İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalıqları tapılan Xocalı sakininin qızı: "Mən ağlamasaydım, bəlkə, yaşamaq şansı olardı"

1349 09.07.2024 18:37 Gündəm A A

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Xocalı sakinlərindən daha birinin şəxsiyyəti müəyyənləşdirilib. Belə ki, Yusifəli Süleyman oğlu Qarayevin qalıqları bir neçə gün sonra Xocalı rayonunda torpağa tapşırılacaq.

Y.Qarayev Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Xocalı rayonunda böyüyüb boya-başa çatıb. Rayonun müdafiə taborunun döyüşçüsü olub. 26 yaşında itkin düşən Yusifəlinin iki övladı var.

Şəhidin qızı Lamiyə Xocalı soyqırımı ilə bağlı yaddaşında qalanları, xatirələrini "Report"a danışıb. Həmin vaxt cəmi iki yaşı olduğunu, xocalıların və ailəsinin başına gələnləri anasından, qardaşından eşitdiyini bildirib.

L.Qarayeva anasının xatirələrinə istinadən qeyd edib ki, 1992-ci ildə Xocalının işğalına az müddət qalmış daim zirzəmidə gizləniblər. Onun sözlərinə görə, fevralın 25-dən 26-na keçən gecə atası və dayısı vəziyyətin gərgin olduğunu, artıq mütləq şəkildə Xocalıdan çıxmaq lazım olduğunu bildiriblər. Son ana qədər onların ailəsinin öz elini tərk etmək niyyətləri olmayıb, amma digər sakinlər kimi, onlar da çıxmağa məcbur olublar:

"Anam danışır ki, şaxtalı qış ayında üç gün Kətik meşəsində qalmışıq. Camaat Ağdamın Gülablı istiqamətinə üz tutubmuş. Lakin yolu azaraq, ermənilərin yaşadığı yaxın kəndlərdən birinə gediblər. Ermənilərin qurduğu pusquda əsir düşmüşük. Ümumilikdə, 300-ə yaxın Xocalı sakinindən 13 nəfər müdafiə taborunun üzvünü fiziki zor tətbiq etməklə bizdən ayırıblar. Anamın dediyinə görə, onları bayıra çıxardıqdan sonra güllə səsləri eşidilib. Atam və digər döyüş yoldaşlarının taleyi o vaxtdan müəmmalı qalmışdı. Bilmədik ki, həqiqətən, öldürüblər, yoxsa əsirlər onlardan ümidini üzsünlər deyə havaya atəş açıb, öldü kimi göstərməyə çalışıblar.

Anam deyirdi ki, əsirlərlə dəyişdirmək üçün uşaqları güllələməyə aparmırdılar. Mən atamın qucağında olmuşam, dayanmadan ağladığıma görə o məni anama verib ki, bəlkə, sakitləşim. Elə həmin vaxt ermənilər atamı digər əsirlərlə birlikdə bayıra çıxarıblar. Atamın qucağında sakitləşsəydim, bəlkə də, yaşamaq şansı olardı..."

Şəhidin qızı söyləyib ki, 30 ildir, həmin 13 itkin şəxsin hamısının yaxınları onların taleyindən bixəbər yaşayıblar:

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşları illər öncə məndən, qardaşımdan və nənəmdən qan analizi, saç nümunəsi götürmüşdülər. Təxminən yarım ay öncə məndən şəhid Zakir Usubov barəsində məlumat aldılar. Zakir və iki qardaşının qalıqları tapılmışdı, övladlarını axtarırdılar. Mən onda anlamışdım ki, atam haqqında da xəbər ola bilər. Çünki ermənilər atamı həmin üç qardaşla birlikdə yanımızdan aparmışdılar".

L.Qarayevanın sözlərinə görə, Dövlət Komissiyasına dəvət olunanda onlara bildiriblər ki, qalıqlar elə həmin kəndin ətrafında tapılıb.

"Bunu eşitmək bizim üçün az da olsa təsəlli idi. Çünki onların elə həmin anda öldürüldüyünə, işgəncə görmədiklərinə əmin olduq. Əlbəttə, çox istəyərdik ki, sağ-salamat qayıtsınlar. Amma ən azından, gözümüz yollardan çəkildi. Bir ziyarət yerimiz olacaq deyə təsəlli tapdıq. Bu, bütün şəhid yaxınları üçün böyük təsəllidir", - o deyib.

Y.Qarayevin Xocalıda dəfn olunacağını qeyd edən qızı yaxın zamanda ailəlikcə Xocalıya qayıdacaqlarını vurğulayıb:

"Əvvəl-axır qayıdacağımız yer Xocalıdır. İstədik ki, atamın məzarına da yaxın olaq, tez-tez ziyarət edə bilək. Qalıqları tapılan Xocalı sakinlərinin orada dəfni üçün yer ayrılıb, göstəriş verilib. Ola bilsin, elə həmin ərazi Şəhidlər xiyabanı adlandırılsın.

Prezident İlham Əliyev Xocalıya səfər edəndə onunla görüşmək imkanı qazandım. Onda da bildirdim ki, torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandan kimi onunla görüşməyimiz, məzarsız şəhidlərimizin xatirəsini anmağımız müqəddəs duyğudur. Həmin görüşdən cəmi bir neçə ay keçib və mənim üçün məzarsız şəhid anlayışı yoxdur".

L.Qarayeva xatırladıb ki, bu ilin fevral ayında Xocalı itkinlərinin naməlum taleyindən bəhs edən "13" adlı bədii-sənədli film təqdim edilib:

"Bu film mənim atam və onunla birlikdə itkin düşən digər 12 nəfər haqqında çəkilib. Əsirlikdə yaşadıqlarımızı, şəhidlərimizin başına gətirilənləri, Xocalı soyqırımının acılarını hər kəsə çatdıran bir ekran işidir. Ümid edirik ki, Birinci Qarabağ müharibəsində itkin düşən hər kəsin taleyi aydınlaşdırılacaq, heç olmasa, həmin insanların yolunu gözləyən yaxınları, ailələri, övladları üçün təsəlli olacaq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR