İnsanlara hürriyət, millətlərə istiqlal!

Qida zəhərlənmələri - günahkar kimdir?

538 13.07.2024 09:11 Yaşam A A

Azər Nağıyev: “Yay aylarında turşular, şirniyyat, kolbasa, sosiska və s. bu kimi qidalar zəhərlənməyə səbəb olur”

Son vaxtlar zəhərlənmə halları artıb. Təəssüf ki, artıq kütləvi zəhərlənmələr də baş verir.

İyulun 10-da Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasına saat 17:10 radələrindən başlayaraq 53 nəfər (48-i kişi cinsli, 5-i qadın cinsli olmaqla) müraciət edib.

Qida zəhərlənməsi diaqnozu təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Sumqayıt Şəhər Prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi müəyyən edilib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qida təhlükəsizliyi məsələsi bütün dünyada aktualdır. Azərbaycanda bu məsələdə vəziyyət heç də ürəkaçan deyil. Xüsusilə xidmət sahələrində gigiyenik normalara əməl olunmur.

Mütəxəssislər hesab edirlər ki, qida zəhərlənmələri əsasən isti aylarda baş verir. Yay aylarında turşular, şirniyyat, kolbasa və sosiska və s. bu kimi qidalar zəhərlənməyə səbəb olur.

TibbiPortal

Azər Nağıyev

Hepatoloq-infeksionist Azər Nağıyev mətbuata açıqlamasında bildirib ki,  zəhərlənmələr xroniki və kəskin bağırsaq xəstəliyi keçirmiş, hipovitaminozu olan şəxslərdə, eləcə də uşaqlarda və qocalarda tez-tez baş verir, sürətlə inkişaf edir və ağır formaya keçə bilir: “Eyni ərzağı qəbul etmiş şəxslərin bir vaxtda xəstələnməsi, gizli dövrü qısa olmaqla (orta hesabla 6-24 saat) qəflətən baş verməsi, sanitariya qaydalarının pozulması şəraitində hazırlanmış qidanın qəbulu ilə əlaqədar xəstələnmənin baş verməsi, zəhərlənməyə səbəb olan qida istifadədən çıxarıldıqda zəhərlənmə hallarının kəskin azalması qida zəhərlənmələrinin əsas səciyyəvi xüsusiyyətləridir.

Qida toksikoinfeksiyalarının ən geniş yayılmış forması salmonellozlardır ki, bunlara səbəb əksər hallarda heyvani mənşəli ərzaq məhsullarıdır. Ət, balıq, quş əti, süd və süd məhsulları, qaz və ördək yumurtaları toksikoinfeksiyaların yayılmasında mühüm rol oynayır. Bu məhsulların tədarükü, daşınması, saxlanılması, bişirilməsi və realizasiyası zamanı gigiyenik qaydalara düzgün riayət olunmazsa, ərzağın bakterial çirklənməsi baş verə bilər. Bu cür çirklənmiş ərzaq məhsullarının lazımi termiki işlənmədən keçmədən, yaxud da soyuducuda saxlanmadan qəbul edilməsi qida toksikoinfeksiyalarına səbəb ola bilər. Əsas əlamətləri 6-36 saatlıq gizli dövrdən sonra başlanır. Qarın nahiyəsində ağrılar, şiddətli ishal, ürəkbulanması, qusma baş verir. Temperatur 2-4 gün ərzində 38-39 dərəcəyə qalxır, xəstəlik 7 günə qədər çəkə bilər. Belə hallarda mütləq şübhəli qida istifadədən çıxarılmalı, qida qalıqları, qusuntu kütləsi, ishal materialı nümunə üçün götürülüb, bakterioloji laboratoriyaya təqdim olunmalıdır".

Həkim qeyd edib ki, qida zəhərlənmələrinin ən ağır növü botulizmdir: “Bu növ zəhərlənməyə ilin hər fəslində təsadüf etmək olar. Mikroblar uzun müddət torpağın üzvi maddələrində oksigensiz mühitdə inkişaf edir və buradan da qidaya keçirlər. Botulizm qida zəhərlənmələri əsasən ət, balıq, kolbasa məmulatı, göbələk və bəzən tərəvəz konservlərini yedikdə baş verir. Botulizm mikroblarının ifraz etdiyi toksin bütün mikrobların zəhərindən güclüdür, odur ki, botulizm zəhərlənmələri olduqca ağır keçir və yüksək ölüm faizinə malikdir. Belə zəhərlənmə zamanı xüsusilə hərəki sinir lifləri, tənəffüs və ürək fəaliyyəti iflic olur.

Həkim ilk yardım üçün tövsiyələrini və görülə biləcək profilaktik tədbirləri qeyd edib: “Mədə-bağırsaqdan zəhərli qidanı və ya onun qalıqlarını təmizləmək üçün mədə adi qaydada yuyulur, təmizləyici imalə edilir. Sonrakı müalicə üçün həkimə müraciət etmək lazımdır. Profilaktik tədbirlərə gəlincə, yeməkdən qabaq əllər sabunla təmiz yuyulmalıdır. İstifadə ediləcək bütün qida maddələri müsbət 5°C-dən aşağı temperaturda saxlanmalıdır. Qida maddələrinin tam bişirilməsinə xüsusi diqqət verilməlidir. Qaz və ördək yumurtaları15 dəqiqədən az olmayaraq bişirilməlidir.  Tərəvəzlər axar su altında bir neçə dəfə diqqətlə yuyulmalıdır. Qida maddələrinə ev heyvanlarının və gəmiricilərin toxunmasına imkan verilməməlidir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR