İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan Bakıya “media atəşkəsi” təklifi

430 22.07.2026 09:50 Siyasət A A

Ekspert: “Azərbaycan mediasında anti-Rusiya ritorikasının səbəbkarı Moskvanın özüdür, onun təbliğat vasitələridir”

Rusiya və Azərbaycan ikitərəfli münasibətlərin mediada daha obyektiv işıqlandırılması məqsədilə informasiya əməkdaşlığını genişləndirmək niyyətindədir. Bu çərçivədə iki ölkənin xarici işlər nazirlikləri, eləcə də digər dövlət qurumları arasında media sahəsində təmasların artırılması planlaşdırılır. Musavat.com xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə iki ölkənin informasiya məkanındakı mənfi fondan gileylənib.

O deyib ki, bu tendensiyanın qarşısının alınması üçün birbaşa media əlaqələrinin inkişafı vacibdir. Onun sözlərinə görə, iki ölkənin kütləvi informasiya vasitələri arasında birbaşa əməkdaşlıq müxtəlif anlaşılmazlıqların aradan qaldırılmasına və hadisələrin daha obyektiv təqdim edilməsinə xidmət edə bilər. “Biz maraqlıyıq ki, iki ölkənin media qurumları arasında birbaşa əlaqələr müxtəlif anlaşılmazlıqları aradan qaldırsın və münasibətlərin obyektiv işıqlandırılmasını təmin etsin. Təəssüf ki, bu münasibətləri hər iki tərəfdən mənfi şəkildə təqdim etmək istəyənlər kifayət qədərdir”, - deyə, Lavrov bildirib.

Yada salaq ki, 2022-ci il 22 fevralında iki ölkə prezidenti arasında Moskvada imzalanmış  müttəfiqlik haqqında bəyannamənin 41 və 42-ci bəndlərində tərəflərin media, humanitar və informasiya sahəsində əlaqələri inkişaf etdirməsi, obyektiv informasiya mühitinin təşviq olunması və qarşılıqlı informasiya əlaqələrinin dəstəklənməsi nəzərdə tutulur. Amma elə həmin ilin iyununda “RİA Novosti” agentliyinin Azərbaycanın ərazi bütövlüyünə zidd material yaydı, rəsmi Bakı buna etiraz olaraq onları ölkəmizdə blokladı (hələ də davam edir).  Bu cür anti-Azərbaycan ritorikası Rusiya mediasında davamlı olaraq müşahidə edilir. Elə çox da uzaq olmayan keçmişdə “Rossiya 1" dövlət telekanalında yayımlanan reportajda hazırda Ukraynada döyüşən ermənilərin geyimində ”artsax" yazılı şevronlar və separatçı simvollar nümayiş etdirilib.

Ekspertlərin fikrincə, son ilyarımda Rusiya-Azərbaycan münasibətlərində yaşanan gərginlik fonunda informasiya müstəvisində qarşılıqlı ittihamların və sərt ritorikanın artması Moskvanı media dialoqunun gücləndirilməsi təşəbbüsü ilə çıxış etməyə vadar edib. Lavrovun bəyanatı da məhz informasiya mühitində gərginliyin azaldılması və rəsmi kommunikasiya kanallarının daha fəal işləməsi istiqamətində verilmiş mesaj kimi qiymətləndirilir.

Ümumiyyətlə, son günlər Rusiya mediasında, sosial şəbəkələrdə və xüsusilə hakimiyyətə yaxın “Telegram” kanallarında Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası başladılıb. Müəyyən müddət davam edən nisbi sakitlikdən sonra Azərbaycanın yenidən hədəfə çevrilməsi göstərir ki, söhbət ayrı-ayrı media qurumlarının təşəbbüsündən yox, vahid mərkəzdən idarə olunan informasiya siyasətindən gedir. Müxtəlif platformalarda eyni məzmunlu ittihamların, eyni tezislərin və oxşar ritorikanın təkrarlanması bu kampaniyanın koordinasiyalı şəkildə həyata keçirildiyini göstərən əsas əlamətlərdəndir.

Bununla belə, Prezident İlham Əliyev IV Qlobal Şuşa Media Forumunda Rusiya ilə münasibətlərin normallaşması istiqamətində müsbət mesajlar verdi. Dövlət başçısı bildirdi ki, iki ölkə arasında müxtəlif səviyyələrdə təmaslar bərpa olunub, hökumətlər, xarici işlər nazirlikləri və prezident administrasiyaları arasında dialoq davam edir. Prezident həmçinin vurğuladı ki, Azərbaycan Rusiya ilə münasibətlərə önəm verir və qarşılıqlı əməkdaşlığın inkişafında maraqlıdır. Forumda səslənən “Cənubi Qafqazı qavramaq və anlamaq üçün əvvəlki metodologiyalar tamamilə köhnəlib” ifadəsinin isə daha geniş mesaj daşıdığı düşünülür.

Azər Həsrət: Beynəlxalq təşkilatların ayrı-ayrı ölkələrdəki proseslərə  yanaşmaları ikili standartlara əsaslanır - AZƏRTAC

Azər Həsrət

Siyasi şərhçi, əməkdar jurnalist Azər Həsrətin sözlərinə görə, Rusiya XİN başçısı bu vəziyyətin yaranmasının baiskarı haqda düşünməliydi: “Azərbaycan Rusiyaya münasibətdə bütün mərhələlərdə təmkinli davranmağa çalışıb. Həm dövlət, həm qeyri-dövlət mediası, eləcə də ictimai şəxslər həmişə Rusiya ilə bağlı səbirli olublar. Çünki Rusiya böyük dövlətdir, qonşudur, geniş imkanlara malikdir və bu da hər zaman nəzərə alınıb. Ona görə Azərbaycan mediası sakit davranmağa üstünlük verib. Amma qarşı tərəf haqda bunu söyləmək olmaz. Kremlə bağlı rəsmi media dayanmadan Azərbaycana qarşı hücum kampaniyası həyata keçirir və biz də cavab vermək məcburiyyətində qalırıq. Yəni Azərbaycan mediasında anti-Rusiya ritorikasının səbəbkarı Moskvanın özüdür, onun təbliğat vasitələridir”.

A.Həsrət hesab edir ki, Lavrov bu fikirləri səsləndirmək əvəzinə ölkəsinin mediasına Azərbaycanla bağlı tapşırıqlar verilə bilər və bunun da müsbət nəticəsini, qarşılığını dərhal görmək olar: “Azərbaycan dövlətlərə münasibətdə belə davranır. Rusiya bizə qarşı sərt, əsassız, qarayaxma ritorikasından əl çəkərsə, Azərbaycan cəmiyyəti də daha yumşaq davranacaq, heç dövlətin bu işə qarışmasına ehtiyac qalmayacaq. Rusiyadan fərqli olaraq, Azərbaycanda bu məsələləri dövlət körükləmir və ya tapşırıq vermir. Sadəcə, bizim cəmiyyət həssasdır, Rusiyadan və ya başqa ölkədən əleyhimizə qarayaxma kampaniyası başlayanda dərhal reaksiya verir. O baxımdan, Lavrov vəziyyəti təhlil etməlidir. Rusiya anti-Azərbaycan kampaniyasına son qoyduğu halda, məsələ həllini tapmış olacaq və nazir Bayramova hər hansı söz deməyə də ehtiyac qalmayacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR