İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi azərbaycanlılar Laçın yolu ilə Gorusa getsə...

1827 06.04.2023 15:56 Yazarlar A A



Azərbaycan dövləti növbəti humanist addımı ilə separatçıların və onlardan istifadə edənlərin daha bir bəhanəsinin üstündən xətt çəkdi: Şuşadakı Təcili Yardım briqadamız  Laçın yolunda halı pisləşmiş erməni sakinlərə ilkin tibbi yardım göstərib, onları Xankəndi şəhərinə çatdırmaqla. Bundan əvvəl Azərbaycanın saysız-hesabsız bənzər addımları olmuşdu, bütün baş verənlərə rəğmən, evlərdə köməksiz şəkildə buraxılmış yaşlı erməniləri, uşaqları, hətta hərbçiləri ölümdən xilas etmişdi. Həkimlərimizin bütün riskləri göz önünə alaraq Xankəndiyə getmələri və gecə yarısı ermənilərin həyatda qalmasına yardım etmələri növbəti nümunəvi davranış oldu.

Bəli, çox riskli addım idi. Baxmayaraq ki, həkimlərimiz Rusiya hərbçilərinin müşayiəti ilə gedib-gəldilər, amma elə hadisələr rus hərbçilərinin gözlərinin qarşısında törədilməyibmi? Azmı mülki sakinlərimiz, jurnalist həmkarlarımız – məsələn, Salatın Əsgərova – həmçinin Təcili Yardım maşınlarımız, həkimlərimiz erməni gülləsinə tuş gəlib, məhz rus hərbçilərin mövcud olduğu yerlərdə?..

4 aprel gecəsi Qarabağda yaşayan ermənilərə yardım edən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyevin söylədiklərini oxuduqca, qürurlanaraq dünyaya hayqırmaq istəyir adam: “Baxın, qulaq asın, bu, bizik! Budur bizim böyüklüyümüz!” Həkim deyir ki, Laçın-Xankəndi yolunda səhhəti pisləşən ermənilərə ilkin tibbi yardımı göstərib, onları Xankəndi xəstəxanasına çatdırıblar. Sitat: “Azərbaycan respublikasının erməni əsilli sakinlərinə tibbi xidmət göstərmək bizim vəzifə borcumuzdur. Bizi Xankəndi xəstəxanasında çox yaxşı qarşıladılar, öz vətəndaşlarımıza xidmət göstərdik. Əlimizdən gələni elədik”. Digər fədakar insan, Şuşa şəhər modul tipli xəstəxananın tibb bacısı Gülsüm Həsənova isə APA-ya deyib ki, ermənilər onları görəndə həyəcanlanıblar: “Biz insan, tibb işçisi olaraq vəzifəmizi yerinə yetirdik. Mən də həkimin göstərişlərini icra elədim, nə lazımdırsa etdik”.

Diqqət edin, azərbaycanlı həkimlər, hətta xanım tibb işçiləri ermənilərin həyatda qalması üçün əllərindən gələni edirlər, qarşı tərəfsə...Bu barədə az sonra...

Yayılan məlumatda bildirilir ki, Laçın-Xankəndi yolunda Rusiya sülhməramlıları Şuşa həkimlərindən yardım istəyib. RSK hərbçiləri Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə yaxınlaşaraq həkimə ehtiyac olduğunu bildiriblər. Əraziyə gətirilən xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili xəstələri Laçın istiqamətinə aparıb. Daha sonra tibbi ləvazimat lazım olduğu və daha bir tibbi maşına ehtiyac olduğu bildirilib. Şuşalı həkimlər xəstələrə ilkin tibbi yardım göstərdikdən sonra onları Xankəndi xəstəxanasına çatdırıblar.

Gəlin görək ötən günlər ərzində ermənilər hadisə barədə necə məlumat yayıblar? Görək heç olmasa bir rəsmi, qeyri-rəsmi şəxs Azərbaycan dövlətinə, heç olmasa xidmət başında olan həkimlərimizə dilucu təşəkkür edibmi? Yox! Nəinki təşəkkür etməyiblər, hətta adətlərinə uyğun şəkildə şərləyiblər!!!

Erməni mətbuatının yazdığına diqqət edin: “Geri qayıtmaq barədə əvvəllər razılığa gəlinməsinə baxmayaraq, Gorus-Xankəndi (“stepanakert” yazırlar təbii ki...-E.P.) avtomobil yolunun bağlanmış hissəsinin Şuşa (bu yerdə də “şuşi” adlı yarlıq yapşdırıblar-E.P.) hissəsində Azərbaycan hökumətinin agentləri (mundarlığın son həddi-E.P.) özlərini “ekoloji fəal” kimi təqdim edərək, bu mülki şəxsləri daşıyan Rusiya sülhməramlı qüvvələrinin maşınlarının keçidinə mane olublar”. Bunu s “artsax” rejiminin oyunca “ombudsman”ı Qeqam Stepanyan yazıb. Sərsəmləmələrinin davamında iddia edib ki, bir neçə aydır ailələrindən ayrılmış 27 mülki şəxs, o cümlədən qocalar, uşaqlar və əlillər Rusiya tərəfi ilə razılaşdırılaraq (?!-E.P.) və Rusiya sülhməramlılarının müşayiəti ilə aprelin 4-də saat 15:30 radələrində Gorusdan Xankəndiyə gediblər. Guya ekoloji fəallar “bu mülki şəxsləri daşıyan Rusiya sülhməramlı qüvvələrinin maşınlarının keçidinə mane olublar”. Nəticədə vətəndaşlar 5 saata yaxın burada qalıblar. Rusiya tərəfi ilə azərbaycanlılar arasında nəticəsiz aparılan danışıqlardan sonra maşınlar Gorusa qayıdıb.

Avantürist Qeqam daha da uzağa gedərək azərbaycanlıların hətta gözləyən maşınlardan birinə girdiklərini, gözləmə və danışıqlar zamanı 4 mülki şəxsin özünü pis hiss etdiyini, onlardan üçünün huşunu itirdiyini deyib. Və... “Onlar Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndidəki Respublika Tibb Mərkəzinə aparılıb. Qalan dinc sakinlər - 23 nəfər Gorusa qayıdıblar”.

Separatçılar hələ də anlamaq istəmirlər ki, bölgədə yeni reallıq yaranıb və burada söz sahibi Azərbaycandır! Gorusdan Qarabağa gəlmək istəyən Azərbaycanın sərhəd qapısında sənədlərini təqdim etməli, kim Qarabağda yaşamaq hüququna malikdirsə, o içəri daxil ola bilər. Min dəfə demişik: Azərbaycan ərazisi karvansaray qapısı deyil, istənilən şəxs dəvələrini qabağına qatıb 100 km içəri-Xankəndiyə gəlsin!

Azərbaycan ərazilərinə qanunsuz daxil olduqlarına görə, Azərbaycanın hüquq-mühafizə orqanları həmin şəxsləri dərhal həbsə edə, Qobusatana göndərə bilərdi. Normalda həmin 23 nəfər Gorusa qayıtmamalı, Qobustana göndərilməliydi. Əgər bunu etməyibsə, onda separatçılar gedib Azərbaycan polisinin ayaqqabısını öpsünlər, bu humanizmə görə!

Amma özünü qanmazlığa qoyan separatçılar Azərbaycanı “təkəbbürlü davranış”da, beynəlxalq ictimaiyyətin çağırışlarına və Beynəlxalq Məhkəmənin qərarına “əməl etməməmək”də ittiham edirlər. Ermənistan hətta məğlub olduğu halda, Azərbaycanın heç bir vətəndaşı bu ölkənin ərazisinə, hətta özümüzün dədə-baba torpaqlarımıza getmir. Sonuncu deportasiyanın qurbanı olan 23 nəfər Laçından Gorusa, öz yurd-yuvalarına getmək istəsə, Ermənistan tərəf buna icazə verərmi? Bəlkə biz də test edək: bir qrup Qərbi azərbaycanlı avtomobillərə minib “evimizə gedirik”-desinlər. Ermənilər nəinki buna imkan verməz, hətta halı pisləşənimiz olsa, su da verməzlər, həkimlərin yardımını bir yana qoyaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR