İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin, Nazarbayevin cangüdənlərinin keçdiyi məktəb – Polkovniklər və vəzifəlilərin mühafizəçisi də bura gəlir - Müsahibə

1930 12.06.2026 08:13 Müsahibə A A

Bu dəfə həmsöhbətimiz döyüş sənətlərinin Azərbaycanda inkişafına mühüm töhfələr verən tanınmış idman mütəxəssisi, Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Qafqaz Real Aykido Federasiyasının və Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, baş məşqçi Fariz Abdullayevdir. Real Aykido üzrə 5-ci dan qara kəmər ustası olan Fariz bəylə bu döyüş növünün fəlsəfəsi, Azərbaycanda inkişaf perspektivləri, gənclərin idmana marağı və qarşıda duran hədəflər barədə söhbətləşdik.

- Fariz bəy, Real Aykido ilə məşğul olmaq üçün hansı fiziki göstəricilər olmalıdır? Kimlər bu idmanla məşğul ola bilməz?

- Əgər söhbət səhhətində problemi olan insanlardan gedirsə, rahat gəzə bilən, onurğasında ciddi problemi olmayan hər kəs həkim tövsiyəsi ilə məşğul ola bilər. Bizim dərslərə hətta gözlərində zəiflik olan və eynək istifadə edən insanlar da qatılır. Çünki Real Aykidoda başa xüsusi xəsarət yetirilmir. Ona görə də rahatlıqla məşq edə bilirlər. Ümumiyyətlə, bu idmanda metodika elə qurulub ki, insanın bədəninə, vücuduna hansısa bir xəsarət dəyməsin və əziklər, travmalar olmasın. Ona görə də proqrama, metodikaya sadiq qalaraq ehtiyatla davam edirik ki, problem yaranmasın. Qeyd edim ki, bizdə doğurdan da çox nadir hallarda xəsarət olur.

- Maraqlı cəhət həm də ondadır ki, dərslərinizə nəinki gənc qızlar, hətta yaşlı xanımlar da qatılır.

- Bəli, bizim 70 yaşdan yuxarı xanım və bəylərdən ibarət aykidoçularımız var. Real Aykidoda yaş məhdudiyyəti yoxdur. Biz bunu təcrübədə gördük. Bizim xəsarət almamağımızın səbəblərindən biri də formatımızla bağlıdır. Çünki bu idmanda yarış elementləri yoxdur. Digər idman növlərində isə yarış elementləri olduğu üçün bir idmançı rəqibin üzərində öz üstünlüyünü göstərmək üçün daha aqressiv ola bilir və hücum edir. Nəticədə travma qaçılmaz olur. Bizim peşəkar yarış idmançılarımızın hamısı əməliyyat olunublar. Bu yaxınlarda tanınmış karateçimiz Rafael Ağayev də 13-cü dəfə əməliyyat olundu.

Bir həftə öncə genişmiqyaslı seminarlarınız təşkil olunmuşdu. Bu nə ilə bağlı idi?

- Seminar tək Azərbaycanda yox, Real Aykidonun olduğu bütün ölkələrdə ildə 1 dəfə keçirilir. Biz Beynəlxalq Real Aykido Federasiyasının Azərbaycanda rəsmi nümayəndəsiyik. Federasiyanın prezidenti İqor Petroviç ildə 1 dəfə digər ölkələrə olduğu kimi Azərbaycana da dəvət alır. Bu, adətən Azərbaycanda may ayına təsadüf edir. Mayın 31-də Real Aykido özünü müdafiə sənəti üzrə 12-ci beynəlxalq seminar və kəmər imtahanı keçirildi. Bu tədbirdə İqor Petroviç öz ustalığını göstərdi, yeni texnika və zərərsizləşdirmə variantlarını bizə təqdim etdi. Seminar, təntənəli açılış və çıxışlar bitdikdən sonra kəmərə imtahan prosesi başlayır. Ağ kəmərdən 4-cü dan qara kəmər ustalığına qədər imtahanlar oldu və hər kəs uğurla iştirak etdi. Azərbaycan 9-cu dəfə bütün kateqoriyalar üzrə Beynəlxalq Real Aykido Federasiyasının prezidenti tərəfindən birinci elan edildi. Tədbirdə 300-dən çox iştirak edirdi. Burada 4 yaşdan 80 yaşa qədər idmançımız iştirak edirdi.

- İqor Petroviç yeni fənd və texnikaları özü icad edib?

- İqor Petroviç uzun illər bu idmanın yaradıcısı, 10-cu dan qara kəmər ustası, general-polkovnik, akademik Lyubomir Vraçareviçin birinci assistenti olub. Hətta uşaqlıqdan onun yanında böyüyüb, 16 il yanında yetişib və dünya üzrə ən yaxşı yetirməsidir. O, Seribayada Real Aykido akademiyasını bitirib, üç elmi iş müdafiə edib və hazırda professor statusundadır. Digər döyüş növləri ilə məşğul olub və yüksək dan və dərəcələri var. Real Aykidonun ən yüksək ranqı bu şəxsdədir, 7-ci dan qara kəmər ustasıdır. Hər il öz müəllimindən öyrəndiyi bazanı qorumaqla yeniliklər gətirir. Dünyada 50-dən çox aykido istiqaməti var. Demək olar ki, ustadları vəfat edəndən sonra heç bir yenilik olmayıb. Hətta yenilik edənə xəyanətkar kimi baxıblar ki, sən ustadın texnikasını dəyişirsən. Real Aykido isə davamlı yenilik və inkişaf tələb edir.

- Real Aykidonun vətəni Serbiyadır. Onda belə çıxır ki, bu idmanda serblər sizlərdən daha güclüdür?

- Vaxtı ilə serbiyalılar daha güclü idilər. Amma azərbaycanlı idmançılar artıq bir çox ölkələrin idmançılarını, demək olar ki, serbiyalıları da üstələməyə başlayıb. Bizim yığmamız dünyanın ən yaxşı komandasıdır.

- Real Aykido hansı ölkələrdə daha geniş yayılıb?

- Serbiyadan sonra bu idmanın dəsti-xətti ən güclü formada Azərbaycanda qorunur. Qazaxıstanda da bu idman üzrə kütləvilik təmin olunub. Sonrakı yerdə isə Rusiya və digər ölkələr gəlir.


- Neçə yaşınızdan Real Aykido ilə məşğul olursunuz?

- 12 yaşımdan bu idmana gəlmişəm. Əslində karate ilə məşğul olmaq istəyirdim, çünki aykido haqqında məlumatım yox idi. Qohumlarımızdan biri izah etdi ki, aykido ilə məşğul olsam, daha yaxşı olar. Atam araşdırdı və məni Real Aykidoya yazdırdı. O zaman aykido ilə Real Aykido arasındakı fərqi bilmirdim. Yeni başlayanda düşünürdüm ki, 1-ci dan qara kəmərə qədər gəlim, daha sonra isə dayandırım. Çünki hər bir imtahan böyük həyəcan, stress verirdi. 2008-ci ildə 1-ci dan qara kəmər ustalığı dərəcəsini aldım və həmin ildən də məşqçi kimi fəaliyyət göstərdim. 2010-cu ildə 2-ci dan qara kəmərə, daha sonra isə 3-cü dan qara kəmərə imtahan verdim.

Müəllimim Cahangir Əliyev 1993-cü ildə Azərbaycanda federasiyanın rəsmi nümayəndəsi idi. 2013-cü ildə isə onun yerinə mən təyin olundum. Mənə qədər Real Aykido Bakıda 20 il idi ki, var idi. Buna baxmayaraq, cəmi 3-4 klub var idi. Ancaq mənim təyinatımdan sonra 3 minə yaxın sıravi vətəndaşa dərs keçmişəm və 13 filialımız var. Dəfələrlə Azərbaycanı xarici ölkələrdə təmsil etmişik.

Klublarımızın əksəriyyəti daha çox Bakıda yerləşir. Peşəkar kadrlarımız, məşqçilərimiz yetişəndən sonra daha da şaxələnəcəyik. Biz bir məşqçini 5-6 ilə formalaşdıra bilirik. Həm nəzəri, həm də fiziki imtahan verir və beynəlxalq federasiya, daha sonra isə Azərbaycan tərəfindən rəsmi lisenziya verdikdən sonra bir-iki il məşqçilik kursu keçir və bundan sonra o idmançıya təyinat veririk. Bütün tədbirlərə baxmayaraq, müəyyən zaman aralığında yoxlanışlar da edirik.

- Real Aykidoda yarış yoxdur, belə olan halda beynəlxalq arenada hansı formada təmsil olunursunuz?

- Olimpiya və qeyri-olimpiya idman növləri var. Qeyri-olimpiya idman növləri də iki yerə şaxələnir: yarışı olanlar və olmayanlar. Real Aykido da yarışı olmayan idman növüdür. Bu idman növünün özünə məxsus beynəlxalq seminarları, festivalları, tədbirləri və kəmər imtahanları olur. Mən Fransada keçirilən beynəlxalq döyüş növləri festivalında iki dəfə həm Azərbaycanı, həm də dünya Real Aykidosunu təmsil etmişəm.

- Real Aykido hansı idman növlərinin birləşməsidir?

- Real Aykido miks hibrid sistemidir. Tərkibində ana xətt olaraq ənənəvi Yapon aykidosu, Ciu-citsu, cüdo və sambo var. Bu idman növlərinin ən qaymaq hissələrini özündə birləşdirir və davamlı olaraq da inkişaf edir. Yaradıcıdan soruşublar ki, adı niyə Real Aykido qoymusunuz? İki cavab verib: Fərqi nədir ki, əsas odur ki, sistem işləsin. Digər cavabı isə belə olub: Real Aykido real situasiyalarda tətbiq edilə biləcək aykido mənasını verir. Lyubomir Vraçareviç 7 ölkənin prezidentinin şəxsi cangüdənini hazırlayıb. O, xidmətlərinə görə də Rusiyanın təhlükəsizlik akademiyasının fəxri general-polkovniki adını alıb. O, hətta Putinin, Qəddafinin, Nazarbayevin və digərlərinin mühafizəçilərinə də təlim keçib.


- Siz də polislərimizə, güc strukturlarımıza təlim keçirsiniz.

- Bu Daxili İşlər Nazirliyi sferasında üçüncü təlimimizdir. Onlardan ikisi polis akademiyasında, biri isə adını çəkə bilmədiyim qurumda təlim olub. Bundan başqa hərbçilərlə də təlimimiz olub. Hətta güc strukturlarından birgə işləmək təklifi də gəlib. Mənim üçün bu, fəxr olsa da, əsas işim federasiya ilə bağlıdır, tezdən 9-dan axşam 6-ya kimi başqa yerdə işləmək postuma uyğun gəlmir. Hazırda məndən başqa rəsmi lisenziyası olan 10 məşqçimiz var. Biz işləri bu formada idarə edirik. Yeni kadrları da hazırlayırıq.

- Hazırda ən kiçik şagirdinizin neçə yaşı var?

- Bizdə 4 yaşdan qəbul başlayır. Bəzən isə 3 yaşı olsa da gəlmək istəyənlər olur, o zaman onları görüb, qərar veririk. 4 yaşdan 13 yaşa qədər xüsusi, “Oyundan ustalığa” adlı proqramımız var. Həm oynayırıq, həm də onları yetişdiririk. Uşaqlar burada qətiyyən xəsarət almır.

- 70 yaşdan yuxarı insanlara da təlim keçirsiniz. Onlar özlərini kimdən, nədən qorumaq istəyirlər?

- Onlar bildirir ki, savaşmaq və ya qorunmaq üçün deyil də, özlərini cavan saxlamaq üçün dərslərimizə qatılırlar. Qadınlar bəzən uşaqlıq arzusu olduğunu deyirlər. Demək olar ki, cavanlarla başabaş gələ bilirlər. Biz onları alışdıra-alışdıra öyrədirik. Hər yaşa və kateqoriyaya uyğun proqram hazırlayırıq. Başqa ölkələrdə 80 yaşlı insanlar da Real Aykido ilə məşğul olurlar. Bir çoxunun əvvəllər idmandan xəbəri olmayıb.

- Real Aykidonun fəndlərini real həyatda kiməsə qarşı istifadə etmisiniz?

- Bəli. Baxmayaraq ki, mən sakit təbiətli insanam, ancaq elə situasiyalar olub ki, özümü qorumağa məcbur olmuşam. Bu daha çox gənc vaxtlarımda baş verib. Özümü qorudum, sonra fikir verdim ki, avtomatik olaraq Real Aykido fəndləri tətbiq etmişəm.

- Bildirirsiniz ki, sizdə bel yırtığı var. Belə olan halda aykido ilə necə məşğul olursunuz?

- Pandemiya dönəmində bir il idmandan uzaq qaldım. O zaman bütün problemlər üzə çıxdı və bildim ki, böyük ölçülü bel yırtıqlarım var. Mən bu yırtıqları idman zamanı qazanmamışam. Müalicələr aldım və indi yenə də əvvəlki kimi davam edirəm, heç bir problem yoxdur.

- Vəzifəli şəxslərin cangüdənlərinə təlim keçirsiniz?

- Hazırda polkovnik rütbəsi olan hərbçilərə, rəislərə təlimlər keçirik. Onların adını biz açıqlamırıq. Eyni zamanda yüksək vəzifəli şəxslərin cangüdənləri də aralarında var ki, bizdən texnikaları, odlu və soyuq silahla davranış üsullarını öyrənirlər.

- İstərdim ki, kəmərlər haqqında danışaq. Ən sonuncu dərəcə 10-cu dan qara kəmərdir?

- Bəli, ən yüksək dərəcə 10-cu dandır. Məndə 5-ci dan qara kəmərdir. Fəaliyyətimiz yaxşı olarsa, 6-cı dan qara kəmərə doğru addımlaya bilərik. Növbəti qara kəməri almaq üçün 6 il məşq və xidmət etmək lazımdır. 7-ci danda isə daha 7 il çalışmaq lazımdır. Bir sözlə, 10-cu qara kəmərə gəlib çatanda həyatı görmüş şəxs olursunuz.

- Dövlət səviyyəsində sizə dəstək olurmu?

- Xeyr, heç bir maddi dəstək olmayıb.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR