İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınların kürk sevgisi təbiəti məhv edir

1332 23.12.2022 10:56 Media A A

Hər xəz-dəri üçün nə qədər heyvan öldürülür, xəbəriniz varmı?

İllərdir dünyada bir çox qadınların vazkeçilməzi olan xəz dərilər Yer üzünü təbiət fəlakətinə gətirib çıxara bilər. Bununla bağlı yüzlərlə araşdırma, tükürpədən videolar və təbii ki, qadınları bu sevdadan çəkindirmək üçün səsləndirilən nitqlər var. Amma istər ölkəmizdə, istərsə dünyada qadınlar bu zərərli vərdişdən vaz keçə bilmirlər. Bəzən də xəz dəri istehsalçıları heyvanlara verilən işgəncə videolarını internetdən yığışdırmağa, buna yüz milyonlarla vəsait sərf etməyə çalışırlar. Ancaq bu halda belə ekofəalların, heyvan müdafiəçilərinin səsini azaltmağa nail ola bilmirlər.

Əslində təbiət sevdalısı kimi görünən bəzi zərif cinsin nümayəndələri bu kürk sevdasından niyə qurtula bilmir? Hər xəz dəri geyinən qadın öz növbəsində təbiətə nə qədər və necə ziyan vurur?

Dünyada xəz dəri üçün hər saniyə bir heyvan öldürülür

Statistikaya görə, dünyada ildə 75 milyon, yəni saniyədə bir heyvan öldürülür. Kimlərinsə kübarlıq, dəbdəbə saydığı və ya isinmək üçün geydiyi kürkləri hazırlamaq üçün bu qədər heyvanın qəddarlıqla öldürülməsi təbii sayılır. Bu rəsmi rəqəmlərə etiraz edən beynəlxalq heyvan hüquqlarını müdafiə təşkilatlarının açıqlamasına görə, əslində göstərici 100 milyondan çoxdur. Yalnız Kanadada bu il kürk üçün öldürülən suitilərin sayı 338200-dür. Xarici bazarlarda bir suiti kürkü 105 dollara satılır. Heyvanlar, xüsusilə bala foklar xəz zərər görməsin deyə başlarına vurularaq, göz və yanaqlarından küt dəmirlərə ilişdirərək öldürülürlər. Dünyada kürk istehsalının 85%-i Çindədir. Bu kürkün 30%-i çöl həyatından ovlanma və tələ qurma yolu ilə, qalanı ferma istehsalından əldə edilir. Çində ildə təxminən 2 milyona yaxın it və pişik paltar, çanta, oyuncaq, papaq, şal kimi geyimlərin bəzənməsində istifadə olunur. Pişik və itlərin xəz etiketlərdə “Asiya qurdu”, “dovşan kürkü” və bu kimi etiketlər yazılır. Dünyada təxminən 500 milyon insan bu kürklərlə bəzənmiş məhsulları tələb edib alır. Küçələrdən yığılan sahibsiz heyvanları, kürk daha dayanıqlı olsun deyə inanılmaz soyuq otaqlarda günlərlə ac-susuz saxlayıb, canlı- canlı dərilərini soyurlar. Dünyada kürk satışının ən çox olduğu gün 14 fevral sevgililər günüdür. Bu səbəbdən 14 fevral bütün dünyada “Xəz Əleyhdarı Hərəkatı günü” elan edilib. Bir xəz palto üçün nə qədər heyvanın öldürülməsi isə daha dəhşətli rəqəmləri ortaya çıxarır. Əslində əksər insanlar düşünür ki, bir xəz üçün bir heyvanın öldürülməsi kifayətdir. Təəssüf ki, bu, belə deyil. Bir xəz paltonun hazırlanması üçün 25-45 qoyun-quzu, 20-30 ev pişiyi, 12-15 yabanı pişik, 15-20 it, 30-300 siçan, 10-30 tülkü, 60-400 sincab, 20-30 kenquru, 30-40 dovşan, 3-30 qurd, 10-30 su samuru, 8-15 vaşaq, 60-70 skuns, 6-10 suiti, 6-8 puma öldürülür. Bəzi heyvanlar boyunları burularaq ölənə kimi saxlanılır və bu yolla dəriləri soyulur. Belə olan halda kürk daha diri və sağlam qalır. Heyvanların bu formada vəhşiliklə öldürülməsi cəmiyyətdən gizli saxlanılır. Xəz bazarına böyük zərbə ola biləcəyini düşünən xəz istehsalçıları yayılan video və şəkillərin qarşısını almağa çalışırlar.

Dəri diri heyvandan çıxarılır - cərəyan verilərək

İnternetdə yayılan məşhur bir video var. Çində qeydə alınan həmin görüntülərdə müxtəlif heyvanların zorla yuvalarından çıxarılaraq xüsusi müəyyən edilmiş cərəyana verildiyi əks olunub. Bir sıra beynəlxalq heyvanların hüquqlarını müdafiə təşkilatları Çində baş verən vəhşiliyin əleyhinə çıxararaq aksiya keçiriblər. Təşkilat üzvləri heyvanların ən qəddar formada öldürülməsini kəskin şəkildə qınayaraq bunun insanlığa yaraşmadığını deyiblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, qəddarcasına öldürülən heyvanların dərisi ölkədə fəaliyyət göstərən ayrı-ayrı fabriklərə satılır. Həmin müəssisələrdə istehsal prosesinə daxil edilən heyvan dərilərindən müxtəlif xəz və dəri geyimləri hazırlanır. Bu gün Azərbaycanda da bir neçə böyük xəz-dəri dükanı fəaliyyət göstərir.

Heyvanı döyür, keyidir, sonra isə...

Xəzin hazırlanmağı üçün dərisi alınacaq heyvan tərpənməməsi üçün döyülərək keyidilir və diri-diri dərisi soyulur. Həmin heyvanlar daha sonra can verərək özləri ölürlər. Bu, hər zamanmı belə olub? Tarixə ekskursiya sübut edir ki, xəz-dəri bəlkə də ən qədim geyim növlərindəndir. Heyvanların dərisindən hələ 100000 il bundan əvvəl Avropada daş dövrünün insanları geyim kimi istifadə ediblər. Qədim yunanlar və romalılar demək olar ki, xəzdən istifadə etmirdilər. Xəz-dərilər bura yalnız avropalılar bu torpaqları fəth etdikdən sonra daxil oldu. Orta əsrlərdə xəz-dəriləri yalnız zadəganlar və zəngin insanlar geyinirdi. Ən bahalı xəzlər dələ və qaqum xəzi hesab olunurdu.

Xəz-dəri üçün heyvanların cəhənnəmi çindir

Xəz sənayesi sərbəst şəkildə hər cür reklamlara dırmaşır və cazibədar qızlar dəbdəbəli xəzlərdə nümayiş etdirməkdən xoşbəxtdirlər. Ancaq bu xəzlərin necə əldə edildiyini az adam bilir. Xəz təsərrüfatları gəlirlərini aşağı xərclər hesabına təmin edir. Daha az xərcləmək istəyi heyvanların öldürülməsi üsullarına belə təsir edir: onlar son dərəcə qəddar üsullardan istifadə edirlər, məqsədi heyvanlar üçün nə qədər ağrılı olsa da, dəriyə zərər verməməkdir. Onlar elektrik cərəyanı ilə vurulur, boğulur, zəhərlənir və ya qazlanır.

Rusiyada həm istehlak malları bazarlarında, həm də elit moda evlərində satılan xəz məmulatlarının əhəmiyyətli bir hissəsi Çində, o cümlədən heyvanlardan diri-diri qoparılan pişik və itlərin xəzindən hazırlanır. Asiya ölkələrində hər il iki milyondan çox pişik və it xəz üçün kəsilir. Rusiya və ABŞ bu məhsulun əsas istehlakçılarıdır.

Çin xəz təsərrüfatları heyvanlar üçün əsl cəhənnəmdir. Orada tülkülər, minkslər, yenotlar dar qəfəslərdə yaşayırlar, burada döşəmə əvəzinə pəncələrini kəsən metal bir tor var.

Hansı ölkə qadağan edib və niyə?

Bəzi cəmiyyətlərdə küçədə xəz geyinənlərin üstünə boya, palçıq və s. ataraq onlara etiraz edirlər. Hökumət səviyyəsində isə xəz satışını tamamilə qadağan edən ilk ölkə İsraildir. Bundan başqa, Böyük Britaniyadakı xəz fermaları həddən artıq təzyiq qarşısında öz fermalarını bağlamaq məcburiyyətində qalıblar. Avstriyada da doqquz federal hakimiyyətdən altısı xəzin istehsalını qadağan edib, Hollandiya isə tülkü və şınşıla istehsalına qadağa qoyub. Bu ölkələrin heç birinin efirində xəz reklam edilmir, əksinə, pislənir.

Din heyvanların bu cür öldürülməsini qadağan edir

Dində də heyvanların bu formada öldürülməsi xoş əməl sayılmır. Dini ekspertlər hesab edirlər ki, heyvanların bilərək, qəsdən öldürülməsi  böyük günahdır. Hətta elə ölkələr var ki, onlar heyvanı sırf bu məqsədlə böyüdüb bəsləyirlər. Dində də deyilir ki, heç bir heyvana zülm etmək, yandırmaq, yolmaq, boğmaq və bu yolla öldürmək olmaz.

Dindarların yanaşmasına görə, bir sıra heyvanlar var ki, onlar insanın qidalanması üçün lazımdır. Bu heyvanları Allahın əmri ilə, Onun izn verdiyi formada kəsmək olar. Lakin dərisindən geyim, sümüyündən bəzək üçün istifadə olunacaqsa, bu məqsədlə bir heyvanın həyatına son qoymaq böyük günahdır. Allah-təala, digər yer üzü nemətləri kimi, heyvanları da insanların xidmətinə vermiş və onlardan müxtəlif şəkillərdə faydalanmağı halal etmişdir. İslam dini heyvanları sevməyi və onlara qarşı mərhəmətli olmağı tövsiyə etməkdədir. Uşaqlar, qadınlar, yaşlılar, yetimlər, kimsəsizlər, xəstələr və yoxsullar başda olmaq üzrə bütün insanlara mərhəmət göstərmənin yanında, digər bütün canlılara da mərhəmətli davranmaq möminlərin vəzifəsidir. Bundan başqa, əti üçün kəsiləcək heyvanların iti bıçaqla kəsilmələri və onlara əziyyət edilməməsi lazımdır. Buna görə, heyvanların boğularaq, zəhərlənərək və boynu qırılaraq öldürülməsi halında ətlərini yemək caiz deyil. Ətləri yeyilməyəcəksə, sadəcə, dərilərindən istifadə olunacaqsa, bu heyvanları da işgəncə etmədən öldürmək lazımdır. Heyvanları diri-diri soyub, başlarından küt alətlə vurub keyləşdirdikləri üçün bu, ikiqat günahdır.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq  "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanıb.

Hazırladı: Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR