İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda özünə evi kimlər və nə vaxt tikə biləcək - açıqlama

899 14.03.2024 11:02 Ölkə A A

Deputat: “Bu, ilk növbədə işğaldan azad edilmiş rayonlarımıza əhalinin qayıdışını sürətləndirəcək”

Qarabağda quruculuq-abadlıq, tikinti işləri başlayanda belə təklif vardı ki, azad edilmiş ərazilərin sakinləri olan vətəndaşlar ata-baba yurdunda özləri fərdi qaydada da ev tikməli və bərpa işlərinə bu cür töhfə verməlidirlər. 

Ancaq bir neçə il bu məsələ təklif olaraq qaldı. İndi isə deyəsən, reallaşır. 

Belə ki, işğaldan azad olunmuş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların arzusu reallaşa bilər. Bununla bağlı müraciətlərə baxılması nəzərdə tutulub. 

Bərpa-quruculuq işlərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə onlara yaşayış məntəqələrinin bərpası və yenidən qurulması ilə bağlı təsdiq olunmuş planlara uyğun aidiyyəti üzrə baxılması nəzərdə tutulub. 

Deputat Tahir Rzayev AzTv-yə bildirib ki, Nazirlər Kabinetinin hesabatında bu məsələ şərh olunur: “Bu müraciətlərə baxıla bilər. Dövlətin nəzarəti altında və müvafiq orqanların bilavasitə tapşırıqları əsasında tikiləcək”.

Bəs bu məsələyə dair konkret bir layihə, qərar hazırlanırmı? Kim hazırlayır və ya hazırlamalıdır? Qarabağ camaatının bu məsələyə reaksiyası necədir? Kimlər və nə zaman müraciət edərək, dədə-baba torpağında özünə ev tikmək səlahiyyətində olacaq?

Aqil Məmmədov: Ümummilli Liderin iradəsi ilə qəbul olunmuş qərarlar  müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir - AZƏRTAC

Aqil Məmmədov 

Kəlbəcərin deputatı Aqil Məmmədov “Yeni Müsavat”a bildirdi ki, torpaqlarımız işğaldan azad edildikdən az sonra həmin rayonlardan olan bir sıra imkanlı sakinlər müraciət edərək öz ata-baba yurdlarında şəxsi vəsaitləri ilə ev tikmək istədiklərini və onlara bunun üçün şərait yaradılmasını xahiş etmişdilər. Son zamanlarda da bu cür müraciətlər edilir: “İnsanlarımızın bu istəklərinə müsbət yanaşıram. Maddi imkanı çatan şəxslərə şərait yaratmaq lazımdır ki, dövlətin təsdiq elədiyi plan-layihə əsasında evlərini inşa etsinlər. Dövlətin müvafiq qurumlarının ayırdığı ərazidən kənara çıxmamaq və müvafiq qurumların hazırlayıb təqdim etdiyi plan-layihə ilə vətəndaşların özlərinə ev tikmələrinin müsbət tərəfləri olardı. Bu, ilk növbədə işğaldan azad edilmiş rayonlarımıza əhalinin qayıdışını sürətləndirəcək. Tək Kəlbəcər rayonu üzrə deyil, bütün işğaldan azad olunmuş rayonlarımızdan öz evlərini tikmək istəyən insanlar olduğu üçün bu işə icazə verilməsi bütün işğaldan azad edilmiş rayonlara əhalinin qayıdışı prosesinə töhfə verəcək və kəndlərimizin, qəsəbələrimizin qurulması tezləşəcək. Bu məsələnin daha bir töhfəsi o olacaq ki, dövlət büdcəsinə qənaət ediləcək, nəticədə imkansız ailələrə evlərin tikilməsi sürətlənəcək. Çünki söhbət burada şəxsi vəsaiti hesabına öz evini tikmək istəyən sakinlərə icazə verilməsindən gedir”. 

Deputat hesab edir ki, bu ideyanın reallaşmasının müsbət tərəfləri çox olduğundan məsələyə dövlət tərəfindən müsbət yanaşılmalıdır: “İnanıram ki, yaxın gələcəkdə aidiyyəti qurumlar tərəfindən bu istiqamətdə lazımi addımlar atılacaq. Məsələ qanuniləşdirildikdən sonra vətəndaşlar özlərinə ev tikmək üçün  aidiyyəti qurumlara rəsmi müaciət edə və bundan sonra müraciətə baxıla bilər. 

Lakin bir məsələni də unutmaq olmaz. Dövlətin rəsmi icazə verməsi, şərait yaratması heç də o demək deyil ki, kim harada istədi, necə istədi ev tikmək hüququ qazanır. Yenə də təkrar edirəm ki, yalnız müvafiq qurumların ayırdığı layihələndirilmiş ərazidə baş plana uyğun şəkildə ev tikilməsindən söhbət gedir". 

Deputat vurğuladı ki, haqqında söhbət gedən məsələ barədə hələ yekun qərar qəbul edilməyib. Lakin gündəmdədir: “Ona görə də inanıram ki, yaxın zamanlarda hökumət bu vacib məsələyə münasibətini bildirəcək və məsələ müsbət həllini tapacaq. Lakin konkret vaxt barədə dəqiq fikir söyləyə bilmərəm. Yəni bu gün üçün demək mümkün deyil ki, qərar dəqiq nə zaman veriləcək və sakinlərə özlərinə ev tikmək üçün dəqiq hansı tarixdən icazə veriləcək”. 

Ceyhun məmmədov | Banker.az

Ceyhun Məmmədov

Cəbrayıl rayonundan deputat Ceyhun Məmmədov isə bildirdi ki, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq, abadlıq işləri sürətlə həyata keçirilir. Torpaqlarımız azad olunarkən insanları düşündürən əsas məsələlərdən biri öz doğma yurduna nə zaman qayıdacağı ilə bağlı idi: “Bu gün isə biz deyə bilərək ki, artıq qayıdış prosesi başlayıb və sürətli formada həyata keçirilir. Artıq Zəngilana, Füzuliyə, Laçına insanlar köçüblər. Plana əsasən, ən qısa vaxtda Cəbrayılda, Ağdamda, Kəlbəcərdə, Şuşada, insanlarımızın məskunlaşdırılmasına start verilməsi planlaşdırılır. Yəni bu gün dövlət siyasətində əhalinin öz ata-baba yurduna qayıdışı məsələsi əsas yerlərdən birini tutur. Sakinlərin özlərinə şəxsi evlər tikməsi məsələsinə gəldikdə isə bu məsələyə cənab Prezident bir neçə dəfə toxunub, fikirlərini bildirib. Prezident yerli mediaya müsahibəsində bu məsələnin müsbət həll ediləcəyini söyləmişdi. Yəni ölkə rəhbərinin bu məsələdə mövqeyi bəllidir. Ona görə də əlbəttə ki, gələcəkdə işğaldan azad edilmiş ərazilərdə vətəndaşlara şəxsi evlərini tikməyə icazə verilməsi nəzərdə tutulur. Bunun detallar, hansı formada həyata keçiriləcəyi barədə qərar qəbul edildikdən sonra insanlara ətraflı məlumat veriləcək. İnsanların bu məsələ istiqamətində gözləntisi var. Dövlət işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə həmin vətəndaşlarımızı da cəlb etsə, işin xeyrinə olacaq. Çünki insanlarımız bu prosesə töhfə verməyə həvəslidir. Hər şey planlaşdırılmış və düşünülmüş formada ediləcək”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR