İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Rusiyanın dirhəm arzusunu gözündə qoydu

1341 26.06.2023 21:13 İqtisadiyyat A A

Moskva birjası dirhəm/rubl cütlüyü ilə hərracları təşkil edə bilmir.

Musavat.com “Vedomosti”yə istinadən xəbər verir ki, buna səbəb Birləşmiş Ərəb Əmirliklərinin sərt mövqeyi və bu ölkədəki tərəfdaşda yaranan problemdir.

Belə ki, BƏƏ-da əməliyyatların həyata keçirilməsində iştirak edəcək agent bankın lisenziyası dayandırılıb və onun filialları bağlanır. BƏƏ Mərkəzi Bankı bu addımını sanksiya riskləri ilə əsaslandırıb.

Qeyd edək ki, son aylarda Rusiya bir sıra xarici tərəfdaşları ilə ticarətdə dirhəmlə ödənişləri ön plana çıxarmışdı. Xüsusilə Hindistana satılan neftin dəyərinin böyük ölçüdə dirhəmlə ödənişi həyata keçirilirdi. Rusiyalı ekspertlər dönər və sərbəst məzənnəyə malik dirhəmin Çin hakimiyyətinin tənzimlədiyi yuan və qeyri-stabil valyuta olan rupidən qat-qat daha təminatlı olduğunu bildirirlər. Buna görə də Rusiya neft şirkətləri Hindistandan ödənişlərin dirhəmlə aparılmasına həvəslə razılaşırlar.

Moskva valyuta birjası bu marağı nəzərə alaraq aprel ayından dirhəm/rubl hərraclarının keçirilməsini təşkil etməyə çalışır. Belə hərracların iyuldan başlanması gözlənilirdi. Lakin ötən həftə ABŞ-ın sanksiyaları sərtləşdirməsi, Avropa İttifaqının BƏƏ-nin bir neçə şirkətini Rusiyaya sanksiyalardan yayınmaqda kömək etdiklərinə görə sanksiya siyahısına salması prosesin dayandırılmasına səbəb oldu.

Xatırladaq ki, ötən ilin dekabrından Hindistan şirkətləri Rusiya neftinə görə ödənişləri dollar deyil, rupi, dirhəm və avro ilə həyata keçirirlər. Rusiya şirkətləri ilk vaxtlar rupi ilə ödənişləri qəbul etsələr də, sonradan imtina etməli oldular. Çünki Hindistan şirkətləri sanksiya qorxusu ilə Rusiyaya mal satışını artırmaqdan imtina edirlər. Nəticədə Rusiyada külli miqdarda dəyərsizləşən rupi toplandığı bildirilir. Eyni proses Çinlə bağlı da yaşanmaqdadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR