İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal iqtisadi tənəzzül təhlükəsi artır - bu ölkələr ciddi problemlərlə üzləşə bilər

1314 09.07.2022 11:11 İqtisadiyyat A A

İqtisadçı: “Dünya heç də asan olmayan iqtisadi fazaya daxil olur...”

Dünya iqtisadiyyatında resessiya təhlükəsi getdikcə böyüyür. Artıq ayrı-ayrı analitik mərkəzlər deyil, beynəlxalq təşkilatlar da qlobal iqtisadiyyatın 2022-ci ilin sonlarına doğru ciddi durğunluq və geriləmə mərhələsinə qədəm qoyacağına eyham edirlər.

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva “Reuters” agentliyinə müsahibəsində qlobal iqtisadiyyatda resessiyanın istisna olunmadığını bildirib: “Qlobal iqtisadiyyatda vəziyyət son dərəcə qeyri-sabitdir və resessiyanı istisna etmək olmaz. 2022-ci il çətin ildir, lakin 2023-cü il daha çətin olacaq. 2023-cü il üçün tənəzzül riskləri artıb. İqtisadi yavaşlama qaçılmaz ola bilər”.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatda vəziyyət BVF-nin müvafiq hesabatının dərc edildiyi aprel ayı ilə müqayisədə xeyli pisləşib: “Apreldəki son yenilənmədən sonra proqnozlar əhəmiyyətli dərəcədə pisləşib”.

K.Georgiyeva qeyd edib ki, BVF bu il üçün qlobal iqtisadi artım proqnozunu aşağı salacaq: “Apreldə bu 3,6 faiz səviyyəsində idi, yanvarda - 4,4 faiz. Bu ay 2022 proqnozunda üçüncü dəyişiklik olacaq”.

İqtisadi artımın potensial qlobal azalmasının səbəbləri arasında BVF rəhbəri inflyasiyanın ümumi geniş yayılmasını, faiz dərəcələrinin ciddi artımını, Çin və Rusiyanın iqtisadi artımının ləngiməsini, Ukraynadakı müharibə ilə bağlı eskalasiya və sanksiyaları göstərib.

BMT-nin İnkişaf Proqramının son hesabatında isə qeyd olunur ki, bahalaşma nəticəsində son 3 ayda dünyada 71 milyon insanın gəliri kəskin şəkildə azalaraq yoxsulluq həddindən aşağı düşüb. Sənədə görə, bu vəziyyətlə başlıca olaraq kasıb ölkələrin vətəndaşları üzləşiblər. Problemin səbəbi ərzaq və enerji qiymətlərinin sıçrayışla artmasıdır. Artımın səbəbi isə COVİD-19 pandemiyası və Ukrayna münaqişəsidir. Sonuncunun təsiri daha ciddi hiss edilir. Ukrayna münaqişəsi dünyanın 2 böyük dənli bitki və xammal ixracatçısının de-fakto bazardan çıxması ilə nəticələnib. Proqramın direktoru Aşim Steyner bildirir ki, “İnflyasiyaya paralel olaraq qiymətlərin və faiz dərəcələrinin artması yeni yoxsulluq dalğasının yaranmasına gətirib çıxarır. Böhranın dərinləşməsi dünyada yoxsulluğu artırır”.

159 ölkəni əhatə edən hesabatın müəllifləri hökumətlərə kasıb əhali üçün enerji və ərzaq üçün ünvanlı və ədalətli yardım verilməsini tövsiyə edirlər. Sənədə görə, enerji qiymətlərinin artımından ən çox Balkan regionu və Mərkəzi Afrika əziyyət çəkir. Postsovet məkanında isə ən ağır vəziyyət Ermənistandadır.

Tənəzzül təhlükəsini artıran əsas amil kimi ABŞ və Çin iqtisadiyyatındakı problemlər göstərilir. Belə ki, bir saylı iqtisadiyyatda - ABŞ-da gedən proseslər iqtisadi durğunluq ehtimalını artırır. Son aylarda yüksək inflyasiyanın qarşısını almaq üçün ABŞ Federal Ehtiyat Sistemi (FRS) sərt monetar siyasəti gücləndirib, uçot dərəcəsi indiyədək olmayan qədər sürətlə artırılır, dövriyyədən getdikcə daha çox pul çıxarılır. Qurum artıq ölkədə yüksək inflyasiya ilə mübarizə aparmaq üçün iyulun sonunda baza faiz dərəcəsini 50 və ya 75 baza bəndi artırmağa hazırdır. Federal Ehtiyat Sisteminin açıq bazar üzrə rəhbər komitəsinin iyunun 14-15-də keçirilən iclasının hesabatına əsasən getdikcə sürətlənən inflyasiyanın qarşısını almaq həyati əhəmiyyət kəsb edir: “Qarşıdakı iclaslarda mümkün tədbirlərin qəbulunu müzakirə edərkən, iştirakçılar komitənin məqsədlərinə (inflyasiya hədəfi 2 faiz - red.) nail olmaq üçün uçot dərəcəsinin davamlı artırılmasının məqsədəuyğun olacağını gözləməkdə davam edirlər. Xüsusilə iştirakçılar növbəti iclasda 50 və ya 75 baza bəndi dərəcəsinin artırılmasının məqsədəuyğun olacağını bildiriblər”. Bu isə o deməkdir ki, iqtisadi artımın minimuma enməsi müqabilində də olsa, tənzimləyici ABŞ-da inflyasiyanı önləməkdə qərarlıdır: “İclasın iştirakçıları sərtləşdirmə tədbirlərinin bir müddət iqtisadi artımı ləngidə biləcəyini etiraf ediblər, lakin onlar hesab edirlər ki, inflyasiyanın 2 faizə qaytarılması davamlı əsasda maksimum məşğulluğa nail olmaq üçün çox vacibdir”.

ABŞ-dan daha bir təhlükə yaradan xəbər iyun ayında ölkədə xidmətlər sektorunda işgüzar fəallığın (ISM Non-Manufacturing) 55,9 bənddən 55,3 bəndə düşməsidir. Bu, “Trading Economics” analitiklərinin gözləntisi olan 54,3 bəndə qədər azalmadan xeyli kiçikdir. Lakin azalma faktının olması bazarlar üçün mənfi siqnal hesab olunur. Azalma əsasən yeni sifarişlər (57,6 bənddən 55,6 bəndə), məşğulluq (50,2 bənddən 47,4 bəndə) və ehtiyatlar (51 bənddən 47,5 bəndə) indikatorlarındakı düşüşün hesabına qeydə alınıb.

Məlumat üçün bildirək ki, ISM Non-Manufacturing indeksi xidmətlər sektorun 62 seqmentində ABŞ ÜDM-nin 90 faizə qədərini, məşğulluğun 80 faizini təmin edən şirkətlərin məlumatları əsasında hesablanır.

ABŞ-da həmçinin FED-in ölkədəki yüksək inflyasiyanın qarşısını iqtisadiyyatı resessiyaya salmadan almağa gücünün çatmayacağı ehtimalı güclənir. 

Dünyanın ikinci böyük iqtisadiyyatına malik Çində də proseslər ürəkaçan deyil. Belə ki, koronavirusun yayılma sürətinin artması səbəbilə yenidən ölkənin 15-dək iri ticarət bölgəsində sərt məhdudiyyətlər tətbiq olunub. Bu bölgələr ÇİN Ümumi Daxili Məhsulunda 13 faizə yaxın paya malikdir.

Resessiya təhlükəsi Avropada da yüksək səviyyədə qiymətləndirilir. “Markit Economics” tərəfindən açıqlanan məlumata görə, Avrozonanın 19 ölkəsində satış menecerlərinin konsolidasiya edilmiş indeksi (PMI) iyun ayında 54,8 bənddən 52 bəndə düşüb. Valyuta blokunun xidmət sektorunda aktivlik göstəricisi isə maydakı 56,1 bənddən iyunda 53 bəndə qədər azalıb.

Uzun və dərin qlobal iqtisadi böhrana hazır olmaq lazımdır - Ekspertdən  XƏBƏRDARLIQ

Qlobal iqtisadi mərkəzlərdəki bu proseslər dünya əmtəə bazarlarında qiymətlərin düşməsini şərtləndirir. İyun ayının sonuna “Bloomberg Commodity Spot” xammal indeksi 20 faizə qədər azalıb. İndeks enerjidaşıyıcıları, metallar və kənd təsərrüfatı məhsullarından ibarət 23 fyuçers müqaviləsindəki dəyişiklikləri əks etdirir. Agentlik qeyd edir ki, çatdırılma zəncirindəki qırılmalara baxmayaraq benzindən tutmuş buğdaya qədər, demək olar ki, bütün məhsulların qiyməti ucuzlaşır. Bunun əsas səbəbi isə qlobal iqtisadi staqnasiyanın tələbi azaldacağı gözləntiləridir. Bu proses satıcı ölkələr üçün gəlir itkisi yaşatsa da, ümumilikdə qlobal səviyyədə inflyasiyanın azalmasına gətirib çıxara bilər.

Bir sıra analitiklər bazarların qlobal resessiya ehtimalına lazım olandan daha sərt reaksiya verdiyini bildirərək, bu vəziyyətin yaxın aylarda Çində iqtisadi artımın bərpası fonunda dəyişəcəyini proqnozlaşdırırlar.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, qlobal iqtisadi böhran riski daha da artmaqdadır: “Bir tərəfdən, bir sıra inkişaf etmiş ölkələrdə COVİD-19 virusuna yoluxma sayında yenidən artımlar var, digər tərəfdən Rusiya-Ukrayna müharibəsi Avrozona daxil olmaqla əksər aparıcı dövlətlərin iqtisadiyyatına təsirsiz ötüşmür. Bu arada neft bazarı da qlobal risklərə reaksiyasız qalmır. ”Qara qızıl" iyul ayı başladıqdan sonra 6 faizə yaxın dəyər itirib. Rusiya-Ukrayna müharibəsi kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır".

Vüqar Bayramov: “Azərbaycan və Aİ arasında əməkdaşlıq strateji xarakter  daşıyır”

 Vüqar Bayramov

Millət vəkili diqqəti dünyanın ikinci dönər valyutası olan avronun məzənnəsindəki dəyişikliyə yönəldir: “Avro da kəskin ucuzlaşmaqdadır. Ukraynada savaş başladıqdan sonra avro 10 faiz ucuzlaşıb. Son 1 ildə isə Avropa pulu 19 faizdən çox dəyər itirib. Göründüyü kimi, valyuta bazarlarında da qeyri-stabillik davam edir. Qlobal iqtisadi tənəzzül və tərəddüdlər, o cümlədən bazarlardakı volatilik növbəti aylarda da davam edəcək. Rusiya-Ukrayna müharibəsinin uzanacağı halda qlobal böhran təhlükəsi daha da güclənəcək. Dünya heç də asan olmayan iqtisadi fazaya daxil olur”.

Qlobal iqtisadiyyatın resessiyaya daxil olmasına dair ehtimalların səsləndirilməsi belə əmtəə bazarlarında ciddi əks-səda doğurur. Dünya neft bazarında iyulun əvvəlindən bəri gedən proseslər buna nümunədir. Belə ki, bazarda neft təklifində ciddi bir artım olmadığı halda bu ayın əvvəlindən neftin qiymətində ciddi azalma baş verir. ABŞ Şimali Dakot Universitetinin professoru Fariz Hüseynlinin sözlərinə görə, OPEC+ ölkələri bazara öz aralarında anlaşdıqları neftin miqdarından haradasa 500 min barel az neft çıxardıblar: “Məsələn, 2022-ci ilin may ayında kvotalarında günə 2.7 milyon barel daha az neft çıxardıblar. İndi yeni məlumata görə, Ərəbistan iyun ayı kvotasından günə 200 min barel az istehsal edib. Belə görünür, nə qədər istəsələr də Ərəbistan və BƏƏ-nin əlavə neft çıxartma imkanları zəifdir. Nigeriyanın kvotası artıb, Rusiya ilə bağlı vəziyyət də qəlizdir. Görünür, illərlə bu sahəyə yatırımların azalması öz təsirini göstərir, elə asanlıqla istehsal artmır. Adətən kvotaya qədər istehsal edərdi hər kəs, hətta daha çox.

Fariz Hüseynli: "İqtisadiyyata dərman və vaksinlər çıxana qədər rahat  yoxdur"

Fariz Hüseynli

Təklifin problemli olduğunu görən bazarlar daha çox tələbin necə dəyişəcəyinə baxır. Faizlər artdıqca iqtisadi durğunluq yaranacağına inananlar çoxalsa, neft qiymətləri düşəcək. İstehsalçıların satınalma indeksinə baxsaq, Qərb ölkələrində yavaşlama görünür. Maraqlı bir nümunə olan Almaniyanın ucuz rus qazı üzərində qurduğu sənayesi indi böyük problemlə üzləşib. Mis qiymətlərində də kəskin azalma var. Dəmir, gümüş, taxta və oxşar başqa əmtəələrin də qiymətində azalma var. Bunlar adətən qarşıdan zəif iqtisadiyyat gələndə baş verir. Düzdür, bu qiymətlərə futures təsir edir, orada da manipulyasiya çox olur, ona görə hələ tam demək olmaz aşağı trend sağlamdır, ya yox".

F.Hüseynlinin sözlərinə görə, inflyasiyaya əsas təsir edən enerji, xammal və daşıma xərcləridir: “Onların da əsasında təklif və istehsalla bağlı problemlər dayanır. Tələb azaldıqca bəlkə bu problemlər zəifləyər. Paralel istiqamətdə isə dolların güclənməsi getməlidir, o da FED-in faiz siyasətindən asılıdır. Faizlər artan kimi dollar indeksi demək olar son 20 ilin ən yüksək səviyyəsinə qalxıb”.

Qlobal resessiya və əmtəə qiymətlərindəki kəskin azalma Azərbaycan kimi resurs gəlirlərindən asılı ölkələr üçün ciddi problemlər yarada bilər. Bu baxımdan mümkün riskləri düzgün dəyərləndirmək və müvafiq tədbirlər görmək son dərəcə vacibdir...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR