İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər əmiri Putinə “Futbol başlayır, müharibəni dayandır” deyibmi?

3301 16.10.2022 20:46 Yazarlar A A

Gələn ay başlayacaq dünya çempionatının təşkili üçün 200 milyarddan çox  dollar xərclənib; futboldakı kimi, “heç-heçə” bu müharibənin sonu kimi ən yaxşı variant ola bilərdi, amma...

Ukrayna müharibəsinin “ayaq səsləri” eşidiləndə Pekin Qış Olimpiadasının başlamağına, yəni fevralın 4-nə sayılı günlər qalmışdı. 2008-ci ildə Pekin Yay Olimpiadasının açılış günü baş verənlər - 5 günlük Gürcüstan-Rusiya müharibəsini xatırlamayan varmı? Yanvarda Si Cinpinin Rusiya liderindən Pekin olimpiadası zamanı Ukraynaya müdaxilə etməməyi şəxsən xahiş etdiyi barədə xəbərlər yayılmışdı. Bu məlumatların nə dərəcədə həqiqət olduğu hələ də bilinmir, amma Rusiyanın Ukraynaya hərbi müdaxiləsi olimpiada bitəndən 3 gün sonra, fevralın 24-də başladı...

Noyabrın 21-də Qətərdə futbol üzrə dünya çempionatı start götürməli, dekabrın 18-də isə başa çatmalıdır.

kupa-botes.jpg (85 KB)

Dünyanın dəngəsi indi o qədər qarmaqarışıqdır ki, “başlayacaq”  və “başa çatacaq” hökmü vermək olmur. Qətərdən əvvəl 2018-ci ildə dünya çempionatına ev sahibliyi etmiş Rusiya bu mundialda iştirakdan hələ pley-off mərhələsində uzaqlaşdırıldı, Ukrayna millisi isə Uelsə uduzdu və o da ilk dəfə qışda olacaq dünya birinciliyindən kənarda qaldı.

Qətərin bu çempionatın təşkili üçün təxmini xərcləri 200 milyard dollardan çoxdur. Bu, 8 aydır davam edən müharibədə Qərbin Ukrayna üçün qoyduğu “maya”dan hələ ki, çoxdur. Bu müharibəyə Amerika və Avropa qoşulsa da, hərbi əməliyyatlar Qətərdən çox uzaq Ukrayna ərazisində gedir. 1942-ci ildə dünya çempionatı o səbəbdən təxirə salındı ki, bütün Avropa od içində idi və futbol vaxtı deyildi. Əslində, o zaman FİFA çempionata hələ iki-üç il qalmış Avropada “qan-qan” deyən Almaniyanın ev sahibliyinə isti baxmamışdı. O səbəbdən dünya çempionatının harada keçiriləcəyi (bəzi məlumatlara görə, Braziliya, Uruqvay və Argentina çempionatı birgə keçirməyi istəyirdi) dəqiqləşmədən mundiual təxirə salındı.

Qətər bu çempionata 8 ildir hazırlaşır, pul xərcləyir, həm də istəyir ki, ev sahibi kimi pul da qazansın. Amma Ukrayna müharibəsi səbəbindən Avropada ciddi krizis yaranıb, əhali maddi çətinliklərlə üzləşib, üstəlik, enerji böhranının qışda daha da ciddiləşəcəyi gözlənilir. Dünya çempionatında əsas azarkeş kütləsi həmişə avropalılar olurlar, indi vəziyyət necə olacaq, hələ ki, aydınlıq yoxdur.

Bu fonda Qətər əmiri Şeyx Təmim bin Həmid Əl Tani ötən həftə Astanaya gəldi və Putinlə görüşdü.

oVHgwNLvrTnf6NmlwjZ6sUOLM3jhqudR.jpg (166 KB)

Rusiyanın çempionatın təşkilində Qətərə köməklik etdiyi məlumdur. Türkiyənin də çempionat vaxtı təhlükəsizliyin qorunmasında Qətərə ciddi dəstək verəcəyi artıq razılaşdırılıb. Məlumdur ki, Qətər həm də qaz ixrac edən lider ölkələrdən biridir və Rusiya ilə müzakirə ediləsi məsələlər vardı. Amma indi Qətəri ən çox narahat edən yəqin ki, davam edən müharibədir. O səbəbdən bu görüş “əcəba, dünya çempionatınadək müharibə bitə və ya atəşkəs ola bilərmi” sualını aktuallaşdırıb.

Qətər əmirinin Putinlə Ukrayna müharibəsini müzakirə etdiyi bildirilir. Güman ki, Əl Tani Putinin mövqeyini öyrənib, özləri üçün mənzərini aydınlaşdırıblar. İndi müharibədə elə bir mərhələdir ki, hər iki tərəf bütün gücünü hərb meydanında daha əlverişli mövqelər qazanmağa yönəldib. Putinə indilikdə “dayan” deməyə, heç ən yaxın adamı müdafiə naziri Şoyqu belə bəlkə də cəsarət etməz, ola ki, Qətər əmiri... Ukrayna isə ölkəsinin taleyinin həll olunduğu vaxt dünya çempionatını düşünəcək halda deyil. Həm də bu məsələdə qərarın heç də Kiyevdə verilmədiyini nəzərə alsaq...        

Dünya çempionatı müharibənin başlamasının 9-cu ayına təsadüf edəcək. Birinci Dünya müharibəsində 9 aydan sonra kimin qalib, kimin uduzduğu artıq bəlli idi, baxmayaraq ki, sülhə yol bir qədər uzun çəkdi. Bəzi təhlillərə görə, qışa qədər də Ukrayna müharibəsində kimin qalib, kimin uduzduğu aydınlaşmalıdır. Müharibədən sülhə keçid uzana bilər, amma hərb meydanında mənzərə aydınlaşarsa, nə Rusiya, nə də Ukrayna əməliyyatları üzücü həddə uzada biləcək. Rusiya anlayır ki, əks-hücuma keçib, məsələn, Xarkov vilayətini yenidən tutmaq çətin olar. Amma o da həqiqətdir ki, ukraynalılar da hücuma xeyli qüvvə sərf edirlər və bu, kifayət qədər itkilərlə nəticələnir.

1649572923_untitled-1.jpg (131 KB)

NATO-nun “bu savaşda Ukrayna qalib gəlməlidir” mövqeyi əslində, riyakarlıqdır. Fərz edək ki, Ukrayna bu münaqişədə qalib gəlib. Ukraynanın Avropanın ən güclü ordusunu məğlub etdiyi halda nə olacaq? Ukrayna bu qələbədən sonra avropalılara olduğu milyardlarla borcu, krediti nümayişkaranə qaytarmayacaq, üstəlik, bu qələbə onu Şərqi Avropanın lideri edərsə, başda məsələn, Polşa olmaqla yeni mini-birlik(lər) formalaşdırmağa başlayarsa, o halda Avropa, NATO  peşman olmayacaq ki? Bu səbəbdən müharibəni bitirmək yolları haqda ciddi düşünürlər və bəzi məlumatlara görə, Türkiyə Qərb-Rusiya danışıqları üçün hərəkətdədir...  

Futboldakı kimi, “heç-heçə” bu müharibənin sonu kimi ən yaxşı variant ola bilərdi, amma bu, belə görünür ki, artıq mümkün deyil. Qismətimizdə müharibə dövründə dünya çempionatına baxmaq da varmış demək...

Bu müharibənin qalibi “dünya çempionu” olmayacaq, amma nəticə dünyada daha çox şeyi dəyişəcək.

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR