Moldovada Qaqauziya muxtariyyətinin gələcəyi ətrafında siyasi gərginlik yeni mərhələyə qədəm qoyub.
Musavat.com “Nezavisimaya qazeta” ya istinadən xəbər verir ki, Moldova prezidenti Maya Sandunun Qaqauziya Xalq Məclisinin deputatları və muxtariyyət rəhbərləri ilə keçirdiyi görüşlərdən sonra rəsmi Kişinyov seçki sisteminin dəyişdirilməsi istiqamətində israrını davam etdirir.
Lakin Qaqauziya rəhbərliyi bu təşəbbüsün muxtariyyət haqqında qanunun və Konstitusiyanın pozulması olduğunu bildirərək etiraz edir.
![]()
Prezident Administrasiyasının məlumatına görə, tərəflər noyabrın 15-də Qaqauziya Xalq Məclisinə seçkilərin keçirilməsi və onların ölkə üzrə tətbiq olunan proporsional seçki sistemi əsasında təşkil edilməsi ilə bağlı ortaq mövqeyə gəliblər. Kişinyov hesab edir ki, Konstitusiya Məhkəməsinin 9 iyul tarixli qərarı bütün ölkədə vahid seçki modelinin tətbiqini tələb edir və Qaqauziya da bu qaydalara uyğunlaşmalıdır. Təklif olunan modelə əsasən, hazırkı majoritar sistem ləğv ediləcək, seçicilər ayrı-ayrı dairələr üzrə namizədlərə deyil, siyasi partiyaların siyahılarına səs verəcəklər. Bu sistem artıq Moldova parlamenti, rayon və yerli şuralara keçirilən seçkilərdə istifadə olunur.
Lakin Qaqauziya rəhbərliyi prezident administrasiyasının açıqlamalarını təkzib edir. Xalq Məclisi sədrinin müşaviri İvan Burqudji bildirib ki, deputatlar proporsional seçki sisteminə keçidlə razılaşmayıblar. Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin qərarında majoritar sistemin ləğvi və ya partiya siyahıları üzrə səsverməyə keçidlə bağlı heç bir müddəa yoxdur. Burqudji hesab edir ki, Kişinyov məhkəmə qərarını öz maraqları naminə fərqli şəkildə təqdim edir.
Qaqauziya rəsmilərinin əsas arqumenti ondan ibarətdir ki, muxtariyyət haqqında qanun hər bir kənd və yaşayış məntəqəsinə öz nümayəndəsini seçmək hüququ verir. Proporsional sistem tətbiq edilərsə, kiçik kəndlər parlamentdə təmsilçilik imkanlarını itirə, deputatların müəyyənləşdirilməsi isə yerli seçicilərdən daha çox partiya rəhbərlərinin iradəsindən asılı vəziyyətə düşə bilər.
Bu səbəbdən Qaqauziya rəhbərliyi beynəlxalq təşkilatlara – ATƏT və Avropa Şurasına müraciət etməyə, eyni zamanda dinc etiraz aksiyalarına başlamağa hazırlaşdıqlarını açıqlayıb.![]()
Moldovanın baş naziri postuna namizəd Vasili Tofan isə Qaqauziyanın ölkə üçün strateji əhəmiyyət daşıdığını bildirib. O, vəzifəyə təsdiqlənəcəyi təqdirdə ilk səfərlərindən birini Komrata edəcəyini və muxtariyyət rəhbərliyi ilə Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcəyini açıqlayıb.
Tofan parlamentdə çıxışı zamanı Qaqauziyanı Moldova ilə Türkiyə arasında iqtisadi və siyasi əlaqələrin inkişafı üçün "böyük üstünlük" və "vacib körpü" adlandırıb. Onun sözlərinə görə, Ankara ilə mövcud potensialdan kifayət qədər istifadə olunmur. "Qaqauziya bizim üçün böyük aktivdir. Türkiyə ilə daha dinamik, xüsusilə iqtisadi münasibətlər qurmaq üçün bu imkandan istifadə etməliyik. Mən hesab edirəm ki, Türkiyə ilə ixracın artırılması və investisiyaların cəlb olunması baxımından Qaqauziyadan daha yaxşı vasitə yoxdur", – deyə Tofan bildirib.
Bununla yanaşı, baş nazirliyə namizəd Qaqauziyadakı mövcud siyasi vəziyyəti də tənqid edib. Onun fikrincə, muxtariyyət hazırda "Moldovaya yaxşılıq istəməyən insanların təsiri altındadır". Bu səbəbdən də rəsmi Kişinyovun Qaqauziya ilə bağlı son addımlarını dəstəklədiyini vurğulayıb.
"Qaqauziya Moldovanın ayrılmaz hissəsidir və ölkə qanunlarına əməl etməlidir. Hesab edirəm ki, Kişinyovun bu istiqamətdə addım-addım nizam-intizam yaratmaq siyasəti düzgündür", – deyə Tofan parlament deputatlarının suallarını cavablandırarkən bildirib.
Türkiyənin prosesə açıq şəkildə maraq göstərməsi, beynəlxalq təşkilatların diqqətinin bu məsələyə yönəlməsi və Komratın hüquqi statusu ətrafında yaranan mübahisələr yaxın aylarda Moldovanın daxili siyasətindən daha geniş geosiyasi müstəviyə keçə bilər. Bu isə həm Kişinyov-Ankara münasibətlərinə, həm də Moldovanın Avropa inteqrasiyası prosesinə təsir göstərə biləcək mühüm amillərdən biri kimi qiymətləndirilir.
Musavat.com






