İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasim müəllimin bumeranqı

1870 27.12.2022 09:53 Yazarlar A A

“Nağıl danışana sual verməzlər”

(Avstraliya ata sözü)

Bakı Poladəritmə Zavodunun keçmiş müdiri Rasim müəllimin əridilməsi üzrə məhkəmə bitməkdədir. 26 dekabrda müttəhim son sözünü söyləmişdir, dünyadakı bütün xalqların haçansa azad olacağına inamını ifadə etmiş, əzilən insanların haqları uğrunda mübarizəyə səsləmişdir.

Əşşi, qorxmayın, zarafat eləyirəm. Rasim müəllim son sözündə növbəti dəfə günahsız olduğunu bəyan etmiş, nə üstündə tutulduğunu bilmədiyini söyləmiş və bəraət istəmişdir. Bildiyiniz kimi (guya bu iş xalqımıza dəhşət maraqlıdır - boynunuza qoyuram), prokuror qabaqkı iclasda Rasim müəllimə 15 il həbs cəzası istəmişdir.

Rasim müəllimin son sözünün mətnini vaxt gələcək tarix kitablarına yazacaqlar. Bu da qara yumor idi, fikir verməyin, bu gün müəllifin şitliyi tutubdur. Kimə lazımdır onun son ya əvvəl sözü? Bizdə heç kimin sözünü, türkün sözü, qoz yerinə qoyan yoxdur. Hazırda Sokratı dirilt gətir, Biləcəridə repetitor da işləyə bilməz. Lakin son sözünü söylərkən Rasim müəllim mənim diqqətimi çəkən bir cümlə işlətdi: “Həyat bumeranqdır. Kim nə edirsə başına gəlir. Mənim haqqımda prezidentə yalan məlumat verən bilməlidir ki, bu gündən onun üçün də var”. Sitatın sonu. Əslində 1 yox, 3 cümlə oldu, gərək biz dəqiq yazaq hər şeyi.

Bumeranq avstraliyalı aborigenlərin (əgər oranı Zəngəzur hesab etsək, göyçəlilər deməliyik) işlətdiyi ov alətidir. Fırıldadırsan, quşu-zadı vurursan, sonra qayıdır adamın özünə tərəf gəlir. 20-30 il qabaq bunun bir oyuncaq formalısını tapmışdım, doğrudan da müəyyən çevrə vurub adamın yanına qayıdır. Qəribə silahdır. Bəlkə də bumeranqı kəşf eləyəndən sonra avstraliyalılar bir-birini öldürməkdən vaz keçiblər, yetərincə dinc tayfa olublar. Məsələn, indi Ukraynaya yağdırdığı raketlər, bombalar bumeranq kimi olsaydı, Putin o işğala qol qoymazdı.

Bu mənada bumeranq çox ibrətamiz silahdır, Rasim müəllimin iclasda onu uca millətimizin yadına salması alqışa layiqdir. Lakin onun torbasını tikən kimdirsə, həmin yoldaş(lar)ı bumeranqla qorxutması yersizdir. Nəyə görə? Bir az uzaqdan gəlməliyəm.

Doğrudur, Rasim müəllimin öz həyatına baxanda bumeranq misalı yüzdəyüz yerinə düşür. Bizim yadımızdadır, haradasa 10 il qabaqlaracan Bakıda və Abşeron yarımadasında, o cümlədən respublikanın başqa istiqamətlərində dəmir-dümür yığmaq, polad əritmək tipli işlərə girişən bütün zavallı və bədbəxt adamları Rasim müəllimin əli ilə tutub marten sobasında, domna peçində yandırırdılar. Onun reyder hücumları çox məşhur idi. Təbii ki, kukla əl Rasim müəllimin olsa da, onu işlədən marionet teatrının rejissoru başqa adamlar idi, biz bunu anlayırıq. Yoxsa o kimdir hansısa sexlərə hücum düzəltsin? İndi isə həmin gözəgörünməz qüvvə Rasim müəllimin oyuncaq əlini qırıb, özünü də oyuncaqların həbsxanasına basmışdır.

Bu yerdə haşiyə çıxaraq “Pixar” studiyasının çəkdiyi “Oyuncaq hekayəsi” animasiya serialının möhtəşəm film olmasını zəruri qeyd etməliyəm. Bizim kinematoqrafçılar hazırda ittifaq sədrliyi üstündə boğuşurlar, lakin ömürləri boyu o serialdakı bir oyuncaq keyfiyyətində personaj yaratmamışlar. İnşallah, bu haqda növbəti nömrələrin birində geniş yazarıq.

Qayıdaq bumeranqın yanına, daha doğrusu, bumeranq qayıdıb haramıza dəyəcək, ona baxaq.

Rasim müəllimin torbasını kimsə tikib, o da müvafiq olaraq Əvəz Zeynallının torbasını tikdirib. Deməli, məntiqlə Rasim müəllim ona atılan bumeranqla Əvəz müəllimi vurmuşdur.

Eyni zamanda dövlətçiliyimizi belə oyuncaq silahlarla hədələmək yersizdir. Necə yəni bumeranq? Boş söhbətdir. O qədər üzə duran, korrupsioner, yaltaq, yalançı, oğru görmüşük, bəy kefində yaşamışlar, axırda da cəzasız ölmüşlər. İnsanları “bunu eləmə, başına gələr”, “quyu qazan özü düşər”, nə bilim, “tale yazısı, alın peçatı” tipli fatalist, dini mövzularda aldatmaq həmişə hökumətlərin, onların əlaltısı olan mollaların işinə yaramışdır.

Eh, adamın pulu ola, çıxıb gedə Avstraliyaya. Bu saat orada yaydır, heç qaz pulu vermirsən. Özü də orada adamlar təpəsi üstdə dayanırlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR