İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılcadan ölüm sayları çoxalır, daha iki azyaşlı vəfat etdi - ÜST-dən çağırış

1660 02.12.2023 12:35 Gündəm A A

Səhiyyə qurumları açıqladı: “Yaşlılar üçün də qızılcaya qarşı peyvəndlər yaxınlarda gətiriləcək”

Xəbər verildiyi kimi, bir gün öncə paytaxt Bakıda şagird qızılca xəstəliyindən vəfat edib. Bu barədə məktəbin direktoru Laçın Hüseynli sosial şəbəkə hesabında məlumat yayıb. Direktor bildirib ki, 195 saylı tam orta məktəbdə qızılcaya yoluxan bir şagird dünyasını dəyişib: 

“Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf. Allah valideynlərinə səbir versin. Ölkədə tibb sahəsində kadr çatışmamazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb bacısı tələb edirik. Üç növbəli məktəbin bir həkimi yoxdur. Son beş gündə 200-dən çox yoluxma var”. 

Yada salaq ki, bir neçə gün əvvəl Kürdəmirdə də qızılca diaqnozu ilə xəstəxanaya gətirilən 4 yaşlı uşaq dünyasını dəyişmişdi. 

Noyabrın 30-da isə 2022-ci il təvəllüdlü azyaşlı saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub: “Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı dekabrın 1-də saat 00:15 radələrində vəfat edib”.

TƏBİB-dən o da bildirilib ki, azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub, valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb. 

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisi qızılcaya qarşı peyvənd üçün çağırış edib. Qeyd edilir ki, ötən il dünyada qızılcaya yoluxanların sayı 2021-ci illə müqayisədə 18%, ölənlərin sayı isə 43% artıb. Qızılca hələ də uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalır. Əhalinin qızılcaya qarşı peyvənd səviyyəsi 95%-dən az olduqda xəstəliyin geniş yayılma riski artır: “Virus 5 yaşınadək uşaqlar üçün xüsusilə təhlükəli sayılır, çünki sətəlcəm, ensefalit (beynin iltihabı) və hətta ölümlə nəticələnə bilər. Peyvənd qorunmanın ən təsirli üsullarından biri hesab olunur: peyvəndin iki dozası ömür boyu xəstəliyin 97%-nin qarşısını alır. 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd bütün dünyada 57 milyon insanın həyatını xilas edib”.

Onu da nəzərə çatdıraq ki, qızılcaya görə Bakının Qaradağ rayonu ərazisində yerləşən 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədrisə keçilib. Musavat.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək.

“Analoji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir. İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində nəzarətin gücləndirilməsi və pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən həyata keçirilir. Valideynlərə tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil”, - İdarənin məlumatında bildirilib.

Bəs hazırda ölkədə peyvəndləmə prosesi nə yerdədir? Sürətlənibmi? 95%-ə çox qalıbmı? Doğrudur, vaksinasiya könüllüdür (yalnız sağlam uşaqlara), ancaq bu vaksinə şəkk edən valideynlər ölüm hallarından sonra daha məsuliyyətli olacaqmı, hərəkətə keçəcəklərmi? 

Qeyd etmək yerinə düşər ki, valideynlər arasında peyvəndləmə ilə bağlı bir narahatlıq var. Bizimlə söhbətdə valideynlər bildirirlər ki, poliklinikalarda övladlarına qızılcaya qarşı peyvənd etdirə bilmirlər: “Qızımın 13 yaşı var, mən imtina ərizəsi yazmışdım. İndi isə peyvənd etdirmək istəyirəm, dedilər ki, gecikmişəm, poliklinikada peyvənd 11 yaşa qədər vurulur, ixtiyarları yoxdur. Xahiş edirəm, bu məsələni işıqlandırın mən övladıma görə çox narahatam”. 

NİGAR BAYRAM.jpg (63 KB)

Nigar Bayramova 

Azərbaycan Tibb Universitetinin dosenti, pediatr Nigar Bayramova mövzu ilə bağlı “TV Müsavat”a bildirib ki, qızılcaya qarşı peyvəndləri, ümumiyyətlə digər peyvəndləri də hər bir yaşda vurdurmaq olar: “Biz bunun üçün gecikmiş peyvənd təqvimi tətbiq edirik, mütləq hər kəs peyvənd olunmalıdır”.   

Məsələ ilə bağlı səhiyyə qurumları ilə əlaqə saxlayıb, məsələni araşdırdıq. TƏBİB-in ictimaiyyətlə əlaqələr sektorundan “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər TƏBİB-in tabeli tibb müəssisələrinə QPM (qızılca, parotit, məxmərək) vaksinasiyası üçün müraciət edənlərin sayı artıb: “Hazırda yenidoğulmuşların vaksinasiyası aparılır. Müraciət edənlər arasında uşaqlarının vaksinasiyadan əvvəllər imtina etmiş valideynlər üstünlük təşkil edir. Qeyd edək ki, milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır. Tibb müəssisələrinin 10 yaşdan böyük uşaqların immunoprofilaktikası üçün isə tələb olunan QPM əleyhinə peyvəndin yaxın gələcəkdə təminatı nəzərdə tutulub”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də mövzu ilə bağlı qəzetimizə cavab verildi. Bildirildi ki, hazırda qızılcaya yoluxma hadisələrin epidemioloji təhlili yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma hallarının olunmasıdır: “Bu da, əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur. Belə ki, yoluxan xəstələrin 95%-i profilaktik peyvənd təqviminə əsasən, peyvəndlərini almayan uşaqlardır. Yaranan vəziyyətlə əlaqədar olaraq, mütəşəkkil kollektivlərdə (xüsusilə internat tipli məktəblərdə), qapalı müəssisələrdə (uşaq evləri, sanatoriyalar) uşaqların sıx təması nəticəsində hava-damcı infeksiyalarının yayılması üçün daha əlverişli mühitin olmasını nəzərə alaraq, bütün ölkə ərazisində tibb müəssisələri tərəfindən profilaktik peyvənd işi gücləndirilib. Eyni zamanda, yaşa görə peyvəndlərdən kənar qalan uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət artırılıb.

Həmçinin ocaqlarda əks-epidemik tədbirlər görülür, xəstə insanlarla təmasda olan şəxslər müəyyən edilir və 21 günlük müşahidə aparılır. Bununla yanaşı, epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq".

Pediatr Günay Rəsulova: "Vaksin uşağı riskli xəstəliklərdən, əlillikdən,  ölümdən qoruyan hazır immunitetdir" - aztibb.az AZƏRBAYCANIN SƏHİYYƏ XƏBƏR  PORTALI

Günay Rəsulova

Pediatr Günay Rəsulova isə “Yeni Müsavat”a uşaqlarda qızılca xəstəliyinin əlamətlərindən danışıb: “Qızılca xəstəliyində nə edə bilərik? Qızılca xəstəsi olan uşağı hansı halda xəstəxanada yatırmalıyıq? Bu gün, 24 saat ərzində məsuliyyət hiss edib, narahat olub durmadan zəng edən, yazan valideynlərin ən çox ünvanladığı suallar bunlardır. Qeyd edim ki, qızılca peyvəndi hazırda heç bir özəl klinikada yoxdur. Ancaq dövlət poliklinikalarında var və orda vurdura bilərlər. Uşağa hər yaşda qızılca peyvəndi vurdurmaq olar, geciksə belə. Tam qoruma üçün 2 doza peyvənd şərtdir. 1 doza alıbsa, ikincini tamamlayın. Övladınız qızılca xəstəsi ilə təmas olubsa, peyvəndsizdirsə ilk 72 saat mütləq ona peyvənd vurdurun. Qızılca peyvəndinin yan təsiri, yüngül qızdırma ola bilər. Yan təsir, xəstəliyin özündən əsla ağır deyil. Qızılca peyvəndi canlı peyvənd olduğu üçün uşaq peyvənd zamanı tam sağlam olmalıdır. Niyə israrla peyvənd deyirik? Çünki bu xəstəlik qarşısında qoruma üçün ikinci bir alternativimiz yoxdur”.

Məşhur pediatr: “Valideynlərin imtina ərizəsi ilə razılaşanda, nəticə belə  də olacaqdı”

 Aytən İsmayılzadə

Pediatr Aytən İsmayılzadə də bizimlə söhbətdə bildirdi ki, epidemioloji vəziyyəti nəzərə alaraq hazırda peyvəndləmə məcburi olmalıdır: “1 yaşda olan peyvənd 10 aydan etibarən, 6 yaşdakı peyvənd isə 4 yaşdan edilməlidir. Yəni hazırda 5 yaşlı uşaq da ikinci dozasını almaq istəyərsə, əlbəttə poliklinika etiraz edəcək ki, hələ 6 yaş tamam olmayıb. Çünki əllərində olan cədvəldə qayda belədir.  Qaydanı dəyişmək vaxtıdır. Çünki beləcə  çox sayda uşaq 4-6 yaş arası uşaqlar artıq ikinci dozasını da almış olacaq. Məcburi o demək deyil ki gəlib evinizdə tutub edirlər. Sadəcə peyvəndsiz uşaqlar kollektivə buraxılmasın. Sual var ki, əgər uşaq məktəbdə kontaktda olubsa peyvənd etmək olarmı. Əlbəttə ona etmirik. Evdə qalmalıdır. Heç olmasa 14 gün nəzarət edirik ki, əlamətlərin ilk olanlarını da görə bilək. Analiz ilə yoxlamağa cəhd etməsinlər. Çünki analizdən ötrü hara isə getməlisiniz. Qızılca sürətlə yayılandır. Ətrafda 15 nəfərə birdən keçə bilir. Ona görə sinfində xəstəlik olan məktəblərdə dərslər onlayn olmalıdır.  ÜST bildirir ki, 15 yaşına kimi uşaqlara peyvənd vurula bilər. Amma say hesabı buna cavab vermir. Yəni poliklinikalarda həm 6 yaşına kimi, həm də 15 yaşa kimi uşaqlara çatacaq qədər peyvənd olmaya bilər. Əldə etdiyim məlumata görə, dekabr əvvəli böyüklər uçun nəzərdə tutulan iki komponentli ( qızılca + məxmərək) QM peyvəndi gəlir. 12 yaş üzəri uşaqlara da bundan etdirə bilərsiniz”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR