İnsanlara hürriyət, millətlərə istiqlal!

Rais Rəsulzadədən Prezidentin sərəncamına İLK REAKSİYA:"Şad xəbər olasınız”

3941 30.12.2023 17:19 Gündəm A A

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalaması xəbəri Cümhuriyyət qurucusunun ailəsində yüksək səviyyədə qarşılanıb.

Telefon zəngimizə cavab verən M.Ə.Rəsulzadənin nəvəsi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rais Rəsulzadə xəbəri Musavat.com-un əməkdaşından aldığını bildirib.

“Çox gözəl. Nə yaxşı. Şad xəbər olasınız”, - deyə, R.Rəsulzadə ilkin reaksiyasında qeyd edib.

O bildirib ki, Prezidentin yubileylə bağlı Sərəncam imzalamasını yüksək qiymətləndirir. R.Rəsulzadə dövlət başçısının böyük etimadı ilə əlaqədar daha geniş açıqlamasının olacağını da vurğulayıb.

Qeyd edək ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Sərəncamda bildirilir ki, Məhəmməd Əmin Rəsulzadənin 2024-cü ilin yanvar ayında anadan olmasının 140 illiyi tamam olur:

"Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır".

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR