İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “İran bu günə qədər Azərbaycandan üzr istəməyib”

370 15.02.2023 12:24 Siyasət A A

 

“İranla Rusiyanın münasibətləri nə qədər yaxın olsa  belə, Rusiya İranın Azərbaycana hər hansı bir müdaxiləsinə göz yumayacaq. Rusiya da hesab edir ki, Azərbaycan regionda onun nüfuz zonasına daxil olan bir ölkədir. Bunu da bir kənara qoyaq. Biz 2022-ci ilin 22 fevralında Rusiya ilə hərbi müttəfiqlik haqqında, müttəfiqlik münasibətlərinə dair saziş imzalamışıq. O müqavilənin üstündən hələ bir il keçməyib. Odur ki, Rusiya da İranın Azərbaycana hər hansı müdaxiləsinə göz yummaz”.  

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bu fikirləri İranın Azərbaycana qarşı təxribatlara hazırlaşdığı barədə mediada yayılmış fikirlərə münasibət bildirərkən söylədi.

Musavat.com-a açıqlamasında Qüdrət Həsənquliyev xatırlatdı ki, İran Azərbaycanın sərhədlərində hərbi təlimlər keçiriləndə İran XİN-in rəhbəri Hüseyn Əmir-Abdullahian Moskvaya səfər etdi: “Rusiyada onun ağzının üstündən vurdular ki, həddinizi, yerinizi bilin, siz bir yerə qədər xoruzlana bilərsiniz! Rusiyanın başı Ukrayna ilə müharibəyə nə qədər qarışmış olsa da, İranla nə qədər yaxın münasibətlərdə olsa da, Azərbaycanla müttəfiqlik münasibətləri var, bunu kimsə unutmamalıdır. Hazırda Türkiyə və Azərbaycan Rusiya üçün həyati əhəmiyyət daşıyan bir ölkədir. Eyni zamanda Zəngəzur dəhlizi amili var. Odur ki, mən düşünmürəm ki, Rusiya İranın Azərbaycana qarşı hər hansı təxribatçı hərəkətini alqışlayacaq. Həm də İran faktiki surətdə Fransa ilə işbirliyindədir, Zəngəzur dəhlizinin açılması məsələsinə münasibətdə. Ona görə də burada İranın hesablamaları kökündən yanlışdır”.

Amma BAXCP sədri hesab edir ki, İran mövcud reallıqlara rəğmən, bu avantüraya gedə bilər: “Necə ki, bizim səfirliyimizə qarşı xain basqını təşkil etdilər. Düşündülər ki, bununla insanlarımızda xof, qorxu yarada biləcəklər. Həm də İran bu günə qədər Azərbaycandan üzr istəməyib. Böyük dövlətlərin səfirlərinə belə bir hücum olsaydı, həmin dövlətlər çox ciddi cavab verərdi”.

Q.Həsənquliyev qeyd etdi ki, rəsmi Bakı baş verənlərə daha təmkinli və soyuqqanlı münasibətlər sərgilədi: “Azərbaycan yenə də nəzərə alır ki, orda 40 milyon azərbaycanlı var, İran bizim tarixi qonşumuzdur. Azərbaycan qarşıdurmanın böyüməsində və dərinləşməsində maraqlı deyil. Amma böyük bir dövlətin səfirliyinə qarşı o cür terror hücumu təşkil edilsəydi, həmin dövlət bəlkə də İranı darmadağın edərdi, hərbi gücə əl atardı. İran Azərbaycana qarşı bu hərəkətləri edir, sonra da sanki deyir ki, indi siz nə edə bilərsiniz? Sanki bir dövlət kimi bizim zəifliyimizi göstərmək istəyirdilər, həm cənublu qardaşlarımıza, həm də Azərbaycan vətəndaşlarına ki, “bax, gördünüz, Azərbaycan heç nə edə bilmədi”.
Onların hesablamaları bu istiqamətdəydi. Amma nə burdakı azərbaycanlılarda öz dövlətinə inam sarsılmadı, vətəndaşlarımız öz dövləti və hakimiyyəti ətrafında daha da sıx birləşdi, səfərbər olundu, üstəlik dünya birliyi bunları lənətlədi, İranı terrorçu dövlət kimi tanıyırdılar, bu imic bir az da möhkəmləndi. Eyni zamanda Cənubi Cənubi azərbacanlılarda Azərbaycana nifrət alovlandırmaq istəyirdilər, bu da baş vermədi, soydaşlarımızda dövlətimizə inam azalmadı. Düşünürəm ki, İranın hesablamaları səhvdir. Rəsmi Tehran yenə də növbəti səhvə yol verə, yəni indiki vəziyyətdən istifadə edib, Azərbaycana hansısa formada təzyiqlər göstərmək istəyə bilər...”

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR