İnsanlara hürriyət, millətlərə istiqlal!

Qayıdış proqramı

1819 31.12.2022 10:52 Yazarlar A A

 

Şair demişkən, özünə qayıdır, özünə hər şey, çiçəklər ətrini çəkir içinə. Güman edirik bundan sonra hökumət şairə verdiyi evləri də geri alacaqdır. Onları söküb yerində gecəqondu inşa edəcəklər. Ya da qazıb mağara tikmək olar. Qayıdırıqsa, lap əvvələ qayıdaq. Bir saqqallı lətifə var, məhkəmədə hakim müttəhimə deyir: “Lap əvvəldən başlayın”. Müttəhim deyir: “Əvvəlcə Həvva və Adəm cənnətdə oturmuşdular...”

Ancaq mövzumuz poetik və ya dini deyildir. İctimai-siyasidir. Bildiyiniz kimi, bugünlərdə şanlı məhkəmə keçmiş MTN-in poqonu yolunmuş generalı Akif Çovdarova böyük lütfkarlıqla Yeni il hədiyyəsi etmişdir. Hədiyyəni Akif müəllimə çatdırmaq üçün Apelyasiya Məhkəməsi Santa Klaus və Şaxta Babanın hər ikisini icarəyə götürmüşdür, çünki ağır hədiyyədir. Nə az, nə çox, düz 30 milyon manat. Əvvəlki məhkəmə instansiyası Akif müəllimin 30 milyonluq əmlakını müsadirə etmişdi, bunun səbəbi vardı. Bizim qanunlara görə, vəzifəli şəxsin qanunsuz əldə etdiyi əmlak müsadirə olunmalıdır, satılıb zərərçəkənlərə ödənməlidir və sairə. Lakin indi BAM (yəni Bakı Apelyasiya Məhkəməsi) belə qərara gəlib ki, Çovdarovun həmin mülklərini geri qaytarmalıyıq. Səbəb isə beləymiş: mülklər başqa adamların adınadır.

Əlbəttə. Bizdə kimin adına doğru-düzgün əmlak var? Nəyi qaldırsan, altından başqa adam çıxır. Eşşək boyda zavodların direktoru hansısa dağ kəndində qoyun otarır. Ən böyük dövriyyəli mağazalarımızı siçanlar idarə edir. Adam qorxur axırda suverenliyimiz də özümüzə məxsus olmasın, qaytarıb hansısa İvana versinlər. Yuxarıda yazdım - geri qayıdırıq (Sizə bir sirr açım: bu yazını yazdığım noutbuk da mənim adıma deyil).

Təklif edirəm prosesə kompleks yanaşaq, Çovdarovun poqonlarını, vəzifələrini də özünə qaytaraq. Aqil Xəlili Fransadan gətirək, Çovdarov onu zeytunluqda yenidən əzişdirsin.

Böyük ehtimal, bunlar hamısı qanunsuz ləğv edilib. Milli Təhlükəsizlik Nazirliyinin ləğvi bütövlükdə şübhəlidir. Məsələn, bir sürü generalı tutduq, haqq-nahaq yolduq, lakin onlara başçılıq etmiş Eldar Mahmudov hələ də kəkilini yan darayıb azad gəzir. Deməli günahsızdır. Yoxsa niyə azadlıqdadır? Bizim ölkədə günahkarlar türmədə yatır, mələklər bayırda uçur. Üçüncü hal mümkünsüzdür.

Bəlkə MTN də başqasının adına olub? Nə biləsən... Məxfi idarədir, “kupça”sına baxan yox, ünvanı naməlum...

MTN-i Eldar müəllimə qaytarandan sonra mütləq vacibdir Ramiz müəllimi də vəzifəsinə bərpa edək. O boyda adama qarşı allahsızlıq edildi. Urvatsız yola salındı. Hələ o toyqırım biabırçılığı... Qudasını “sutkalıq” türmənin qabağında ağlatdıq.

Yaxşı, bəs o qudanın göz yaşlarını necə geri qaytaracaqsınız? Hə, allahsızlar? Dostoyevski yaxşı demişdir: “Dünyanın bütün konstitusiyaları bir qudanın göz yaşlarına dəyməz”.

Açığı, mən çoxdan şübhələnirdim ki, Akif Çovdarovun 30 milyonluq əmlakı ola bilməz. Bizim generalların hamısı maaşa baxan, sadə, gözütox, messenat, buddist, sufi, dərviş, filosof, mömin adamlardır. 20 il qabaq bir generalla yolumuz kəsişmişdi, məndən soruşmuşdu ki, sən həqiqətən hacısanmı. Dedim yox, soyadım belədir. Dedi mən dindaram, namaz qılanam. Bu zaman gözlənilmədən şalvarını çirmələyib dizlərini göstərdi, dedi, bax, namaz qılmaqdan dizlərim yara olub.

Belə gözəl insanlarımız var. Ona görə də mən regionların inkişaf proqramlarına inanıram.

Çovdarovun necə 30 milyonluq əmlakı ola bilərdi ki, Metro Tağıdan 3 milyon tutub almağa məcbur qalmışdılar? Yeri gəlmişkən, Tağı müəllimin pullarını qaytarmaq da BAM-ın borcudur.

Lap geri qayıdıb 1980-ci illərə getsək mən Baykal Amur Magistralının (BAM) tikintisinə yollanmaq istəyərdim.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR