İnsanlara hürriyət, millətlərə istiqlal!

Qan xəstəsi olan uşaqların 1 milyon müalicə pulu necə ələ keçirilib?

576 09.07.2024 12:31 Kriminal A A

Sabah, iyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Musavat.com xəbər verir ki, hakim qarşısına çıxarılan müttəhimlər talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Proses hakim Azad Məcidovun sədrliyi ilə keçirilir.

Ötən prosesdə məlum olub ki, zərərçəkənlərdən Solmaz Eyvazova məhkəməyə vəsatət göndərib. O bildirib ki, 6500 manat verib və həmin pulun qaytarılmasını istəyir.

Hakim tərəflərə çağırış edib:

“Biz fevral ayından bu günə kimi cəmi bir təqsirləndirilən şəxs dindirmişik. Belə getsə, bu iş çox uzanacaq. Hərə bir vəsatət yazır. Zərərçəkmiş indi vəsatət yazıb ki, pulunu versinlər”.

Hakim Nuridə Seyidovanın tibbi maska taxmasına da münasibət bildirib:

“Mən videoya da baxıram, pulları sayanda maska taxan olmayıb. Koronanın ən qaynar vaxtında maska taxmayıblar. İndi burada maska taxırsız”.

Zərərçəkmiş Aysel Abdullayeva məhkəmədə çəkilişin aparılmasını istəyib. O deyib ki, Nuridə Seyidovanın əlaltıları çöldədir. Amma hakim qərar qəbul edildiyini, çəkilişin dayandırıldığını bildirmişdi. Məhkəmə öz təşəbbüsü ilə qərar qəbul etmiş, vergi xidmətinə sorğu göndərilmişdi. Sorğuya əsasən, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin vergi bəyannəmələri, mədaxil çekləri barədə məhkəməyə məlumat verilməlidir.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumilikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki "Antalya Medical Park" hospitala yollayacaq. Pulu alsa da, vədinə əməl etməyib. Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talassemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın illik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını "Çinar Plaza"da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatların ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey. Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib.

Nuridə Seyidova onun övladlarının Türkiyənin Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb. Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb. İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza"dakı ofisdə alıb. İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir. Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 min 400 manat, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 min, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 min 500 manat, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 min manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarının Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.

O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 min 500, Laura Həsənovadan 51 min, Günay Ağayevadan 25 min, Aytəkin İsayevadan 19 min, Elnaz Hacıyevadan 5 min, Faiq Nəcəfovdan 5 min 100 manat məbləğində pul alıb.

Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Rlnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR