İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ separatçılarına İrəvandan dəstək…

2325 22.02.2023 09:02 Siyasət A A

Ermənistan rəhbərliyi sülh “nəğməsi”nin ardınca ritorikanı dəyişdi və ocağı körükləməyə başladı; ekspertlərdən sərt addımlarla bağlı çağırışlar

Ermənistan bir tərəfdən Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan edir, digər tərəfdən isə Azərbaycanın ərazi bütövlüyünü rədd etməklə yanaşı, Qarabağdakı separatçılara dəstəyini gücləndirməkdən çəkinmir. Eyni zamanda açıq şəkildə həmin separatçıların hansısa “hərəkata başlama gününü”nü təbrik etməkdən də qalmır.

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı separat hərəkatının başlamasının 35 illiyini “təbrik”i də buna sübutdur. Belə ki, o, müraciət yayaraq, 1988-ci il fevralın 20-də başlayan separatçılıq hərəkatını “Ermənistan tarixində milli oyanış, birlik və azadlıq mübarizəsinin simvolu kimi qalacaq” kimi təqdim edib. “Hərəkat dövlətçiliyimizin bərpası yolunda atılan ilk addım idi ki, bununla da biz azad və müstəqil yaşamaq, taleyimizi qurmaq, gələcəyimizi idarə etmək əzmini bərpa etdik. Qarabağ hərəkatı Qarabağ xalqının öz hüquqlarını müdafiə etmək və öz torpaqlarında layiqli həyat sürmək hüququnu və iradəsini ifadə etməli idi”. Paşinyan daha sonra iddia edib ki, 35 ildən sonra da Qarabağ erməniləri ciddi sınaqlarla üz-üzədir. O, hazırkı vəziyyətdə Qarabağda yaşayan ermənilərin guya “mühasirədə” olduğunu bildirib. Ermənistanın baş naziri hazırda Laçın dəhlizi və ermənilərin humanitar problemlərini həll etmək üçün beynəlxalq təşkilatlarla ciddi şəkildə işlədiklərini də dilə gətirib. N.Paşinyan deyib ki, yalnız həmin təşkilatlar vasitəsilə yolun açılmasına nail olmaq mümkündür. Paşinyan sonda müraciətində Qarabağ ermənilərinə “Artsax vətəndaşları”- deyə xitab edib. Daha sonra qeyd edib: "Dinc, təhlükəsiz yaşamaq, quruculuq naminə möhkəm və sarsılmaz olun! Yeni qlobal və regional çağırışlarla üzləşərək, bu yolda bizi gözləyən fəsadları və problemləri anladığımız qədər, səylərimizi sülh gündəliyinin həyata keçirilməsinə yönəltməliyik. Ümumiyyətlə, dinc, ləyaqətli və təhlükəsiz həyat Qarabağ hərəkatının əsas məqsədi olub və biz bu məqsədə doğru irəliləməliyik”.

Ermənistan fevralın 15-də Azərbaycanla sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və təkliflərini rəsmi Bakıya təqdim edib. İddia olunur ki, Ermənistan yeni təkliflərdə yenə də Qarabağ erməniləri şərti qoyub. Paşinyanın bu müraciəti də onu göstərir ki, İrəvan daxili basqılar və Qərbdən aldığı təlimatlarla yenidən separatizmi körükləyir.

Diqqət edirsinizsə, N.Paşinyan məhz Avropa İttifaqının patrullarının Ermənistana gəlməsindən sonra yenidən közərməkdə olan ocağı körükləməyə, separatçıların yaddaşını təzələməyə başladı. Ermənistan hakimiyyəti sülh nəğməsi oxuya-oxuya yenidən geridönüş etməyə başladı. Bəs bu prosesə reaksiyamız necə olmalıdır? Qarşıdakı dönəmdə nələr gözlənilir?

Rusiya ilə Ermənistan bir-birilərini çoxdan satıblar" - Üzeyir Cəfərov

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Münhendən İrəvana çatar-çatmaz Paşinyan bir sərsəm twit atmaqla özünün necə qeyri-ciddi siyasətçi olduğunu bir daha nümayiş etdirdi: “Milyonların gözü qarşısında Cənubi Qafqazla bağlı paneldə dili topuq vuran bu şəxs, primitiv düşüncə sahibi olmasını nümayiş edən adam, bir daha separatçılara ünvanladığı "təbrik məktubu"nda öz çirkin iç üzünü bir daha açıb ortalığa qoydu. Bu şəxs artıq 2 ildən artıq müddətdir ki, müxtəlif hoqqabazlığı və öz havadarlarından aldığı təlimatlara əsasən sülh müqaviləsinin imzalanmasını yubadır, bu gedişlə inanmıram ki, Paşinyan 2023-cü ildə də hansısa konkret addımlar atsın. Proseslər yenə də Azərbaycan əsgərinin bunun təpəsinə möhkəm, sonuncu, həlledici zərbə vurması istiqamətində gedir. Hadisələrin inkişafı onu deməyə əsas verir ki, bunlar öz çirkin, məkrli siyasətlərindən əl çəkməyib və çəkməyəcəklər". Ü.Cəfərov vəziyyətin yenə də gərginləşəcəyini proqnozlaşdırır: “Bu adam yəqin ki, Avropadan gələn 100 nəfərə yaxın missiyaya arxayın olub. Hesab edir ki, guya bundan sonra bunu cəzalandırmaq üçün Azərbaycan lazım olan işləri görməyəcək. Mən elə düşünmürəm. Erməni tör-töküntüləri qeyd-şərtsiz ölkəmizin suveren ərazilərindən tez bir zamanda çıxarılmalı, əks təqdirdə isə biz bunu zor gücünə etməliyik. Başqa çıxış yolu da qalmayıb. Bu axmağın hiylələrinə və hoqqabazlığına nə qədər dözməliyik?! İnsanda neçə sifət olarmış?! Son iki ildən bir qədər artıq müddətdə Qarabağda separatçıların 24 hərbi obyekti peyda olub. Bu nə deməkdir? Bu, sabah ordumuza və dinc əhalimizə qarşı potensial təhlükə və güc tətbiqinin real olması deməkdir. Ona görə də nə qədər ki, proseslərə separatçıların liderləri və onlara açıq və ya gizli dəstək verən rəsmi Moskva və Paris, Tehran seyrçi qalacaq, bizim ərazi bütövlüyümüz çətin tam bərpa edilsin”. Polkovnik dedi ki, Paşinyanın separatçılara son məktubu başdan-ayağa təhrikçi mövqedir və onlara bundan sonra da İrəvanın maddi və siyasi, hərbi-iqtisadi dəstəyinin davam ediləcəyi mesajıdır.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, “sülh oyunları” ilə özümüzü aldatmamalıyıq: “Mən əvvəldən demişəm ki, Ermənistan bizimlə sülh sazişi imzalamayacaq. Çünki indiki şəraitdə sülh onlara sərf etmir, Qarabağa iddialarından əl çəkməyiblər, həm də alət olduqlarına görə özbaşına hərəkət edə bilməzlər. ABŞ və Rusiya üçün ermənilər hələ də müəyyən rolları oynamalıdırlar. ABŞ dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan rəhbərlərini Münhendə görüşdürməsi də məsələni bitirmək məqsədi güdmür, daha çox regionda mövqelərini möhkəmləndirmək cəhdidir. Rəhmətlik prezident Heydər Əliyev 2001-ci ildə Fransa və ABŞ-da yüksək səviyyəli görüşlərdən sonra acı həqiqəti dilinə gətirdi ki, bunların məqsədi "Dağlıq Qarabağa müstəqillik və ya ona yaxın status" verməkdir".A.Nağı qeyd etdi ki, Prezident İlham Əliyev Münhen görüşündən sonra bir sıra vacib açıqlamalar verdi:  “Prezident dövlətin mövqeyini bir daha bəyan etdi, ən eyni zamanda qeyd etdi ki, Ermənistanın "mövqeyində tərəqqi var, amma kifayət qədər deyil" . Bu açıqlama vəziyyətə aydınlıq gətirir, ermənilərin geri çəkilmək istəmədiklərini göstərir". Partiya sədri qeyd etdi ki,  Paşinyanın Qarabağ ermənilərinə son “təbrik”i Ermənistanın əvvəlki mövqeyə qayıtmaq cəhdindən xəbər verir: “Yenidən "artsax" dedikləri ölünü diriltməyə çalışırlar. Qarşıdakı dönəmdə nələrin baş verəcəyini söyləmək çətindir. Ermənistan hələ də kimin, Amerika, ya Rusiyanın yanında olacağını aydınlaşdırmayıb. ABŞ-ın köməyinə bel bağlayıb, Azərbaycana qarşı hərəkətə keçə bilər. Bu variantda uduzacağı labüddür, “Amerika yardımı” heç vaxt müsbət nəticəyə gətirməyib. Rusiyaya söykənib hərəkət etsələr, bizim üçün müəyyən təhlükələr yarada bilərlər. Böyük ehtimalla növbəti dəfə axmaqlıqlarını təkrar edib, birinci varianta gedəcəklər". A.Nağı bildirdi ki, biz istənilən varianta hazır olmalı, amma müdafiə mövqeyinə keçməli deyilik: “Biz təklif etmişik ki, Xocalı soyqırımının ildönümündə Xankəndi, Xocalı istiqamətində dinc yürüşə şərait yaradılsın. Hələ ki müsbət cavab yoxdur. Başqa bir addım kimi, heç nəyi və heç kimi gözləmədən, indi ekofəalların aksiya keçirdikləri yolun girişində rəsmi postumuzu, nəzarət-buraxılış məntəqəsini qurmalıyıq. Prezident Əliyev Münhen səfəri çərçivəsində buna işarə etdi. İndi işarədən hərəkətə keçməliyik”.

Məhəmməd Əsədullazadə: “Azərbaycan Vaşinqtonla diplomatik təması...”

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda 35 il baş qaldıran separtizminin ildönümündə müraciət ünvanlaması, Azərbaycanın daxili işinə qarışmaqla separatizmi yenidən alovlandırır: “Onun müraciətində separatizm və Azərbaycana qarşı düşmən siyasət dayanır. Ona görə də bu kimi dəstəyin verilməsi danışıqlar prosesinə zərbə vurur. Görünür, dövlət başçısı İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında keçirilən paneldə Paşinyanın ağır siyasi zərbə almasına bununla "cavab" verir. Amma bu, Ermənistanın əleyhinə olmaqla yanaşı, Qarabağda ermənilərini təhlükəyə atır". M.Əsədullazadə dedi ki, bu mövqe Ermənistanın Azərbaycana qarşı hələ də ərazi iddialarında olduğunu göstərir və bunun cavabı ciddi olacaq: “Ermənistan rəhbərliyi hesab edir ki, Avropa İttifaqının mülki müşahidə missiyasını şərti sərhəddə yerləşdirməklə prosesi öz lehinə çevirməyə çalışır. Amma Azərbaycan qəti addımlar atar və ölkəmizin təhlükəsizliyinin qorunması istiqamətində heç bir qüvvə bizi çəkindirə bilməz. Ona görə də lazım gələcəksə, Zəngəzur dəhlizini də açacağıq. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, iddialar irəli sürürsə, biz də deyirik Zəngəzur Azərbaycan torpağıdır və oranı nəzarətə götürməliyik, dəhlizi açmalıyıq. Ermənistanla yalnız güc dili ilə danışmaq lazımdır”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR