İnsanlara hürriyət, millətlərə istiqlal!

QHT rəhbərləri də Xankəndiyə gedə bilər - erməni icması ilə danışıqlar...

1500 06.12.2022 09:53 Media A A

Vətəndaş cəmiyyəti fəalları erməni icma üzvləri ilə görüşə, dialoq qura bilər; Günel Səfərova: “İnsan haqları təşkilatlarının, siyasi xadimlərin Xankəndiyə səfəri mütləqdir”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının Xankəndiyə səfəri bir məsələni yenidən aktuallaşdırdı - ümumiyyətlə, Qarabağ erməniləri ilə təmaslar, onların inteqrasiyası, icmalar arasında müzakirələrə başlanması üçün vətəndaş cəmiyyətinin üzvləri də prosesə qoşulsunlar. Bu görüşlər torpaqlar işğalda olduğu dövrdə var idi, Tiflisdə, Qərb paytaxtlarında Azərbaycan və Ermənistan QHT üzvləri dialoq aparırdı, lakin o zaman birmənalı qarşılanmırdı, çünki Qarabağ erməni tapdağı altında idi.

İndi isə status-kvo dəyişib, Azərbaycan öz ərazilərini azad edib və indi QHT nümayəndələri Qarabağdakı ermənilərlə ünsiyyətdə iştirak edə, prosesə töhfə verə bilərlər. “Yeni Müsavat” yazır ki, vətəndaş cəmiyyəti fəalları erməni icma üzvləri ilə görüşə, onların hüquqları və təhlükəsizliyi, Azərbaycan vətəndaşı kimi hansı imkanlara malik olacaqlarını izah edə bilərlər. Bu təmaslara sülhyaratma missiyasını üzərinə götürmüş rus hərbçiləri də vasitəçi olmalıdırlar. Onların işi budur, daha erməniyə silah daşımaq, səngər qazmağa şərait yaratmaq yox.

Ona görə də həm görüşlərin keçirilməsi üçün təhlükəsizliyə zəmanət verməli, həm gediş-gəliş, təmasların artmasına dəstək olmalıdırlar. Azərbaycandan da hüquq müdafiəçiləri, QHT rəhbərləri Xankəndi və ətraf ərazilərdə olan ermənilərlə görüşməli, sivil danışıqlar aparmalıdırlar, onların zəhərlənmiş beynini açmalıdırlar. Qarabağın sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan hissəsində 25 min erməni sakin yaşayır. Yaxın illərdə sülhməramlı qüvvələr regionu tərk etdikdən sonra həmin sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması qarşıda duran əsas məsələlərdən biridir. Uzun illər ölkəmizə nifrət mühitində böyüyən, beyinləri yuyulan həmin sakinlərin bu zərərli düşüncələrdən qurtulması, aralarında hərbi cinayətlət törətmiş canilərin müəyyənləşdirilməsi və s. detallar planlı yanaşma tələb edir.

Yaşama hüququ o ermənilərə veriləcək ki, onlar  1988-ci ilədək orada yaşayıblar və hazırda törəmələri orada yaşamaqdadır. Qarşılarına müəyyən şərtdə qoyulacaq. Əgər onlar Azərbaycan qanunlarını pozub, millətimizə qarşı cinayət törədiblərsə, qanun qarşısında cavab verəcəklər, cinayətə cəlb olunacaqlar. Əks təqdirdə, Azərbaycan dövləti öz ərazisində əcnəbi vətəndaşların yaşamasına icazə verməyəcək, onlar ölkədən xaric olunacaqlar. Ancaq faktiki olaraq, Qarabağda separatizmə dəstək güclənir və bu da ermənilərin inteqrasiyası prosesini çətinləşdirir. Xüsusən Moskvadan göndərilmiş Vardanyanın fəaliyyəti, eləcə də rusların bölgədəki hərəkətləri ermənilərdə arxayınlıq yaratmaqdadır. Dinc ermənilər isə inandırılıblar ki, ikinci erməni dövləti var, “artsax” əbədidir və Azərbaycana tabe olmayacaqlar. Ona görə bu zərərli və sabun köpüyünə bənzəyən fikirləri dağıtmaq üçün vətəndaş cəmiyyəti də fəal olmalıdır. Onlar çağırış etməli, erməni icması ilə əlaqələr yaratmalı, təbii ki, dövlət də bu məsələdə yardımçı olmalıdır. Necə ki, Sərsəng su anbarına mütəxəssislər baş çəkdi, sonra ekoloqlar vəziyyətlə tanış olmaq üçün yollandılar, eləcə də QHT səviyyəsində bu iş aparıla bilər. Çünki təkcə dövlət qurumlarının əməkdaşları deyil, qeyri-hökumət təşkilatlarının nümayəndələri də Xankəndi ilə təmaslarda iştirak etməlidirlər, üzbəüz görüşlər keçirməlidirlər. Sözsüz ki, ruslar buna şərait yaratmaq istəməzlər, amma Azərbaycan Rusiya ilə danışmalı, 10 noyabr sənədinin bəndləri yada salınmalıdır.

Günel Səfərova Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri seçildi |  KORRUPSİYA

Günel Səfərova

“Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərovanın “Yeni Müsavat”a bildirdiyinə görə, QHT-lərin, insan haqları təşkilatlarının, siyasi xadimlərin Xankəndiyə səfəri mütləqdir: “Vəziyyəti analiz etmək üçün bu səfər təşkil olunmalıdır. Beynəlxalq müqavilələrə və üçtərəfli sənədə əsasən bu ərazinin Azərbaycana aid olması tanınıb. Sülhməramlıların işi təhlükəsizliyin təminatıdır. Onlar təkcə ermənilərin yox, azərbaycanlıların da təhlükəsizliyini qorumalıdırlar. Amma bunu təmin etmədikləri halda üçtərəfli sazişin pozulduğu qənaətinə gəlirik”. QHT rəhbəri hesab edir ki, bu səfərlər silsilə şəklində olmalıdır, oradakı problemlərin həllinə Azərbaycan cəlb edilməlidir: “Ona görə QHT-lərin də Qarabağın ermənilər yaşayan hissəsinə gedişi baş tutmalıdır. Fikrimcə, bu cür səfərlər davam edəcək, icmalar səviyyəsində dialoq olacaq, bununla da Xankəndi, Xocalının bizə aid olduğu bir daha görünəcək”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövsuzunda hazırlanıb. 

Hazırladı: Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR