İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzetlər elektron satışa keçir - Oxucu da, çap mediası da uduşda

1288 26.11.2022 09:20 Media A A

Ələsgər Süleymanov: “Oxucularımız evdən, ofisdən çıxmadan qəzetin çap versiyasının PDF variantlarını əldə edəcəklər...”

“Qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi, həmçinin digər innovativ yeniliklərin bu sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanan ”E-köşk" elektron platforması rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi proqram təminatıdır".

Bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, platforma ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan edir, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmadan əldə etmək imkanı yaradır: “E-köşk” platforması vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana bilərlər. Həm çap mediası subyektlərinin, həm də oxucuların istifadəsinə verilən platforma qəzet və jurnalların abunə və satışının elektron formada həyata keçirilməsinə vasitəçilik etməklə əldə olunan gəlirin birbaşa media subyektlərinin bank hesablarına köçürülməsini təmin edir. Qiymətlər subyektlərin özləri tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir. Əlbəttə ki, ilkin dövrlərdə öz məhsullarını oxucularına ödənişsiz təqdim etməklə platformadan istifadənin təşviqi və biznes mənafeyinin gələcəyə yönəlik şəkildə icrası çap mediası subyektlərinin öz seçimidir və platforma bu yanaşmanı da dəstəkləyəcək".

E-Köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimatı  keçirilib - FOTO | KONKRET

Qurum rəhbəri onu da deyib ki, yazılı medianın müasir simasının formalaşması yönündə MEDİA-nın konseptual yanaşması gələcəyə hesablanıb və bu kimi proseslər davamlı xarakter daşıyır: “E-köşk” platformasını Azərbaycanın çap mediası tarixində sadəcə, yenilik yox, eyni zamanda, innovativ düşüncəyə əsaslanan əhəmiyyətli bir addım kimi dəyərləndirəcəyinizi düşünürük".

Görəsən, bu yenilik çap mediasına konkret nə vəd edir? Klassik formada qəzet yayımı ilə vidalaşırıqmı?

Qeyd etmək yerinə düşər ki, cəmiyyətin həyatında qəzet və jurnalların rolu çox böyükdür. Jurnallar, qəzetlər, elmi-populyar və bədii ədəbiyyat elmin və mədəniyyətin bütün nailiyyətlərinin saxlanması və nəsildən-nəslə ötürülməsinin əsas vasitəsi sayılır. Hər yaşda olan insanlar üçün jurnal və qəzetlər bilik mənbəyi kimi xidmət edir, həyatı öyrənməyə və qiymətləndirməyə, ictimai münasibətlərin qanunlarını və təbiət hadisələrini dərk etməyə kömək edir. İnsanın sosial-mənəvi ideallarının formalaşmasında, onun sosial davranış normalarının mənimsənilməsində mətbuatın rolu xüsusilə böyükdür.

Dünyanın bütün ölkələrində media sənayesi öz yolu ilə gedir. Bu, müxtəlif ənənələrə, demoqrafik xüsusiyyətlərə, fərqli istehlak nümunələrinə görə təbiidir. Bununla belə, jurnal və qəzetlərin dünya üzrə gəlirləri azalır və hələlik bu tendensiya davam edir.

Çap mediası yay qayğılarından necə çıxış yolu tapacaq?

Ələsgər Süleymanov 

“Yeni Müsavat”ın baş direktoru Ələsgər Süleymanov mövzu ilə bağlı dedi ki, hazırda bütün dünya dəyişir, texnoloji yeniliklər öz diktəsini edir: “Qəzetlərin çap versiyası get-gedə arxa plana keçir. Amma təbii ki, qəzetlərin çap versiyasını, arxivini saxlamaqla yanaşı, onun başqa formalarını da satışa çıxarmaq ağıllı fikirdir. Bununla bağlı illər öncə layihə həyata keçirilib. Elektron köşk platforması bir zamanlar qəzetlərin ümumi yığıncağında razılaşdırılmışdı və həyata keçirilmişdi. Amma əfsuslar olsun ki, o vaxt bu iş uğurlu olmadı, yarımçıq qaldı. İndi bunu Media İnkişafı Agentliyi yenidən gündəmə gətirib, layihəni həyata keçiriblər. Bunu ancaq alqışlamaq olar. Bu oxucularımıza evdən, ofisdən çıxmadan qəzetin çap versiyasının PDF variantlarını əldə etmək imkanı verəcək. Təbii ki, bunun xərci az olduğu üçün satış qiymətləri də kağız daşıyıcılarından ucuz olacaq. Ümid edirik ki, bu, uğurlu olacaq. Qəzetlər üçün də faydalı olacaq. Həm oxucular faydalanacaq, qəzet redaksiyaları üçün də faydalı bir layihə olacaq”.

Ə. Süleymanov “qəzetin çap versiyası artıq tarixə qovuşurmu” sualına belə cavab verdi: “Əgər e-köşk platforması uğur qazanacaqsa, bu gün çap məhsulunun satışına təbii ki, təsir edəcək, qəzet alanların sayında azalma olacaq. Amma tendensiya ona doğru gedir ki, çap versiyasını oxuyan onsuz da günü-gündən azalır. Bu, müxtəlif səbəblərlə bağlıdır. Birincisi, çap versiyasını oxuyan yaşlı nəsil get-gedə azalır. İkincisi, Azərbaycanda yayım işinin təşkili çox bərbad vəziyyətdədir. Yayım təşkil olunmalıdır ki, çap versiyası yaşasın. Buna doğru heç bir addım atılmır. Görünür hamı maraqlıdır ki, qəzetin çap versiyasındansa, elektron versiyasına keçilsin, PDF-lər elektron formada satılsın. İki pisdən nisbətən yaxşısını seçmək məcburiyyətindəyik. İstər-istəməz çap versiyasının satışı azalırsa, tiraj get-gedə düşürsə, bir var buna kağız sərf edəsən, məsrəfləri çox ola, bir də var çap versiya azalanda tirajı azaldırsan. Bu tərəfdən də PDF-in satışı varsa, müəyyən gəlir əldə olunursa, bunu kompensasiya edir.

Biz bu varianta məcburiyyətdən gedirik. Fikrimcə, Media İnkişafı Agentliyi də, media sahəsində məsul olan adamlar da düşünməlidirlər ki, heç olmasa çap versiyasının yayımı üçün də müəyyən şərtlər, şəraitlər yaratmalıdırlar. Bir zaman mən bununla bağlı geniş təkliflər yazıb vermişdim ki, çap versiyasını bütün  ölkə üzrə necə yaymaq olar. Əfsuslar olsun ki, hazırda Azərbaycan rayonlarına qəzet demək olar, getmir. Ya da çox az miqdarda gedir. Qəzet köşklərinə demək olar ki, hər qəzetdən bir-iki nüsxə gedir. Burada hansı yayımdan söhbət gedə bilər? Qəzet köşkləri elə məsafədə yerləşdirilir ki, axtarıb tapmaq olmur. Əvvəllər belə deyildi. Misal üçün, mənim yaşadığım küçənin həm sağ, həm sol tərəfində qəzet köşkü var idi. İstədiyin an qəzet ala bilirdin. İndi qəzet köşkü az saydadır və orada qəzetdən başqa nə desəniz satılır".   

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR