İnsanlara hürriyət, millətlərə istiqlal!

Qələbədən-Qələbəyə

290 09.05.2023 12:33 Siyasət A A


İkinci Dünya müharibəsində alman faşizmi üzərində qazanılan tarixi Qələbədən 78 il keçir. O dəhşətli müharibənin buraxdığı ağır izlər, qəddarlıq, amansızlıq, dağıntılar hələ də unudulmayıb. Dünyada hökmranlıq etmək istəyən alman faşizminin sonu yetişdi və hər il 9 May günü Qələbə bayramı kimi qeyd edilir. Bu tarixi Qələbədə soydaşlarımızın da qəhrəmanlığı tarixi yaddaşımıza həkk olundu. İkinci Dünya müharibəsi başlayanda -1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. İlkin dövrdə təqribən 40 min adam könüllü olaraq faşizmə qarşı vuruşmağa hazır olduqlarını bildirdi, təqribən 200 min adam xalq qoşununa yazıldı. Müharibə illərində təkcə 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü, 227-ci, 242, 271-ci, 392, 394 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, ümumilikdə 600 mindən çox oğul və qızımız 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak edib. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Alman faşistlərinin amansızlığı anaların, bacıların sinəsinə sağalmaz yara vurub. Ulu Öndər Heydər Əliyev də xalqımızın bu müharibədəki fədakarlığını yüksək qiymətləndirərək deyib: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 640 min nəfərə yaxın oğlan və qızları cəbhəyə getmişdir. Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.

Ç.Qənizadə ayrı-ayrı mərd oğul və qızlarımızın müharibədə göstərdikləri qəhrəmanlıqdan söhbət açaraq deyib: “Qəhrəman Azərbaycan övladları – iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşüb. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Rəşid Məcidov Brandenburq darvazası üzərində Sovet bayrağını dalğalandırmışdır. Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışlar”.

Komitə sədri Azərbaycan xalqının 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründəki qəhrəmanlığında alimlərimizin də əməyini yüksək dəyərləndirib. Deyib ki, Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu. Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər.

Hüquq müdafiəçisi deyib ki, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranlara qayğı daim dövlətimizin diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir. Prezident İlham Əliyevin bu il aprelin 26 – da “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” müvafiq Sərəncamı bu qayğının bariz nümunəsidir.

Ç.Qənizadə soydaşlarımızın Vətənin müdafiəsi uğrunda qəhrəmanlığından söhbət açarkən İkinci Qarabağ döyüşlərində qazanılan tarixi Qələbəni xüsusi qeyd edib. Deyib ki, İkinci Dünya müharibəsindəki qələbədən keçən 78 ildən sonra bizim üçün daha unudulmaz və əbədi yadda qalan İkinci Qarabağ döyüşlərindəki şərəfli Zəfər dünyaya bir daha sübut etdi ki, Azərbaycan xalqı mərd, qorxmaz, qəhrəman, Vətənin bir qarış torpağının da düşməndən azad edilməsi yolunda canını qurban verməyə hazırdır: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd günlük Vətən müharibəsində yenilməz ordumuzun qəhrəmanlığı sayəsində Ermənistanın 30 illik işğalına son qoyuldu. Dünya birliyi də şahid oldu ki, soydaşlarım ataların, babaların miras qoyduqları qəhrəmanlığı şərəflə davam etdirdilər və ərazilərimizi qəddarlıqdan, amansızlıqdan heç də faşistlərdən geri qalmayan erməni işğalçılarından azad etdilər. Azərbaycan xalqı Qələbədən-Qələbəyə gedən yolda inamla irəliləyir”, - deyə Ç.Qənizadə bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR