Qırğızıstanın müxalif “Sosial-demokratlar” partiyasının lideri Temirlan Sultanbekov Daxili İşlər Nazirliyi tərəfindən saxlanılıb.
Musavat.com xəbər verir ki, məlumatı nazirliyin mətbuat xidməti yayıb.
Bildirilib ki, 1998-ci il təvəllüdlü T.S. hakimiyyətin dəyişdirilməsi məqsədilə kütləvi iğtişaşlara çağırışlar edib. Faktla bağlı Qırğızıstan Cinayət Məcəlləsinin 278-ci maddəsi (kütləvi iğtişaşlar) üzrə cinayət işi açılıb.
Nazirlikdən verilən məlumata görə, daxil olan operativ informasiyadan sonra zəruri əməliyyat-istintaq tədbirləri görülüb, şübhəlinin yaşadığı ünvanda axtarış aparılıb. Sultanbekov istintaq hərəkətlərinin davam etdirilməsi üçün DİN-in İstintaq Xidmətinə gətirilib.
Bu olay fonunda ölkənin sabiq prezidenti Almazbek Atambayevin qızı Aliya Şagıyeva sosial şəbəkədə yazıb ki, anası Raisa Atambayeva və qardaşı Kadırbek Atambayev də dindirməyə çağırılıb.
Qeyd edək ki, “Sosial-demokratlar” partiyası 2018-ci ildə sabiq prezident Almazbek Atambayevin tərəfdarları tərəfindən yaradılmış müxalif siyasi qüvvədir.
Musavat.com






