İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoşulmayanların BMT-də daimi üzvlüyü kimləri narahat edir - rəylər

624 09.02.2023 13:17 Siyasət A A

Prezidentin ədalətli təşəbbüsünün açması; politoloq: “Bu ölkələrin hər birinin BMT Təhlükəsizlik Şurasının üzvü olmağa tam haqqı çatır”

Qoşulmama Hərəkatı kifayət qədər nüfuzlu və dünyada gedən proseslərə təsiri olan bir quruma çevilib. Hərəkatın çərçivəsinin, imkanlarının, təsirlərinin daha da genişləndirilməsi zərurətə çevrilib.

Nəzərə çatdıraq ki, Azərbaycan hərəkatın önəmli üzvü kimi, həm quruma sədrlik etdiyi dönəmdə, həm də ondan əvvəlki dönəmlərdə kifayət qədər ciddi təşəbbüslərlə, təkliflərlə çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 7-də Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edərkən söyləyib ki, Qoşulmama Hərəkatı çərçivəsində BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılması vacibdir: “Azərbaycan hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə çıxış edib”.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu il başa çatdığını xatırladaraq, ölkəmizin bu məsələni institusional mexanizm kimi formalaşdırmaq niyyətində olduğunu, hərəkata sədrlik edəcək dövlətlərin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasının daha ədalətli yanaşma olacağını qeyd edib.

QH-na sədrlik edən dövlətin BMT TŞ-də daimi üzv olmasını şərtləndirən, zəruri edən kifayət qədər əsaslar, amillər var. Bu, həm obyektiv qərarların verilməsi, həm çoxqütblü dünya anlayışının inkişafı baxımından vacib hesab edilir.

Bəs bu təşəbbüsə, təklifə kimlər mane olur və kimlərin marağında deyil?

Razi Nurullayev partiyasının adını dəyişdi

Razi Nurullayev

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev dünyanın çox dəyişdiyini söylədi: “Bu təklifi dəstəkləyirəm, əsaslı hesab edirəm, bu çox ədalətli yanaşmadır. Qoşulmama Hərəkatına sədrlik edən dövlətin BMT Təhlükəsizlik Şurasında daimi üzv olması vacibdir. Azərbaycan hazırda bu hərəkatın sədri kimi bu il inanıram ki, bu məsələni həll edə bilər, inşallah. Ümumiyyətlə, BMT-nin özünün, eləcə də Təhlükəsizlik Şurasının reforması vacibdir. Bunu artıq bir çox dünya dövlətləri səsləndirir. Azərbaycan Prezidenti də BMT-nin reforma olunmasının vacibliyi barədə fikirlər səsləndirib. Türkiyə Cümhurbaşqanı cənab Ərdoğan da "dünya beşdən böyükdür" deyərək Təhlükəsizlik Şurasının beş daimi üzvünü nəzərdə tutub. Hesab edirəm ki, ötən əsrin 40-cı illərindən bəri dünya xeyli dəyişib. BMT isə dəyişməz olaraq qalır. Bu gün BMT dişsiz bir qurumdur. Ona görə də bu qurumun reformaya uğraması, qurumda islahatların aparılması vacibdir. Qoşulmama Hərəkatında Azərbaycan söz sahibidir. Əminəm ki, bu il Azərbaycanın səyləri ilə prezidentin dediyi bu təklif həyata keçirilə biləcək. Burada əsas olan odur ki, üzv dövlətlər bu məsələni dəstəkləsinlər, məsələ gündəmdə müzakirə olunsun, BMT-nin nəzərinə çatdırılsın. Bu məsələ həll olunarsa, Qoşulmama Hərəkatının dünyada nüfuzunun artmasına səbəb olacaq. Onsuz da bu hərəkat dünyada ən çox üzvü olan ikinci təşkilatdır. BMT-dən sonra ən nüfuzlu beynəlxalq qurumdur. Azərbaycanın rəhbərlik etdiyi dönəmdə Qoşulmama Hərəkatı özünün ikinci nəfəsini qazanıb, ikinci həyatını yaşayır. Azərbaycanın təşəbbüsü ilə yeni-yeni qurumlar yaradılıb, müxtəlif təşəbbüslərlə çıxış olunub. COVİD-lə bağlı çox ciddi fəaliyyətlər oldu. Ümid edək ki, Qoşulmama Hərəkatına Azərbaycandan sonra sədrlik edən ölkə də Azərbaycan qədər bu məsələlərə can yandırmış olacaq, təşəbbüslərlə çıxış edəcək və qarşıya qoyulan məqsədlərə çatmaq üçün üzv dövlətlərlə sıx şəkildə işləyəcək".

Asim Mollazadə: “Dövlətimiz azad olunmuş ərazilərimizi cənnətə çevirməyə  qadirdir”


Asim Mollazadə

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə BMT-nin xilas yolunu islahatlarda görür: “Prezidentin Qoşulmama Hərəkatının BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması barədə fikirləri çox ədalətli bir yanaşmadır, ədalətli bir təklifdir. BMT-nin çox ciddi islahatlara ehtiyacı var. Təhlükəsizlik Şurasının veto qoymaq hüquqlarına malik olan daimi üzv dövlətləri dəfələrlə sülhü pozublar, BMT-nin təməl prinsiplərinə zidd hərəkət ediblər. Hazırda Ukraynada gedən müharibə bunun bariz nümunəsidir. BMT-də çox ciddi islahatlar aparılmalıdır. Bu təklif əslində bəlkə də BMT-nin dəfələrlə korrupsiyada ifşa olunmuş fəaliyyətini bərpa etmək üçün təşəbbüslərdən biri olardı. Yoxsa belə çıxır ki, böyük imperiyalar dünyanı idarə etmək istəyirlər və bu imperiyaların da savaşının qurbanı dünyanın bir sıra bölgələrində aciz vəziyyətdə olan ölkələrdir”.

Elxan Şahinoğlu: “Mütləq mənada Türkiyə ilə birgə hərəkət etməliyik”

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, BMT Təhlükəsizlik Şurasında islahatlar mövzusu yeni deyil: “Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan illərdir ki, çıxışında hər zaman "Dünya beşdən böyükdür" deyir. Bu fikirlərlə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünü nəzərdə tutur. Dünya məsələlərini bu ölkələr həll edir. Biri hər hansı bir məsələnin əleyhinə çıxanda həll olunmur. Yəni veto hüququndan istifadə edir. Bu isə doğru deyil. BMT Təhlükəsizlik Şurası II Dünya müharibəsinin nəticələrinə uyğun olaraq formalaşıb. Amma dünya son 50-60 ildə çox dəyişib. Yeniliklərə ehtiyac var. Türkiyə, Braziliya, Hindistan, Yaponiya, Almaniyanın özü böyük dövlətlərdir. Bu ölkələrin hər biri son 50-60 ildə xeyli inkişaf edib və bu ölkələrin hər birinin BMT Təhlükəsizlik Şurasının üzvü olmağa tam haqqı çatır. Üstəgəl, 3-cü dünya ölkələri, yəni Azərbaycanın da sədrlik etdiyi Qoşulmayanlar Hərəkatının hansısa bir formada BMT Təhlükəsizlik Şurasında təmsil olunmasına ciddi ehtiyac var. Üçüncü dünya ölkələrindən söhbət gedir, amma burada həm də söhbət yüzlərlə ölkədən  gedir. Təhlükəsizlik Şurasının daimi üzvlüyündə ərəb, müsəlman ölkələrindən biri də yoxdur. Heç olmasa bu təşkilat çərçivəsində növbəlilik əsasında Qoşulmayanlar Hərəkatı üzvlüyə iddia edə bilər. Amma inanmıram ki, bu məsələ müsbət şəkildə həll olunsun. Çünki beş daimi üzv-baxmayaraq ki, bunlardan bir-biri ilə münasibətləri olmayan dövlətlər var, məsələn, Amerika-Çin, Amerika-buna imkan verməz. Çünki onlar Təhlükəsizlik Şurasında islahatların aparılmamasında, yeni üzvlərin qəbul edilməməsində qəti fikrə sahibdirlər. İmkan vermirlər ki, başqa dövlətlər də bu təşkilatda rol oynasın. Bu vəziyyətin özü BMT-nin nüfuzuna ciddi zərərdir. Bununla BMT-nin gücü də azalır".   

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR