İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Raqqa hoqqası

2540 29.04.2022 09:47 Yazarlar A A

“Nə, harada, nə vaxt” televiziya oyununun tanınmış iştirakçısı Rövşən Əsgərov Moskvadan çıxıb gəlib Bakıya. Orada ona qarşı cinayət işi açıblar. İşin məzmunu olduqca gülməlidir: guya Əsgərov sovet generalı Jukova böhtan atıb. Əsgərov Jukovun savaş soyğunçusu (marodyer) olduğunu sosial şəbəkədə yazıbmış.

Putin Rusiyasının hansı səviyyədə uçuruma yuvarlandığı buradan növbəti dəfə görünür. Çünki Jukovun soyğunçuluğu tarixi oxuyan balaca uşaqlara da məlumdur, burada heç bir sirr yoxdur. 1946-48-ci illərdə Sovet İttifaqı rəhbərliyi tərəfindən bu soyğunçuluq faktlarla isbat edilib, Jukovun vəzifəsi aşağı salınıb, özünün əməlindən peşman olması da sənədlərdə qalır. Ancaq indiki Rusiyada bunu kimə isbat edəsən? O qədər yalan danışır, efiri elə sel kimi böhtan, iftira ilə doldururlar ki, axırda həqiqətin necə olması hamının yadından çıxır. Göbbelsin üsulları, Oruellin yazdığı bədii əsərlər Putin Rusiyasında həyat tərzidir.

O da maraqlıdır ki, bu böhtan-yalan aparatı bizim ölkədə sərbəst yayımlanır. Hələlik heç bir rəsmi Moskva propoqanda maşını Azərbaycanda blok edilməyib. ABŞ radioları rəsmən qadağan altındadır, ancaq rus radioları açıqdır. Görəsən, niyə? Baxmayaraq bizim media orqanları Rusiyada günbəgün blok edilməkdədir. Niyə hökumət ruslara cavab verməkdən qorxur? Haçana qədər çar Pyotrun, bolşevik Leninin patavalı nəvə-nəticələri üstümüzə gələcək, biz də geri çəkiləcəyik? Qarabağ xanı İbrahimxəlil xanın, Gəncə xanı Cavad xanın, 1918-ci il respublikamızın, eləcə də minlərlə, milyonlarla repressiya qurbanlarımızın acı taleyi bizə dərs olmadımı? Mənim bu cümlələri 28 apreldə yazmağım da yəqin simvolik təsadüfdür. Tariximizi unudub, dostu-düşməni düzgün tanımayınca “11-ci qırmızı ordu meydanı” stansiyalarının “20 Yanvar”a çevrilmək potensialı böyükdür.

Maraqlıdır ki, bizdə media çevrələrində, siyasi mühitdə leksikon çox zaman Putinin, Rusiya propoqanda maşınının dili ilə üst-üstə düşür. Bəzən bu düşünülmüş olur, bəzən yalanın özləri bilmədən əsirinə çevrilir, şimaldan gələn yalanları yayırlar.

Məsələn, Rusiya Qərbi ittiham edəndə adətən “Amerika da filan-filan ölkələri işğal edib, qarışdırıb, biz əcəb eləyirik Ukraynaya giririk, qoy daşı günahı olmayan atsın” söhbətini fırladır. Bu sırada İraqdan Qrenadaya, Liviyadan Suriyaya qədər müxtəlif regionların adı çəkilir. Qərbin vəkili olmaq fikrim yoxdur, ancaq bu iddiaların böyük əksəriyyəti uydurmalardır.

Örnək üçün, bu yaxında Putin “Bizi Buça qətliamın törətməkdə suçlayan Amerika Suriyanın Raqqa şəhərini bombardman edib xaraba qoymuşdu, meyitlər ortalıqda qalmışdı” dedi. Əlbəttə, ABŞ Raqqanı bombalayıb. Bunu inkar etmək olmaz. Ancaq burada Putinin əsas hiyləgərliyi nədir? Raqqanın nə hoqqa olduğunu demir! Onun “məntiqindən” düşünərsən sanki Raqqa sivil dünya mədəniyyəti mərkəzlərindən biri imiş. Halbuki Raqqa o zaman dünyanın başının tüklərini biz-biz edən, gəlib-keçmiş ən qorxunc terror ocaqlarından birinin - İraq-Şam İslam Dövlətinin, İŞİD-in paytaxtı idi! Əlbəttə, Rusiya üçün belə ikiüzlü siyasət heç vaxt problem olmayıb: İŞİD-i, Talibanı terrorçu qrup elan edərlər, eyni zamanda Moskvada onların nümayəndələri ilə görüşərlər. Moskvanın bu Şərq siyasətinin memarı gorbagor Primakovun nə yuvanın quşu olmasını biz azərbaycanlılar unutmamışıq. Elə Primakovun adını “20 yanvar cəlladları” siyahısından silənlər də ümid edirəm unutmayıb.

Səddam Hüseyn rejimi Küveyti işğal edəndə, İrana hücuma keçəndə bunu görməyənlər nədənsə Qərbin Səddam rejimini yıxmasına ağlaşma qururlar. Sanarsan hansısa peyğəmbər, imam övladı edam edilib. Ən məzəlisi odur ki, bizim şiə bölgələrində Səddam adını uşağına qoymaq dəbdədir. “Əli Ömərov” oksümoronu kimi.

Yaxud bizim mediada populyar temalardan biri “Qərb Liviyanı qarışdırdı, axırına çıxdı, vətəndaş müharibəsi saldı” şəklindədir. Liviyada vətəndaş müharibəsi 2011-ci ilin yanvarda başlayıb, elə həmin il fevralda BMT Qəddafi rejimi əleyhinə 1970 saylı qətnamə qəbul edib. Qətnaməni BMT TŞ-nin 5 üzvündən biri kimi Rusiya da imzalayıb. Və orada Qəddafini dinc xalqın tələblərini eşitmək, silah tətbiqindən əl çəkmək, söz azadlığını tanımaq və sairə çağırışlar edilib, Qəddafi ailəsinin beynəlxalq bank hesabları dondurulub. Ancaq bu indi kimin yadındadır? Gopla getsin.

Ümumiyyətlə, Qərb nəinki Liviyanı qarışdırırdı, heç oradan başı çıxmırdı, yaranan xaosa qəti hazır deyildi. 2012-ci ildə ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivensin, o cümlədən 4 diplomatik əməkdaşın Liviyada öldürülməsi də amerikalıların bölgədəki acizliyinin əlaməti sayıla bilərdi. Ancaq bunu rus propoqanda maşınına demək olarmı? Yox. Onlar deyər ki, Stivens qəsdən ölüb - liviyalıları ləkələmək üçün. 

Sivil Buçanı, Kiyevi, Xarkovu, Mariupolu, Çerniqovu terror ocağı Raqqa ilə müqayisə eləyən “məntiq”dən nə desən gözləmək olar. Təhlükəli qonşudur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR