İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanunvericiliyə dəyişiklik beynəlxalq avtomobil daşımalarında nəyi dəyişəcək?

1359 01.04.2023 09:55 İqtisadiyyat A A

AYNA: “Kvotadan artıq xarici nəqliyyat vasitələrinin ölkə ərazisinə daxil olmasına imkan verilməyəcək”

Ukrayna müharibəsi dünya iqtisadiyyatının bütün sahələrində, xüsusilə də ticarət əməliyyatlarının istiqamətlərində ciddi dəyişikliklərə gətirib çıxarıb. Qlobal ticarət marşrutlarının Rusiyadan kənara daşınması Asiyadan Avropaya mümkün alternativ yükdaşıma marşrutlarının əhəmiyyətini qat-qat artırıb. Bu baxımdan Asiyadan Xəzər dənizi üzərindən gələn yüklərin ötürülməsinin yeganə əlverişli yolu ərazisindən keçən Azərbaycan üçün çox yaxşı fürsətlər yaranıb.

Ukrayna müharibəsinin ilk aylarından etibarən dünyanın ən böyük yükdaşıma şirkətləri Azərbaycan üzərindən daşımaları nəzərdə tutan Orta Dəhlizdən istifadə imkanlarını araşdırmağa, bu marşrutla yüklərin daşınması üzrə pilot layihələrə start veriblər. Bu, tezliklə ölkə ərazisindən tranzit yükdaşımaların həcmində kəskin artıma gətirib çıxara bilər.

Prezident İlham Əliyev dəfələrlə Orta Dəhlizlə artacaq yüklərin ötürülməsi üçün zəruri infrastrukturun genişləndirilməsi, dəhliz boyu ölkələrin vahid tarif siyasətinin formalaşdırılmasının zəruri olduğunu bildirib. Prezident qeyd edib ki, dəhliz ölkələrindən bir daşıma tariflərini azaldıb, digəri artırarsa, bu, ədalətli yanaşma olmaz və əlaqələrin dərinləşməsinin qarşısını alar. Buna görə də dəhliz üzərindəki ölkələrin müvafiq qurumları müntəzəm olaraq toplaşır və vahid tarif siyasətinin formalaşdırılması istiqamətində mövqelərin razılaşdırılması məsələlərini müzakirə edirlər.

Azərbaycan eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin üzərində yerləşir və yeni beynəlxalq siyasi münasibətlər fonunda bu dəhlizlə daşımaların da sürətlə artacağı gözlənilir.

Azərbaycanda Gömrük Məcəlləsinə edilən və Prezident İlham Əliyev tərəfindən təsdiqlənən dəyişikliklər tranzit daşımaların inkişafına yönəlmiş addım hesab olunur. Belə ki, dəyişikliklə gömrük orqanlarının beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi sahəsində vəzifəsi ləğv olunur. Yeni qanuna müvafiq olaraq beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş dövlət rüsumu da ləğv edilib.

“Dövlət rüsumu haqqında” qanuna əsasən beynəlxalq avtomobil daşımalarına aid Azərbaycanla hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda ödəniş haqqı hər bir icazə üçün 100 ABŞ dolları, belə saziş olmayan ölkələrin yük avtomobil daşıyıcılarına hər bir icazə üçün 150 ABŞ dolları,  xarici dövlətlərdə qeydiyyatda olan avtomaşınların Azərbaycan ərazisində yüklənməsinə görə hər bir icazə üçün 100 ABŞ dolları, üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üzrə hər bir icazə üçün 600 ABŞ dolları, xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinin Azərbaycan ərazisinə yüksüz daxil olmasına görə hər bir icazə üçün 350 ABŞ dolları, iri tonnajlı xarici dövlətlərdə qeydiyyatda olan yük avtonəqliyyat vasitələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərinə daxil olmasına görə hər bir icazə üçün 25 ABŞ dolları, dövlətlərarası sazişləri pozan xarici avtomobil daşıyıcıları Azərbaycan ərazisindən çıxdıqda hər bir icazə üçün 400 ABŞ dolları təşkil edirdi.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2022-ci ildə Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 218,7 milyon ton yük daşınıb ki, bu, əvvəlki illə müqayisədə 12,8 faiz çoxdur. Yüklərin 57,6 faizi avtomobil nəqliyyatı ilə daşınıb. Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 126 milyon ton yük daşınıb ki, bu da 12 faiz artım deməkdir.

2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51 milyon 420,6 min ton, yük dövriyyəsi isə 12 milyard 648,9 milyon ton-km olmuşdur. Yüklərin 27 milyon 966,8 min tonu və ya 54,4 faizi avtomobil nəqliyyatı, 16841,2 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 6612,6 min tonu və ya 12,9 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 26,5 faizini və ya 13  milyon 634,6 min tonunu tranzit yüklər təşkil edib.

Bu ilin iki ayında isə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 33,8 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz çoxdur. Yüklərin 53,3 faizi, yaxud 18 milyon tonu avtomobil nəqliyyatı ilə daşınıb, bu da 2,9 faiz artım deməkdir.

Əli Əsədov hesabat vermək üçün sabah Milli Məclisə GEDƏCƏK - Unikal.az

Baş nazir Əli Əsədov hökumətin Milli Məclisə hesabatını təqdim edərkən bildirib ki, ötən il Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 75 faizdən çox artıb. Baş nazir, eyni zamanda, vurğulayıb ki, Azərbaycan Orta Dəhlizin təşviqinə öz töhfəsini verir: “Tranzit silsiləsində olan qurumlarda infrastrukturun yaxşılaşdırılması və müvafiq ötürücülük qabiliyyətinin artırılması istiqamətində tədbirlər davam edib. Belə ki, 2022-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə ümumi yükaşırmanın həcmi 15 faiz artaraq 6,4 milyon ton təşkil edib ki, onun da 89 faizi tranzit yüklərin payına düşüb".

Təəssüflər olsun ki, Azərbaycanda ölkə ərazisindən istifadə edərək tranzit yükdaşıma həyata keçirən yük avtomobillərinin sayına dair statistika əlçatan deyil. Bakı Beynəlxalq Dəniz Limanından ötən ilin iyulunda belə avtomobillərin sayında artım olduğuna dair bir açıqlama verilib. Bildirilib ki, 2021-ci ilin ilk altı ayı ərzində Bakı Limanı vasitəsi ilə 18 075 ədəd TIR daşınmışdısa, 2022-ci ilin ilk 6 ayında bu rəqəm 23 410 ədəd olub ki, bu 29,5 faizlik artım deməkdir. Liman hələ 2022-ci il üzrə bu göstəricini açıqlamayıb. Dövlət Statistika Komitəsi isə hər il üzrə statistik toplunu növbəti ilin 8-9-cu aylarında açıqlayır...

Azərbaycanın özündə beynəlxalq yükdaşımaları həyata keçirən avtomobillərin sayı 8 mini ötüb. Bu barədə məlumatı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov açıqlayıb. O bildirib ki, son bir ildə daşıyıcıların sayının artması, daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişlənməsi, eləcə də Azərbaycan daşıyıcılarının müvafiq bazar paylarının artması müşahidə edilir. Nazir müavini qeyd edib ki, hələ iki il bundan əvvəl beynəlxalq yükdaşımada istifadə olunan nəqliyyat vasitələrinin sayı 3000-dən az olub, 2022-ci ildə isə bu say 8000-i ötüb: “Nəqliyyat vasitələrinin sayında artım bazarın şəffaflaşması nəticəsində ”kölgə"də fəaliyyət göstərən daşıyıcıların qeydiyyata alınması, fəaliyyəti olmayan daşıyıcıların fəaliyyətini bərpa etməsi, bəzilərinin daxili bazardan beynəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələrinin hesabına yaranıb. Görülmüş tədbirlər nəticəsində son dövrdə Azərbaycan daşıyıcılarının ikitərəfli daşımaların bütün istiqamətlər üzrə bazar payları artıb, milli daşıyıcıların 3-cü ölkələrin daşımalarında iştirakı ciddi şəkildə genişlənib".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yaradılıb - 11.10.2021, Sputnik  Azərbaycan

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Yeni Müsavat”a verilən məlumata görə, Gömrük Məcəlləsinə edilən dəyişikliklə xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsi ləğv edilib: “Beynəlxalq sərnişin və yük daşımaları Azərbaycan Respublikası ilə digər ölkələr arasında kvota ilə müəyyin edilən ”İcazə" blankları əsasında həyata keçirilir. Kvota sistemi ilə yanaşı, sərnişin və yük daşımalarını həyata keçirən xarici dövlətlərin nəqliyyat vasitələrinə sərhəddə kvotadan kənar “İcazə” blanklarının verilməsi mexanizmi də tətbiq edilirdi. Qeyd olunan mexanizmin mövcudluğu isə kvota üzrə mübadilə edilmiş “İcazə” blankı bitən tərəfin avtodaşıyıcılarının sərhəddə müvafiq “İcazə” blankını alaraq yerli daşımalar bazarına daxil olmaqla ölkə ərazisinə və ərazisindən yüklərin və sərnişinlərin daşınmasına imkan yaradırdı. Nəticədə daşımalarla bağlı kvota üzrə mübadilə edilən “İcazə” blanklarının Azərbaycan avtodaşıyıcıları tərəfindən tam şəkildə istifadə edilməməsi, onların müvafiq sifarişlərdən kənarda qalmaları baş verirdi. Bu da öz növbəsində milli avtodaşıyıcıların nəqliyyat parkının yenilənməsinə və sayının artmasına mənfi təsir göstərməklə onların beynəlxalq səviyyədə rəqabətliliyini və bazar paylarını azaldır, yeni iş yerlərinin yaranması imkanlarını məhdudlaşdırırdı".

Agentlikdən bildirilir ki, xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsinin ləğvi ilə kvotadan artıq xarici nəqliyyat vasitələrinin ölkə ərazisinə daxil olmasına imkan verilməyəcək: “Həmçinin beynəlxalq daşımalarda iştirak edən milli avtomobil daşıyıcılarının ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından aktiv istifadə etmələrinə münbit şərait yaranacaq. Eləcə də beynəlxalq daşımalar bazarında milli daşıyıcıların payları və beynəlxalq səviyyədə rəqabətliliyi əsaslı dərəcədə artacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR