İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Şimal-Cənub dəhlizinə qarşı - Azərbaycanın itirəcəyi varmı?

2418 29.04.2023 09:30 İqtisadiyyat A A

Azərbaycan öz ərazisindən Qərbin qadağan etdiyi məhsulların Rusiyaya çatdırılmasına imkan verməyəcək

Qərb ölkələri Moskva və Tehranın Ukraynada müharibə başlanandan sonra aktivləşdirdikləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə (BND) qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu barədə Tehranda ingilis dilində nəşr olunan “Financial Tribune” yazıb məlumat yayıb.

Əsasən İranın nəqliyyat infrastrukturlarına dair araşdırmaları ilə tanınan “Financial Tribune”nin məlumatına görə, ABŞ və Avropa İttifaqı Şimal-Cənub nəqliyyat dəhlizinə Rusiyanın Qərbin sanksiyalardan yayınması üçün vasitə kimi baxırlar. Buna görə də onlar dəhlizlə bağlı mühüm layihələrin icrasının qarşısını almaq üçün sanksiyalar tətbiq etmək niyyətindədirlər. Bu zaman Vaşinqton və Brüssel ikincili məhdudiyyətlərdən istifadə etməyi nəzərdə tuturlar. Bu isə o deməkdir ki, iqtisadi sanksiyalar əvvəllər tətbiq edilməyən ölkələrdən də yan keçməyəcək.

Xatırladaq ki, həm ABŞ, həm Avropa İttifaqı son aylarda Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq istiqamətində fəaliyyətləri kəskin şəkildə artırıblar. Avropa İttifaqının Rusiyaya qarşı 11-ci sanksiya paketində əsas diqqətin “açıq dəlik”lərin qapanmasına yönəldiləcəyi elan olunub. Bundan əlavə, İranın Ukraynaya qarşı müharibədə istifadə etməsi üçün Rusiyaya dronlar satdığı artıq sübuta yetirilib. Tehranın Moskvaya orta və uzaqmənzilli raketlər də tədarük etməyə hazırlaşdığı bildirilir. Artıq Avropa İttifaqı İranın dron və raket istehsalında iştirak edən şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Şimal-Cənub dəhlizindən sanksiya altında olan hər iki ölkənin sanksiyalardan yayınmaq məqsədilə istifadəsi bu baxımdan gündəmə gətirilə bilər. Bu isə İran qəzetinin təxminlərində yanılmadığı ehtimalını qat-qat artırır.

Qəzet qeyd edir ki, Hindistan Rusiya neftinin əsas alıcısına çevrilməklə onsuz da Qərbə qarşı mövqe sərgiləmiş olub. Lakin rəsmi Dehlinin sanksiyaları nəzərə almadan Rusiya və İranla ticarət əlaqələrini dərinləşdirməsi ölkə üçün çox ciddi problemlər yarada bilər. Buna görə də dünyanın inkişaf etməkdə olan ikinci böyük iqtisadiyyatına sahib olan Hindistan üçün Şimal-Cənub dəhlizinin iqtisadi cəlbediciliyi kəskin şəkildə azalmış durumdadır.

Şərqlə Qərbi yaxınlaşdıran önəmli coğrafi məkan

Bütün bunlarla yanaşı, dəhlizin texniki xarakterli problemləri də az deyil. Əsas problemlərdən biri İran dəmiryol sistemini Azərbaycanın dəmiryol şəbəkəsinə birləşdirəcək Rəşt-Astara dəmiryolxətti ilə bağlıdır. Azərbaycanın bu xəttin çəkilməsi üçün Tehrana ayırdığı  500 milyon dollarlıq güzəştli kreditin taleyi məlum olmasa da, İran tərəfi yolun çəkilişi üçün maliyyə çatışmazlığı yaşadığını gizlətmir. Son məlumatlara əsasən Rusiya Rəşt-Astara yolunun çəkilişini maliyyələşdirməyə həvəs göstərir. Lakin bunun müqabilində çox böyük güzəşt və imtiyazlar tələb edir.

İran qəzeti yazır ki, hətta Rəşt-Astara dəmiryolu çəkilsə belə, İran dəmiryollarının bu xətt ilə daşımaları həyata keçirmək üçün yetərincə vaqon və konteyner parkı mövcud deyil. İran Şimal-Cənub nəqliyyat dəhlizinin digər seqmenti olan dəniz daşımaçılığı üçün də lazımi ticarət donanmasına malik deyil. Belə donanma heç Rusiyada da yoxdur. Bundan əlavə, Rusiyanın cənubundakı Həştərxan limanı qışda buz bağlayır və onunla yükaşırma mümkünsüz hala gəlir. Suyu azalan Volqa çayı və Volqa-Don kanalında dibdərinləşdirmə işləri böyük həcmli vəsait qoyuluşu tələb edir ki, Rusiyanın hazırda belə imkanı yoxdur.

Qeyd edək ki, Azərbaycan Şimal-Cənub dəhlizinin avtomobil və dəmiryol seqmenti üzrə iştrakçısıdır. Ölkə ərazisindən Rusiyadan İrana Şimal-Cənub  dəhlizi üzrə avtomobil yüklərinin daşınmasının həcmi xeyli artıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına əsasən 2022-ci ildə Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində dəmiryolu ilə yükdaşımaların həcmində 90 faiz artım qeydə alınıb. Bu marşrutla 0,7 milyon ton yük daşınıb.

Azərbaycan bu yükdaşımaların artmasında maraqlıdır. Prezident İlham Əliyev Almaniyada iş adamları ilə görüşündə bu marağı ifadə edib. Bildirib ki, Azərbaycan dəhlizlə yükdaşımaları artırmaq üçün öz dəmiryol infrastrukturunu modernləşdirir: “Şərq-Qərb əsas etibarilə tamamlanıb, lakin Şimal-Cənubda qatarların sürəti çox aşağıdır. Hazırda biz Bakıdan Rusiya sərhədinə dəmir yolunun yenidən qurulmasına investisiya yatırırıq. Ümidvaram ki, bir neçə ilə bu, tamamlanacaq. Biz, həmçinin Cənub istiqamətində gedən dəmir yolunun istiqamətini dəyişməyi planlaşdırırıq. Çünki hazırda o, birbaşa Xəzər dənizinin sahilinə gedib çıxır. Şimal-Cənub nəqliyyat dəhlizində yüklərin potensial həcmi 15 milyon tondan 30 milyon tona qədər olacaq. Bu, Azərbaycandan tranzit ölkə kimi istifadə etməyi planlaşdıranlardan aldığımız son məlumatdır”.

Sürət, effektivlik, mümkünlük Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən  keçən tranzit yolunun üstünlükləridir – Yint

Lakin proseslərin gedişi göstərir ki, Qərb sanksiyaları Şimal-Cənub nəqliyyat dəhlizinin iqtisadi səmərəliliyini minimuma endirmək üzrədir. Belə ki, dəhliz əsasən Hindistandan yüklərin İran və Azərbaycan üzərindən Rusiyaya və Avropaya çatdırılması məqsədilə yaradılır. İranın sanksiya altında olması onun ərazisi ilə Avropaya yükdaşımaları mümkünsüz hala gətirib. Bu şəraitdə əsas yükdaşımaların Hindistandan Rusiyaya reallaşması şərtə çevrilib. Lakin Qərbin sanksiyaları üzündən Hindistanın Rusiyaya mal idxalını artırması da mümkün olmur. 2022-ci ildə Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsinin həcmi ikiqat artaraq 30 milyard dollara çatıb. Bu artımın 99 faizi ucuz Rusiya neftinin hesabınadır. Hindistan 2022-ci ilin aprelindən 2023-cü ilin aprelinə olan dövrü əhatə edən maliyyə ilinin 11 ayında - 2023-cü ilin martın sonunadək Rusiyadan 41,6 milyard dollarlıq mal alıb. Ötən ilin aprelindən bu ilin yanvarınadək Hindistanın Rusiyaya ixracı cəmi 2,5 milyard dollar olub. Nəzərə alsaq ki, bu ilin əvvəlindən bəri Hindistan Rusiyadan gündəlik neft alışını 1,6 milyon barelə çatdırıb, onda bu ticarətin birtərəfli olduğunu rahatlıqla söyləyə bilərik. Çünki Hindistandan Rusiyaya mal ixracının aylıq həcmi bir neçə yüz milyon dollarla ölçülür. Halbuki ötən ilin payızından indiyədək Rusiya tərəfi dəfələrlə Hindistan mallarının idxalında maraqlı olduğunu açıqlayıb.

Məsələ burasındadır ki, Rusiya neftinin dəyərini Hindistan şirkətləri rupi ilə ödəyirlər. Ötən il Rusiya rubluna nəzərən 2 dəfə dəyər itirən rupi ilə neft satan Rusiya şirkətləri onu reallaşdırmağa yer tapmırlar. Faktiki olaraq, Rusiya öz neftini Hindistana bu ölkənin özündən başqa heç bir yerdə istifadə edə bilməyəcəyi pula satır.

Üstəlik, Qərb sanksiyaları Rusiya bazarlarını boşaltmaq üzrədir. Hələ 2022-ci ilin noyabrında Reuters Rusiyanın Hindistandan 500 adda məhsul almaq üçün Dehliyə müraciət etdiyinə dair məlumat yaymışdı. Bu məhsulların əksəriyyəti iqtisadiyyatın əsas sahələrinin ayaqda qalması üçün lazımdır. Bura avtomobillər, təyyarələr, gəmilər üçün detallar, yağ nasosları, alovlanma düymələri, bamperlər, təhlükəsizlik kəmərləri, şinlər, rabitə və yanğınsöndürmə sistemləri və sair mallar daxildir. Həmçinin Rusiya Hindistandan kağız, kağız paketlər, kağız qablaşdırma materialları istehsalı üçün xammal, tekstil sənayesi üçün avadanlıqlar, metallurgiya sənayesi üçün 200-dək məhsul da istəyib. Rusiya hökumətinin Hindistan hökumətinə göndərdiyi 14 səhifəlik sənədlə tanış olan Reuters yazırdı ki, Moskvanın az qala tələb xarakterli müraciəti Hindistan hökumətində böyük təəccüblə qarşılanıb. Hindistan rəsmilərindən biri agentliyə bildirib ki, “Rusiyadakılar sanksiyaların yaratdığı reallıqları heç cür nəzərə almaq istəmirlər”.

Bu müraciətdən sonra Rusiyanın sənaye və ticarət naziri Denis Manturov 3 dəfə Hindistana gedərək hökumət və biznes çevrələri ilə görüşlər keçirib. Sonuncu dəfə aprelin 17-də reallaşan səfər zamanı Rusiyalı nazir ölkəsinin onlara mal satacaq Hindistan şirkətlərinə vergi güzəştləri tətbiq etməyə hazır olduğunu bəyan edib. O bildirib ki, Hindistandan dərman preparatları, yol texnikası, kimya sənayesi üçün komplektləşdirmə detalları və məhsulların idxalında maraqlıdırlar. Belə ki, 2022-ci ildə Rusiyaya dərman idxalı 9 faiz azalıb. Qərb ölkələrinə məxsus 28 əczaçılıq korporasiyası Rusiyaya ixracı tamamilə dayandırıblar. Nəticədə Rusiya apteklərində satılan dərman növlərinin sayında 2400 azalma qeydə alınıb.

Saterpillar, Hitachi, John Deere və digər yol texnikası nəhəngləri də Rusiyada fəaliyyəti dayandırıb. Nəticədə Rusiya yol texnikası və onların komplektləşdiricilərinin çox ciddi çatışmazlığı ilə üzləşib.

Rusiya ehtiyac duyduğu malları Çindən də əldə edə bilmir. İki ölkə arasında neft-qazdan kənar ticarət dövriyyəsi 2022-ci ildə cəmi 1.2 faiz artıb. Bu isə Pekinin də Rusiyaya ixracda maraqlı olmadığını göstərir. Faktiki olaraq, nə Çin, nə də Hindistan Qərb sanksiyalarını pozaraq Rusiyaya qadağan olunan malları satmaq istəmirlər. Bu isə Hindistan mallarının daşınmasına hesablanmış Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasını ciddi sual altına alır.

Daha bir mühüm məqam Azərbaycanın mövqeyi ilə bağlıdır. Aydın məsələdir ki, Azərbaycan öz ərazisindən Qərbin qadağan etdiyi məhsulların Rusiyaya çatdırılmasına imkan verməyəcək. Rəsmi Bakı indiyədək özəl biznesin belə qadağan olunmuş məhsulların Rusiyaya reeksportunun qarşısını alıb. Bu siyasətin sanksiyalar qaldığı müddətdə davam edəcəyi heç kimdə şübhə doğurmur. Bu isə o deməkdir ki, hətta Hindistan öz məhsullarını Rusiyaya satsa belə, onların Şimal-Cənub dəhlizinin Azərbaycan hissəsindən keçməsi mümkün olmayacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR