda, Cəbrayılda axtarır, amma özünü ABŞ-ın regiondakı ən çoxştatlı səfirliyinin məhz Ermənistanda oldğundan xəbərsizmiş kimi aparır. İrəvanda ABŞ-ın təkcə səfirliyinin və Vaşinqtona bağlı QHT-lərinin nümayəndələri çox deyil, az qala hər gün ABŞ-dan Ermənistana amerikalı hərbçilərdən, diplomatlardan, kəşfiyyatçılardan ibarət yeni-yeni nümayəndə heyətləri gəlir.

Başqa sözlə, artıq birmənalıdır ki, Ermənistanın yaxın gələcəkdə qeyri-rəsmi şəkildə ABŞ-ın 51-ci ştatına çevrilməsinə, Puerto-Rikonunkuna bənzər bir statusa yüksəlməsinə (daha dəqiqi, endirilməsinə) hazırlıq gedir.

Maraqlı olan odur ki, hər yerdə “regiondan kənar qüvvələr” axtaran İran müttəfiqi Ermənistanın açıq şəkildə Qərbi İranın 50-60 kilometrliyinə gətirməsinə heç bir reaksiya vermir. Halbuki bu, ilk növbədə İranı həyəcanlandırmalı olan məqamdır. Amerikalı kəşfiyyatçıların Ermənistanda çoxalması nə Rusiyaya qarşıdır, nə də Azərbaycan və Türkiyəyə. Hazırda amerikalıları regionda maraqlandıran bir nömrəli dövlət İrandır.

ABŞ bu məqsədlə Ermənistandan plasdarm kimi yararlanır.

Onu da deyək ki, vaxtilə amerikalılar bu missiya ilə ölkəmizə də çoxsaylı səfərlər edirdilər, Azərbaycandan İrana qarşı dayaq nöqtəsi kimi yararlanmağa çalışırdılar, amma Azərbaycan hakimiyyəti sona qədər öz prinsipial mövqeyindən çəkilmədi. Rəsmi Bakının əsas mövqeyi belə oldu ki, ABŞ əvvəl-axır çəklib gedə bilər, amma İran və Azərbaycan əbədi olaraq qonşu kimi qalacaqlar, ona görə də qonşunun bizim əlimizlə vurulması yolverilməzdir.

Bəs nə əcəb İran rəsmiləri bütün bunları bilə-bilə susqunluq nümayiş etdirirlər, nə İranın 50 kilometrliyinə qədər gələn avropalılara, nə da onların bu məkana gəlmələrinə şərait yaradan ermənilərə bir söz demirlər? Yəni bu prosesin sonrası İranı heçmi narahat etmir?

Ağıl kəsən iş deyil. Görünür, ya İran rəsmilərinin ABŞ və Avropanın iradəsinə qarşı çıxmağa cəsarətləri çatmır, ya da elə bir dərdləri yoxdur, hesab edirlər ki, regiona kim gəlir, gəlsin, təki Ermənistanı gücləndirsin, Azərbaycanı zəiflətsin.

Böyük ehtimalla bu amillərin ikisi də bu məsələdə rol oynayır. Yoxsa rəsmi Tehran və onun səlahiyyətli sözçüləri az qala hər gün “Zəngəzur dəhlizi”nin İranın qırmızı xətti olduğundan danışdıqları kimi, bir dəfə də Ermənistanın Qərbin maşasına çevrilməsinin onlar üçün təhlükə vəd etməsindən danışardılar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR