Noyabrın sonlarında keçirilməsi planlaşdırılan və Misirin ev sahibliyi etdiyi Qəzza zolağının yenidən qurulması üzrə beynəlxalq konfrans Fələstin anklavındakı vəziyyətə görə təxirə salınıb.
Musavat.com xəbər verir ki, məlumatı ümumərəb qəzeti olan "Əşarq əl-Əvsat" Misirdəki mənbəyə istinadən yayıb.
Mənbənin sözlərinə görə, "konfrans planlaşdırıldığı kimi ayın sonunda baş tutmayacaq" və daha sonra keçiriləcək: "Bir çox ölkə Qəzzada dağıntıların təkrarlanmayacağına dair zəmanət istəyir və bu zəmanətlər İsrailin davam edən eskalasiyası və təkrarlanan pozuntuları nəzərə alınmaqla hələ verilməyib və hazırda da verilməyəcək".
O, həmçinin qeyd edib ki, anklavın İsrail tərəfindən idarə olunan ərazilərindəki vəziyyətlə bağlı "hazırda paralel səylər davam edir".
Xatırladaq ki, mart ayında Qahirədə Ərəb Liqasının təcili zirvə görüşü keçirilib və nəticədə Qəzza zolağının yenidən qurulması üçün fələstinlilərin köçürülməsi olmadan mərhələli işlərin görülməsi planı qəbul edilib. İlkin hesablamalara görə, yenidənqurma 53 milyard dollara başa gələcək. Qahirə həmçinin, döyüşlər bitdikdən sonra sektorun yenidənqurma planını dəstəkləmək üçün BMT ilə əlaqələndirilmiş beynəlxalq konfrans çağırıb. Oktyabr ayında Misir prezidenti Əbdül Fəttah əl-Sisi bu foruma ev sahibliyi etmək niyyətini təsdiqləyib.
Musavat.com






