İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzalarla bağlı qətliam kimi statistika: 333 ölü...

568 20.07.2024 11:30 Hadisə A A

Ekspert: “Təsəvvür edin, adam ailəsi ilə istirahətə gedir, 90-lıq yolu 140 ilə  sürür”

Cari ilin altı ayı ərzində respublikanın avtomobil yollarında qeydə alınan yol qəzalarında  ölənlərin sayı ötən illə müqayisədə 54 nəfər azalaraq 333, xəsarət alanların sayı isə 71 nəfər azalaraq 598 olub.

BDYPİ-dən bildirilib ki, qeydə alınan yol qəzalarının növləri sırasında piyadavurma, toqquşma, mane vurma, aşma hadisələri üstünlük təşkil edib.

“Hadisələrin baş vermə səbəblərinə gəldikdə isə avtonəqliyyat vasitələrini yüksək sürətlə idarəetmə, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması faktları daha çox qeydə alınıb” - məlumatda deyilir. 

Qəzalara əsas səbəb nədir?

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

Elməddin Muradlı

Yol nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, sürücülərin yorğunluğu, yuxusuzluğu yollarda dəhşətli qəzalara yol açır, problem yaradır: “Tələskənliyə yol verirlər. Təsəvvür edin, adam ailəsi ilə istirahətə gedir, 90-lıq yolu 140 sürür. Axı hara tələsirsən? Qəza bir andır. Baş verdisə, ömür getdi. Azərbaycanın ən ucqar rayonuna normal sürətlə yarım saatdan çox fərq eləmir, təqribən 15-20 dəqiqə fərq edir. Bu 15 dəqiqəyə görə ölməyə dəyərmi? Kiminsə həyatını təhlükəyə atmağa dəyərmi? Çox lazımsız hərəkətlərdir, sürücülər çox tələsirlər. Yollarda əks istiqamətə çıxanlar, sürət həddini aşanlardı. Ötmə manevr qaydalarını pozanlardır. Başqası ötmə əməliyyatına çıxanda kimlərsə qəsdən ona mane olur. Misal üçün, üz-üzə gəlirlər, baxır ki, bunun yoluna çıxır, ötmə əməliyyatı aparır.  O istəsə, sürəti azaldıb yol verə bilər ki, ötməni başa çatdırsın. Amma bəzi insanlar var, sanki qatildir. Sürəti artırıb, həmin adamı qəzaya salırlar. Bədbəxtlik ondadır ki, o adam düşünmür ki, bununla üz-üzə gəlir. Bir anlıq səhv manevr etsə, elə onun özü ilə toqquşacaq. Dəfələrlə olub, üz-üzə toqquşmalar zamanı 5-6 nəfər birdən qəzada ölür. Hamısı bax belə məsuliyyətsiz insanların törətdiyi xətaların ucbatından baş verən qəzalardır. Qəzalarının əksəriyyətinin səbəbi sürət həddinin aşılması və sürücülərin sükan arxasında yatması, sükan arxasında telefondan istifadə halları üzündən baş verir”. 

Elməddin Muradlı deyib ki, digər tərəfdən də daşıyıcı şirkətlərin Azərbaycanda ölkədaxili marşrut avtobuslarında taxoqrafların tətbiqi məsələsinə yanaşması da son nəticədə ortaya qorxunc statistika çıxarır. Taxoqrafların ölkədaxili marşrut avtobuslarında quraşdırılması təcili şəkildə həll edilməldir. Bundan sonra belə qəzaların qarşısının alınması üçün əməli tədbirlərin görülməsi xeyli asanlaşacaq.

Elməddin Muradlı deyir ki, Bakıda illərdir fəaliyyət göstərən “Rent a car” şirkətləri taxoqraflardan istifadə edir və qəzaların qarşısını bu yolla alırlar. Mexanizm də çox sadədir: “Vətəndaş şirkətdən avtomobili kirayəyə götürür. Həmin avtomobilin harada olduğu, saatda neçə kilometr və hansı sürətlə hərəkət etdiyi şirkətin dispetçerləri tərəfindən izlənilir. Sürücü sürət həddini aşırsa, ona zəng vurub xəbərdarlıq edirlər. Hətta sürücü xəbərdarlığa məhəl qoymasa, dispetçer nəqliyyat vasitəsinin mühərrikini öz kompüterindən söndürmək imkanına malikdir. Əvvəllər beynəlxalq sərnişin və yükdaşıma ilə məşğul olan şirkətlərə taxoqrafdan istifadə etmək qanunla tələb olunurdu. Taxoqrafsız nəqliyyat vasitələri beynəlxalq daşımalara buraxılmırdı. Son vaxtlar sərnişin avtobuslarının iştirakı ilə baş verən dəhşətli sonluqlu yol nəqliyyat hadisələri qanunvericiliyin dəyişilməsinə səbəb oldu. ”Yol hərəkəti haqqında" Qanuna edilən son dəyişikliklərdə sərnişindaşıma ilə məşğul olan bütün növ avtobuslarda və yük maşınlarında taxoqrafların quraşdırılması nəzərdə tutulur. Taxoqrafların quraşdırılmasının məqsədi belə hadisələrin qarşısının alınması, sürət həddinin aşılması və s. məsələlərə nəzarət mexanizmini təmin etməkdir. Nəqliyyat vasitəsi nə vaxt işə salındı, neçə kilometr yürüş etdi, sürücü sükan arxasında neçə saat olub və s. qeydiyyatını aparır. Əgər nəqliyyat vasitəsi sürət həddini aşırsa, bu da qeydə alınır. Sürücü yuxulu halda ardıcıl nəqliyyat vasitəsini idarə edirsə, bunu da izləmək mümkün olur. Təcili olaraq taxoqrafların quraşdırılması üçün tədbirlər görülməlidir". 

Elməddin Muradlının sözlərinə görə,  “Yol hərəkəti haqqında” Qanunda taxoqrafların ölkədaxili sərnişin və yük daşıma ilə məşğul olan şirkətlərin nəqliyyat vasitələrində quraşdırılması məcburidir: “Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişindaşıma sahəsinə cavabdeh qurumdur. Ölkədə gecə sərnişin daşınması qadağan olunub. Amma vətəndaşların gecə reyslərinə ehtiyacları qalır. Məcbur olub avtovağzallardan kənar fəaliyyət göstərən fərdi avtobus sürücülərinin xidmətlərindən istifadə edirlər. Nəticə də göz qabağındadır. Bu məsələləri nəzarətdə saxlamaq üçün qanuni fəaliyyət göstərən avtobuslara taxoqraflar quraşdırılmalı, bundan sonra gecə reyslərinə icazə verilməlidir. Tələb varsa, təklif də həmişə olacaq. Qanuna dəyişiklik edilib, amma rayonlararası, uzaq səfərlərə çıxan avtobuslara hələ də taxoqraf quraşdırılmayıb. Quraşdırılan taxoqraflar isə hansısa aksessuar kimi avtobuslarda yer tutur, işlək vəziyyətdə deyil. Qanun yeni qəbul olunub, görünür, lazımi səviyyədə icrası bir müddət vaxt aparacaq. Bu işin təşkili Nəqliyyat, Rabitə  və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunub. Sərnişindaşıma ilə məşğul olan şirkətlər qanunun tələbini yerinə yetirmək üçün hərəkətə keçməlidirlər. Uzaq yola çıxan sürücülər tez bir zamanda mənzil başına çatmaq üçün sürət həddini aşırlar və nəticədə Qazaxda baş verən dəhşətli qəza kimi olaylar meydana çıxır. Düzdür, hazırda radar sisteminin təkmilləşdirilməsi aparılır. Qanunlar qəbul olunur, amma icra mexanizmi illərlə işlənməmiş qalır. Qanuna dəyişikliklər ediləndə, icrası ilə bağlı da qeydlər olur. Qanuna dəyişiklik ediləndə icra mexanizminin işlənib hazırlanması üçün 3 ay müddət nəzərdə tutulub. Həmin müddət çoxdan ötüb. Müvafiq dövlət qurumları işlərinə  səhlənkar yanaşırlar. Düşünürlər ki, taxoqrafların tətbiqi ilə bağlı daşımaçı şirkətlərin üstünə düşəcəklər, şirkət gedib alacaq, quraşdıracaq. Buna kim nəzarət edəcək kimi suallar da ortaya çıxacaq. Ona görə də qanunu qəbul etməzdən əvvəl icra mexanizmi də düşünülüb işlənməlidir. Azərbaycan kosmosa peykini çıxarıb. Ölkəmizdə GPS sistemi daha mükəmməl və işlək olmalıdır. Qanunlara dəyişikliklər texnologiyaların tətbiqini nəzərdə tutduqda bu məsələyə bir qədər ləng, həvəssiz yanaşırlar. Qeyri-ciddi münasibət son nəticədə qəzaların qarşısının alınmasında problemlərin həll olunmamasına gətirib çıxarır. Qanuna dəyişikliklər vaxtında edilir, amma icrası təmin edilmir ki, insanlar qəzalarda dünyalarını dəyişməsinlər”. 

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR