İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qapalı Bakı-Tehran danışıqları gedir” iddiası

1063 27.01.2023 08:41 Siyasət A A

İran Zəngəzur dəhlizi haqda mövqeyini dəyişib?

“Avropa Birliyinin müşahidə missiyası Zəngəzur dəhlizinin açılışına xidmət etmək üçün Ermənistana gəlir”. Bunu erməni siyasi ekspert Vahe Davtyan deyib. “Anladığım qədər, artıq Avropa Birliyi, Türkiyə, İran və təbii ki, İrəvan və Bakı arasında çoxtərəfli konsensus var. Qalır dəhlizin hansı formada olacağını anlamaq. İstənilən statusda, hətta Ermənistan tərəfinin total nəzarəti altında olsa da, bu, bir məqsədə xidmət edəcək: Türkiyənin Xəzər regionuna və Böyük Mərkəzi Asiyaya çıxışının reallaşmasına”, - ekspert bildirib. Davtyan Zəngəzur dəhlizinin açılması prosesini “xüsusi əməliyyat” adlandırıb.

İran rəsmiləri Zəngəzur dəhlizinə qarşı birbaşa fikir bildirməsələr də, öz geoiqtisadi əhəmiyyətinə rəqib kimi görür və bu məqamda hərbi, iqtisadi və siyasi təzyiqlər etməkdən çəkinmir. Qeyd edək ki, yanvarın əvvəlində İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Tehrana səfər edərək ölkənin XİN rəhbəri Hüseyn Əmir Abdullahianla görüşdü. Məlumata görə, görüş zamanı səfir Musəvi İranın XİN rəhbərinə iki ölkə arasında münasibətlərdə son hadisələrə dair hesabat təqdim edib. Bildirilirdi ki, Abdullahian səfirə iki qonşu ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafı ilə bağlı lazımi təlimatlarını təqdim edib. İki gün əvvəl isə Azərbaycanın xarici işlər naziri ilə İranın XİN rəhbəri arasında Daşkənddə görüş oldu. Bunun ardınca isə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Görüşdə müzakirə olunan məsələlər açıqlanmayıb.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, müzakirələrin qapalı saxlanılması anlaşılandır.

“Münasibətlərdəki gərginlik o qədər irəliləyib ki, müzakirə edilən mövzuların açıqlanmamasına üstünlük verilir”, - o qeyd edib. Ekspert hesab edir ki, Tehran Azərbaycanla münasibətlərdəki gərginliyin miqyasını azaltmaq istəyirsə bir neçə vacib addım atmalıdır: “Azərbaycanın daxili işlərinə - hansı dövlətlə dost və tərəfdaş olma seçimimizə qarışmamalı, Zəngəzur dəhlizinin reallaşmasına əngəl olmamalı, İranın din xadimləri, generalları, deputatları Azərbaycan əleyhinə çıxış və açıqlamalara son qoymalıdırlar”.

İranda rejim asanlıqla təslim olmayacaq, ancaq proses artıq başlayıb" - ELXAN  ŞAHİNOĞLU

Elxan Şahinoğlu 

Hər halda, təmasların davam etməsi iki qonşu dövlət arasında münasibətlərin yaxşılığa doğru dəyişməsinə ümid verir.

YAP-çı deputat Azər Badamov hesab edir ki, İran  Zəngəzur dəhlizinin əleyhinədir:

badam.jpg (162 KB)

“Bu gün İran yükləri Azərbaycan ərazisindən keçməyə məcburdur  və bununla bağlı ölkəmizə tranzit rüsumların ödənilməsindən narahatdır. Ona görə də Ermənistan ərazisindən Cənub-Şimal dəhlizinin çəkilməsi məsələsini gündəmə gətirib. Şimal-Cənub dəhlizinin açılması İranın Ermənistan ərazisindən Qara dənizə çıxışını təmin edəcək və vaxt baxımından da 5 saata qədər qənaət edəcəklərini düşünürlər. İran Şimal-Cənub dəhlizinin açılmasına can atır və hətta bu layihənin maliyyələşməsini də öz üzərinə götürür. İranın dövlət rəhbərliyinin Azərbaycan rəsmiləri ilə görüşlərinsə İranda yaranmış daxili siyasi vəziyyətlə bağlı olduğunu hesab edirəm. İranın daxilində etiraz aksiyalarının dalğasının genişlənməsi  Azərbaycana münasibətdə yumşalmaların edilməsinə məcbur edib. Ola bilsin ki, danışıqlar masasında İran ərazisindən Naxçıvana çəkiləcək yolla bağlı məsələlər müzakirə olunsun. Amma hesab edirəm ki, İran Zəngəzur dəhlizinin açılmasının əleyhinədir. Bununla bağlı razılığını bildirəcəyinə inanmıram. Azərbaycan isə Zəngəzur dəhlizinin açılmasında israrlıdır və hesab edirəm ki, Prezident İlham Əliyevin siyasəti ölkəmizi silah işlətmədən belə Zəngəzur dəhlizinin açılmasına nail edəcəkdir”.

Əhəd Məmmədli: “Yeganə qorxduqları, özlərinə təhlükə hesab etdikləri Tural  Abbaslıdır”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bu gərginliyin sonunda İranın geri çəkiləcəyini söylədi: “İran indi elə geopolitik vəziyyətdədir ki, Azərbaycanla vəziyyətin gərginləşməsi cənub qonşumuzun maraqlarına cavab vermir. Ələlxüsus də Zəngəzur dəhlizi məsələsi. Bu məsələ isə təkcə Azərbaycan və Türkiyə deyil, həm də Rusiya, Böyük Britaniya və Çinin maraqlarına cavab verir. Çünki məşhur İpək yolu projesinin Zəngəzur dəhlizi yolu davamıdır. Ona görə də İranın Rusiya ilə də münasibətləri var, eyni zamanda Çinin yaxın tərəfdaşlarından biri sayılır, bu daha çox inqilabdan sonraya təsadüf edir. Ola bilsin ki, İranla paralel olaraq Pekin və Moskva da bu məsələləri müzakirə edib və o qənaətə gələ bilərlər ki, bu məsələdə o qədər də ciddi müqavimət göstərməsinlər. Düzdür, İran sərhədlərin dəyişməsini özü üçün qırmızı cizgi sayır. Amma siyasət belədir ki, lazım olanda geri çəkilməyə yer də qoyulur. Azərbaycan və İran rəsmilərinin ən müxtəlif şəkildə danışıqlarına gəlincə, bu normaldır. Zatən bu gərginlik sona qədər davam etməyəcək. Yumşalmalar olacaq. Ola bilsin ki, İran Azərbaycanın bəzi tələblərini nəzərə alaraq geri çəkiləcək. Azərbaycan da İranın maraqlarını bəzi məsələlərdə nəzərə alacaq. Nəticədə bu gərginlik yumşalmağa doğru gedəcək”.

Hərbi xərcləri artırılması çox düzgün siyasətdir - Məhəmməd Əsədullazadə

Məhəmməd Əsədullazadə

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə İranın səmimiyyətinə inanmır: “Avropa İttifaqının mülki missiyasının Ermənistana göndərilməsi və Zəngəzur dəhlizinin açılmasına hesablanıb kimi qeydlər əsasən Paşinyana müxalifət olanların iddialarıdır. Belə bir proses yoxdur və mülki missiya Ermənistanda Rusiyanın geosiyasi mövqelərinin zəifləməsinə və Azərbaycandan "qorumağa" gəlib. İranın mövqeyinə gəldikdə, rəsmi Tehran öz iddialarından geri çəkilməyib. Zəngəzur dəhlizinə qarşı siyasəti davam edir. Sadəcə, Azərbaycanın adekvat addımları Tehran rejiminin Azərbaycanla sərt dillə danışmasına müəyyən korrektələr etməsinə səbəb oldu. Düşünürəm ki, hazırkı İran-Azərbaycan rəsmilərinin görüşü problemi ortadan qaldırılmayıb, sadəcə, Tehran rejimi gözləmə mövqeyinə keçib. Tehran hesab edir ki, Zəngəzur dəhlizi açılmayacaq. Ona görə də Tehran guya isti siyasət ortaya qoyub. Ümumiyyətlə, İran-Ermənistan əlaqələri Azərbaycanın əleyhinədir və Tehran rejimi İrəvanla münasibətləri korlamayacaq. Azərbaycan-İran əlaqələrinin normallaşması üçünsə ilk növbədə Tehran rejimi düşmənçilik siyasətindən imtina etməlidir. Bu gün SEPAH terrorçu təşkilatdır və Azərbaycanı hədələyir, Ermənistan hərbçilərinə təlim keçir. Ona görə də biz molla rejiminin siyasətinə səmimi yanaşmırıq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR