İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara toxmaqla qazanılan rəhmət və lənət - susan vicdanların nəsibi

1406 08.07.2023 13:15 Yazarlar A A

 

Ölkəmizdə bir hakim ölüb. Adını yazmıram, bilən bilir. Övladları, əzizləri var, qoy sonra internetdə axtarış verəndə qarşılarına onun barəsində yazılmış yaxşı-yaman sözlər çıxmasın.

Adamın adı bizə tanış gəlmədi, görünür, nə bizim ona, nə də onun bizə işi düşməyib. Yəqin ki, bəzi qalmaqallı işlərdə adı keçib, amma xüsusi fikir verməmişik.

Hər halda, onu tanıyanlar var və sosial şəbəkələrdə şəklini paylaşır, personasını ictimaiyyətin müzakirəsinə çıxarırlar.

Adam o qədər yaşlı deyil, dünənə qədər işləyirmişsə, demək, ya təqaüdə yeni çıxıbmış, ya da hələ çıxacaqmış.

Hakimin barəsində yazılanlar isə qətiyyən xoşagələn deyil. Görmüşük, vəfat edənə rəhmət oxuyarlar. Əksinədir. Oxumurlar. Daha dəqiqi, başqa şey oxuyurlar.

Hakimin ölüm xəbərinə reaksiya verənlərin bir neçəsi jurnalist, bir neçəsi ictimai-siyasi fəaldır. Onlar adətən belə situasiyalarda təmkinli olardılar. Olmurlar.

Onun haqqında yazılan bütün fikirləri ümumiləşdirsək, belə bir cümlə alınar: “Mənə heç nədən cəza kəsmişdi”.

Belə anlaşılır ki, bu hakim vaxtaşırı siyasi motivli işlərə çıxıb və dəlil-sübut çatışmazlığı olsa da, barmaq tuşlanan adamlara cəza kəsib.

Başqa sözlə, adam öz işinin peşəkarı olsa da, bəzi hallarda ədalətli olmayıb.

Əslində istənilən hakimin peşəkarlığı məhz həmişə ədalətli olmasındadır. Biri hüquq professoru ola, 99 dəfə haqlı qərar verə bilər, amma bir dəfə ədalətsizlik etsə, ona nə peşəkar deyilməz, nə də ədalətli.

İndi onun haqqında yazılanlara baxanda adam düşünür ki, mənfi rəy bildirənlər necə də kinlidirlər, ölüb getmiş biri haqqında hələ də nifrətlə danışırlar.

Ancaq burada bir incə məqam var. O məqam haqq-ədalətlə bağlıdır.

Əgər biz araşdırma aparsaq, həmin hakimin cəza kəsdiyi kriminal ünsürlərdən onun haqqında soruşsaq, əksəriyyəti deyər ki, artıq-əskik nə deyim, cinayətim vardı, o da cəzamı verdi. Çoxu bəlkə də hakimin adını xatırlamaz.

Sabiq məhkumlar onları haqlı cəzalandıranlara isti-isti olmasa da, bir müddətdən sonra sakit yanaşırlar, düşünürlər ki, onları tutan polisdə, iş kəsən hakimdə günah yoxdur, əsas təqsir özlərindədir ki, bəd əməl törədiblər.

Amma eyni şeyi günahsız yerə cəzalandırılan, həbsxanaya göndərilən heç kəs deməz və həmin hakimi heç vaxt unutmaz. Uzağı, bəziləri “mənə iş kəsilməsini filankəslər sifariş etmişdi” deyər.

Bu fikrin ardı da gələr: “Yaxşı, onlar sifariş etmişdi, bunun vicdanı yox idimi, deyə ki, günahsız adama iş kəsə bilmərəm?” Bu ritorik sualdır. Cavab sualın özündə var.

Günahsız həbs edilənlər, uzun müddət həbsdə yatanlar isə sifarişçilərlə yanaşı, icraçıları da bağışlamırlar, bağışlaya bilmirlər.

Biz özümüz həmin şəxslərin qərarlarından, hərəkətlərindən şəxsən əziyyət çəkməmişiksə, belə günlərdə, yəni onlar vəfat edəndə bir qıraqda durub Dədə Qorqudluq edə, “olan olub, keçən keçib, Allah bağışlasın” deyə bilərik. Amma onlara görə iztirab çəkənlər heç vaxt elə deməzlər.

Eyni şey insanlara işgəncə verənlərə də aiddir. Onları da heç kim heç vaxt bağışlamır. Hətta ölkələrin qanunlarında da işgəncə cinayətinin təqibi ömürlükdür. Bəzi cinayətlər zaman aşımı ilə bağışlansa da, işgəncə cinayəti bağışlanmır.

Alman əsilli yazıçı Erix Mariya Remarkın “Zəfər tağı” romanının qəhrəmanı doktor Ravik vaxtilə ona işgəncə verən nasist zabitlə Fransada rastlaşır və onu izləyir, bir gün tovlayır, maşınla Bulon meşəsinə aparır... və bağışlamır. Halbuki o, çox humanist, yaxşı insan idi.

1980-ci illərin sonunda çəkilmiş və baş rolunda Tarik Akanın oynadığı “Səs” adlı türk filmiin bir əli şikəst olmuş qəhrəmanı Kənan Evrenin törətdiyi hərbi çevriliş zamanı ona işgəncə vermiş müstəntiqi səsindən tanıyır və əlinə fürsət keçirib onu girov götürür, Bodrum sahillərindəki yarıuçuq köhnə tikilidə saxlayır.

Yüzlərlə belə misal gətirmək olar.

Günümüzdə davam edən “Tərtər işi” şərti adlı məhkəmə prosesində elə işgəncə, haqsızlız, ədalətsizlik detalları açılır ki, məhkəmə reportajını oxuyan adamın qanı donur, oxuyub başa çıxara bilmir.

Siz bir də həmin işgəncələrə məruz qalan və işgəncə prosesi zamanı özünə sidq-ürəkdən ölüm arzulayan şəxslərin durumunu təsəvvür edin. İndi onlar işgəncə verənləri, onlara nahaq cəza kəsənləri bağışlayarlarmı? Əsla.

Demək, vicdanı itirmək olmaz. Əgər o, əvvəlcədən yoxdursa, hər adamda ən azı, insaf, mürvət, mərhəmət, aqibətdən qorxu deyilən bir şey olmalıdır ki, haqsızlıq, ədalətsizlik, qəddarlıq etmək məqamında onu tormozlasın və o, qara toxmağını masaya çırpıb məsum insanların həyatını qaraltmasın.

Yox, kimdəsə bu sadalananların heç biri yoxdursa, daha o adam nə deyə özünə təqaüdə çıxanda mərhəmət, öləndə rəhmət umur?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR