İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaz bazarı: kim yolunacaq, kim qaz vurub anbar dolduracaq?

1389 04.07.2022 10:19 İqtisadiyyat A A

İyulun 11 dən Almaniyaya rus qazının axını tamamilə dayanacaq. 10 günlük təmirdən sonra da qaz kəmərinin işini bərpa edəcəyi söylənsə də, alman mətbuatı əksini iddia edir.

"Frankfurter Allgemeine Zeitung" məlumat verir ki, Almaniyada artıq əhali odun sobaları almağa başlayıb. İyul ayında odun sobaları piştaxtalardan yoxa çıxıb.

"Bild" jurnalının yazdığına görə, rus qazının əsas alıcısı olan Almaniya hələlik rus qazından imtina edə bilməsə dı, rus qazının həcmi əhımiyyətli dərəcədə azalıb.

Avropa ölkələrində enerji qiymətlərinin yüksəlməsi inflyasiyanı iyun ayında 8,6%-lik yeni zirvəyə çatdırıb. May ayında yeni rekord 8,1% təşkil edirdisə, iyun ayında yeni antirekord qeydə alınıb.

İinflyasiyanın artımını pis xəbər sayan iqtisadçılar və hökumət üzvləri əhalini qənaətə səsləyirlər.

Enerji daşıyıcılarının qiymətləri ilə bərabər kənd təsərrüfatı məhsullarının da qiyməti artıb. Tərəvəz və meyvə kimi qida məhsullarında da nəzərəçarpacaq artım müşahidə olunur (11,1%), çünki yüksək qaz qiymətləri fermerlər və istehsalçılar üçün gübrələri bahalaşdırıb.

5716863.jpg (82 KB)

Heç bir Aİ ölkəsində Avroya keçiddən sonra indiki qədər yüksək inflyasiya olmayıb. Bu fenomen siyasətçilər, şirkətlər və istehlakçılar üçün son dərəcə aktual və mürəkkəb problemə çevrilib.

Almaniyanı rus qazını almağa məcbur edən də məhz inflyasiya amilidir. Ukraynadakı müharibənin əsas günahkarlarından biri kimi də məhz rus qazından imtina edə bilməyən Almaniya hesab olunur. Rusiyaya müharibəni davam etdirmək üçün lazım olan maliyyə resursu Almaniya və Fransadan gəlir.

Rəsmi Berlini və Parisi Ukraynadakı müharibədən çox ölkələrindəki seçki elektoratı narahat edir.

Artan qiymətlər ilk öncə bu elektoratın cibinə, güzəranına təsir edir, bu da seçim zamanı hakim partiyalara məğlubiyyətdən başqa heç bir şey vəd etmir. Bu üzdən də alman və fransız hökumətləri Ukraynadan öncə, öz seçicilərini və ölkələrindəki güzəranı düşünürlər.

Rus qazından tamamilə imtina inflyasiyanı və enerji qiymətlərini daha yüksəyə qaldıra bilər ki, bu da Makron və Şolts hökumətlərinin süqutu ola bilər.

Alman mətbuatı da istilik xərclərinin artmasının sosial partlayışa səbəb ola biləcəyini yazır. Kansler Şolts ARD televiziyasına müsahibəsində istilik xərclərinin artımından ciddi narahat olduğunu bildirib.

19 Atom Elektrik Stansiyasına malik olan Almaniyada qaza olan ehtiyac son illərdə daha da artıb. Bild jurnalının yazdığına görə, 19 AES dən cəmi ikisi fəaliyyət göstərir. Onların da ilin sonuna qədər bağlanması planlaşdırılırdı. İndiki vəziyyətdə atomdan tamamilə imtina mümkünsüz görünür.

 

2011 ci ildə Yaponiyanın Fukuşima əyalətində yerləşən AES-də baş vermiş qəzadan sonra Avropa ölkələrində fəaliyyətdə olan atom stansiyalarının böyük əksəriyyətinin fəaliyyəti dayandırılıb.

61ec9687d45c661ec9687d45c7164289498361ec9687d45c461ec9687d45c5.jpg (439 KB)

Atom fəlakəti qorxusundan atomla işləyən stansiyaların 80-90 faizinin fəaliyyətinə xitam verilib. Atom fəlakətindən qurtulmaq istəyən Avropa Rusiyanın qaz şantajı ilə üzləşib.

Atom stansiyalarını bağlamağa tələsməyən Avropa ölkəsi İsveçrədir. Ölkədə mövcud olan 5 AES in hamısı fəaliyyətdədir. İsveçrə hökuməti alman kolleqalarından fərqli olaraq, yaşıl enerjiyə tədricən keçməyi qərara alıb və ilk AES 2032 ci ildə bağlanmalıdır. Bu vaxta qədər hökumət yaşıl enerji istehsalı üçün bütün tədbirləri həyata keçirməlidir.

Almanlar tələsdiklərini və rus qazını almağa məcbur edildikləri üçün Şröder və Merkel hökumətlərini qınayırlar. Halbuki almanların yaşıl enerji istehsalı imkanları digər ölkələrinkindən daha çoxdur. Geniş ərazi imkanları günəş batareyalarının və külək turbinlərinin yerləşdirilməsi imkanlarını artırır.

Enerji bazarını araşdıran İCİS şirkətinin məlumatına görə, Ukraynada müharibə başlayandan bu günə qədər ötən illə müqayisədə Rusiyanın qazancı cəmi 3 faiz azalıb. Halbuki Almaniya ötən illərə nisbətdə Rusiyadan daha az qaz alır.

Ukraynadakı müharibə, Rusiya qazının tədarükünün azalması, qlobal ərzaq təhlükəsizliyi, təchizatın pozulması, Çinlə münasibətlərin gözlənən sərtləşməsi yaxşı heç bir şey vəd etmir.

Almaniyanın iqtisadiyyat naziri Habek Handelsblat jurnalına müsahibəsində Rusiyadan alınan qazın azalması faktını təsdiqləyib. Onun sözlərinə görə, Almaniya Rusiyadan aldığı gündəlik qazın həcmini 10 milyon kubmetr azaldıb. Yəni müharibədən sonra Rusiyanın Avropaya satdığı qazın həcmi ötən ilkinin 40 faizini təşkil etsə də, qazanc stabil qalıb.

Qazın qiymətinin sürətlə artımından sonra Moskvaya ödənilən gündəlik məbləğin 150-180 milyon avro aralığında olduğunu yazan "Bild" dərgisi almanların rus qazına olan məhəbbətini tənqid edir.

Rus qazını Almaniyaya daşıyan “Şimal axını 1” 2005-ci ildə kansler Gerhard Şröder (SPD) tərəfindən planlaşdırılıb və 2011-ci ildən fəaliyyət göstərir. Yeni tikilmiş və fəaliyyətinə icazı verilməyən “Şimal axını 2” yeni boru kəməri ilə isə ildə 55 milyard kubmetrədək qaz nəql edilməliydi. Bu layihənin işə düşməsi böyük sual altındadır.

"Qazprom"un Avropaya satdığı illik 188 milyard kubmetr qazın 55 milyardı Almaniyanın payına düşür. Spiegel dərgisinin yazdığına görə, Birləşmiş Ştatlardan idxal olunan mayeləşdirilmiş qazın həcmi hələlik 15 milyard kubmetr təşkil edir və ilin sonuna qədər 50 milyarda çatdırıla bilər.

İqtisadi beyin mərkəzi sayılan Bruegelin hesablamalarına görə, Almaniya bu gün Rusiyadan qaz alınmasını dayandırarsa, 2024 cü ilə qədər qaz çatışmamazlığından əziyyət çəkəcək.

Norvec1.jpg (70 KB)

2024 cü ildə Norveç qaz bazarında əsas oyunculardan biri olacaq. Bu ölkənin Neft və Energetika Nazirliyi güman edir ki, ölkə keçən il 110 milyard kubmetr qaz ixrac etdiyi halda, bu il rekord həddə - 122 milyard kubmetr qaz ixrac edə biləcək. Avropa Birliyi əlavə tədbirlərə qərar verərsə, bu rəqəm artırıla bilər.

Dünyanın üçüncü qaz ixracatçısı olan Norveç qaz böhranından daha çox qazanır. Maya dəyəri rus qazından baha olan Norveç qazı hal hazırda bazardakı ən bahalı qazdır.

Skandinaviya qazını bazara daşıyacaq kəmərlərin tikintisinin ləngiməsi də rus qazından asılılığı artırıb. Norveç təbii qazını Danimarka vasitəsilə Polşaya daşıyacaq və bu ölkəni Rusiya boru kəmərlərindən daha az asılı vəziyyətə salacaq "Baltik Boru" kəməri hələ payızda tamamlanmalıdır.

Norveçdən gələn qaz getdikcə daha çox siyasi məsələyə dönür. Polşanın baş naziri Mateuş Moraviecki Oslonu böhrandan qazanc götürən tərəf hesab edir və Norveçdən Aİ ölkələrinə Rusiya qazının tədarükünün azalmasından sonra əldə etdiyi gəliri Ukrayna ilə bölüşməyi tələb edir.

Neft bazarında da Norveç əsas qazanc götürən tərəf sayılır. Aİ-nin altıncı sanksiya paketinə əsasən Macarıstan və Slovakiya istisna olmaqla, Rusiyadan neft idxalı ilin sonuna kimi dayandırılmalıdır.

Cənubi Avropa ölkələrinin durumu şimaldan az fərqlənir. İtaliyanın rus qazından asılılığı Azərbaycanın hesabına azalsa, italyanlar işlətdikləri qazın 40 faizini hələ də Rusiyadan alırlar.

Euronews kanalının məlumatında bildirilir ki, Bolqarıstan iyulun 1-dən etibarən Azərbaycandan “daha ​​böyük həcmdə qaz” alacaq. 2020-ci ildə imzalanmış sazişə əsasın Bolqarıstan növbəti 25 il ərzində ildə bir milyard kubmetrə qədər qaz almalıdır. Bolqarıstanın cari istehlakının təxminən üçdə bir hissəsini təşkil edəcək bu qazı çatdıracaq kəmərin tikintisi də ləngiyir. Payız aylarına qədər 182 kilometrlik kəmərin tikintisi başa çatdırılmalıdır.

Əl Cəzirə kanalı televiziyasının yaydığı digər xəbərə görə, Əlcəzairlə İspaniya arasındakı diplomatik skandal Avropanın cənubunda yeni mübahisə ocağı yaradıb. Keçmiş İspaniya müstəmləkəsi olan Qərbi Saxaraya iddia edən Mərakeşlə Əlcəzair arasındakı konfliktdə rəsmi Madrid Mərakeşin tərəfini tutub. Rəsmi Madridin bu qərarından sonra İspaniya ilə xarici ticarətlə yanaşı illik 4 milyard avroluq qaz ixrac edən kəmərin fəaliyyəti dı tamamilə dayanıb.

Misir, İordaniya, Suriya və Livan ərazilərindən keçməklə Yaxın Şərq qazını Avropaya çatdıran Ərəb Qaz Kəmərinin işə salınması haqqında 4 ərəb ölkəsi razılığa gəlsə də, burada da işlər ləng gedir.

Bu barədə məlumat yayan Əl Cəzirə kanalı bildirir ki, kəmərin təmiri üçün Dünya Bankı kredit ayırmağa razıdır, ancaq Ağ Evin Suriya sanksiyaları üzündən kreditin ayrılması qeyri mümkün görünür. Suriyadakı vətəndaş müharibəsi zamanı qaz kəməri əhəmiyyətli şəkildə xəsarət alıb, kəmərin Suriya ərazisindən keçən hissəsi tamamilə dağıdılıb.

Qaz bazarının qaz savaşına dönməsi dünya iqtisadiyyatına böhrandan başqa heç bir şey vəd etmir. Dünya bazarında enerji resurslarının qiymətinin dəfələrlə artması ərzaq böhranını daha da gücləndirib. Afrikanın kasıb ölkələrində quraqlıqdan, susuzluqdan, aclıqdan əziyyət çəkən insanların sayı milyonlarla ölçülür.

Oxfam yardım təşkilatının məlumatına əsasən hər dəqiqə dünyada 10 nəfər aclıqdan həyatını itirir. Dünya artıq insanlıq dramının kuliminasiya nöqtəsinə çatıb.

Elxan Həsənli, xüsusi olaraq Musavat.com üçün

İsveçrə

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR