İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılca və koronovirus “birləşib” can alır

1697 05.12.2023 18:12 Səhiyyə A A

Baş prokurorluq xəbərdarlıq etdi; İnfeksionist: “Bilmədən, başları çıxmadan gözdən saldılar, indi də...”

Son günlər Azərbaycanda qızılca xəstəliyinin tüğyan etdiyi bir dövrdə son 1 həftədə koronavirusa yoluxma sayında da artım müşahidə edilir, ölənlər də var. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 20 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 15 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 4 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 834 172 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 758 nəfər müalicə olunaraq sağalıb, hazırda 38 aktiv xəstə var. Bu günə qədər 10 376 nəfər vəfat edib. Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 612, bu günə qədər isə ümumilikdə 7 718 479 test icra olunub.

Son günlər verilən suallardan biri də odur ki, insan hər iki virusa-həm qızılcaya, həm də koronavirusa yoluxa bilərmi? Bu ağırlaşmaya səbəb ola bilərmi?

Bu arada, qızılca ilə bağlı Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, Azərbaycanın bəzi bölgələrində qızılca virusuna kütləvi yoluxma halları müşahidə edilib. İlk dəfə noyabrın 23-də Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya aparılan uşaq ölüb. Sonuncu dəfə isə dekabrın 2-də Qobustanda daha bir uşaq qızılcadan dünyasını dəyişib. Bununla birlikdə qızılcadan dünyasını dəyişən uşaqların sayı 4-ə çatıb.

Qızılcanın bu qədər geniş yayılmasında səbəb kimi valideynlərin peyvənddən imtina etməsi göstərilir.

Bu arada, Baş Prokurorluq uşaqlarına peyvənd vurdurmayan valideynlərə xəbərdarlıq edib. Bu barədə Baş Prokurorluğun paylaşdığı məlumatda bildirilib. Qeyd olunub ki, uşaqların icbari dispanserizasiyasının məqsədi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, əlilliyin, ölümün səviyyəsinin azaldılması, uşaqların xəstəliklərdən qorunmasından ibarətdir. Dispanserizasiyadan keçiriləcək uşaqlara tibbi xidmətin həcmi və keyfiyyət standartlarının (beynəlxalq tələblərə uyğun) təsdiq edilməsinə, dispanserizasiyadan keçiriləcək uşaqların registrinin yaradılması və onun aparılmasına, hər il uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və qiymətləndirilməsinə, uşaqlar arasında xəstəliklərin səbəblərinin erkən aşkar edilməsi və onların aradan qaldırılması üzrə sosial, sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinə təminat verilir. Uşağın qanuni nümayəndəsi tərəfindən aşağıda qeyd olunanlara riayət edilməməsi inzibati məsuliyyətə səbəb olur: dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsi, həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə gətirilməməsi, daimi yaşayış yerini dəyişdikdə, ərazi üzrə tibb müəssisəsinə uşağın uçota alınması üçün 1 ay müddətində müraciət edilməməsi. Bu əməlləri törədən müvafiq şəxslər barəsində xəbərdarlıq və ya cərimə növündə inzibati tənbeh tətbiq edilir. Qeyd edək ki, uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

TƏBİB-dən isə bildirilib ki, Azərbaycanda orta və böyük yaşlı əhalinin peyvəndlənməsi prosesinə yaxın günlərdə başlanılması nəzərdə tutulub. Bəzi orta məktəblərdə isə şagirdlərin hərarətinin ölçülməsinə də başlanılıb.

İnfeksionist-hepatoloq Mərdan Əliyev Musavat.com-a ölkədə son epidemioloji vəziyyəti şərh edib. O deyib ki, payız-qış mövsümündə koronovirusun yenidən çoxalacağı gözlənilirdi:

5214d0743bf29e604208b8a293c2c55c5d1b39b1b5d4e.png (205 KB)

“Qızılca isə gözlənilmədən yayıldı, bu da valideynlərin peyvəndlərdən imtina etməsi ilə bağlıdır. Artıq demək olar ki, əksər rayonda qızılca yayılıb. Böyüklər arasında da yayılıb, düzdür onlar çox həssas olmasa da, onlarda da aşkar olunur. Bütün bunlar hamısı peyvənd olunmamağın nəticəsidir. Peyvəndləri gözdən saldılar, zərərlidir dedilər. Bəzi jurnalistlər, hətta televiziya aparıcıları anti-təbliğat aparırlar. Bilmədən, başları çıxmadan, məlumatı olmadan danışırlar. Ortada nəticə var, artıq hər kəs yoluxur, neçə uşaq vəfat edib. Könüllü olanda da belə nəticə olur. Düzdür, məcburi olmasının əleyhinəyəm. Amma normal maarifləndirmə şəraitində heç kim öz uşağının xəstələnməsini istəməz. Baş prokurorluğun xəbərdarlığına da haqq qazandırıram. Valideyn bilmir, öyrənmək də istəmir, uşağını da, digərlərinin də uşağını təhlükəyə atır”.

Ekspert əlavə edib ki, qızılcanın antivirusu yoxdur: “Virus əleyhinə dərman yoxdur ki, bunu sağaldaq, ya da qandan təmizləyək. Ancaq immunitet vasitəsilə xəstəliyin sağalmasını gözləyirik. Yəni orqanizmdə immunitet əmələ gəlir və bu xəstəlik sağalır. İmmunitetin əmələ gəlməsinə kömək etmək lazımdır. Xəstə olan müddətdə uşaqları soyuğa verməmək, ev şəraitində saxlamaq, çoxlu maye vermək, vitaminli qidalarla qidalanmaq lazımdır. Bir də mütləq A, C vitamini verilməlidir, B vitamini də verilsə yaxşı olar. Burada ancaq immun sistemini dəstəkləmək lazımdır. Yox əgər uşaq xəstələnib, çöldə-bayırda oynayırsa, ağırlaşma ehtimalı çoxdur”.

Mərdan Əliyev qızılcaya yoluxan şəxsin koronavirusa da yoluxma ehtimalından danışıb: “Yoluxa bilər, çünki bunlar başqa-başqa viruslardır. Amma ehtimal azdır. Koronavirusun əvvəlki dövrü olsaydı, bəli, ola bilərdi. Əgər ölən uşaqları nəzərdə tutursunuzsa, misal üçün, onlarda superinfeksiya olub, iki infeksiya bir yerdə olub. Yox. Qızılca onsuz da təhlükəli xəstəlikdir, ensefalit, pnevmoniya kimi ağırlaşmaları var, bunlar da ölümcül olur”.

Həkim-pediatr Səxavət Əlisoy isə qızılca ilə bağlı təşviş yaratmamağı tövsiyə edir:

“Qızılca hava-damcı yolu ilə yayılan uşaq infeksion xəstəliklərindən biridir. 5 yaşa qədər uşaqlar daha çox xəstələnir. Nadir hallarda yaşlı adamlar bu xəstəliyə yoluxur. Qızılca daha çox Afrika və Asiyanın inkişaf etməkdə olan ölkələrində müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2017-ci ildə dünyada 128 min uşaq qızılcadan dünyasını dəyişib ki, bunun da 90 faizindən çoxu məhz bu ölkələrin payına düşür.

Hansı ölkədə sistemli vaksinasiya aparılmırsa, adambaşına düşən ÜDM çox aşağı və səmərəsiz səhiyyə sistemi mövcuddursa, nəinki qızılca, digər infeksion xəstəliklərin də epidemiya formasında yayılması qaçılmazdır. Avropada, o cümlədən Azərbaycanda uşaqlara vaksinasiya aparıldığı üçün qızılcadan ölüm çox az hallarda təsadüf olunur. Azərbaycanda bu infeksiyaya ən çox 2003-2005-ci illərdə yoluxan olub və o vaxt sosial şəbəkələr ölkədə tam oturuşmadığı üçün ajiotaj-filan yaranmadı. Bu gün qızılca ilə bağlı sosial sosial şəbəkələrdə və mediada yazılanlara diqqət etdikdə bir təşvişin vüsət aldığını görmək olar. 42 ilin pediatrı olaraq deyirəm, heç bir təlaşa gərək yoxdur. Heç bir epidemik təhlükə də yoxdur. Uşaqları qızılcaya yoluxanların tam sakit olması gərək. Xəstəliyin vaxtında aşkar olunması, həkim təlimatlarına düzgün riayət olunduğu halda heç dərman preparatlarına da ehtiyac yoxdur. Qızılcaya görə təşvişə düşmək əbəsdir. Pediatriyadan xəbərsiz bəzi “hərşeyşünas” professorlar var, qızılcanı ya öz uşaqlarında görüblər, ya da kitabdan oxuyublar, onların danışdığı nağıla yox, pediatrların dediklərinə diqqət etsinlər.

Uşaqların sağlam böyüməsinin qayğısına qalmaq lazımdır. Onların peyvəndlərini vaxtı-vaxtında etdirin, bu da məsləhətim olsun”.

Afaq MİRAYİQ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR