İnsanlara hürriyət, millətlərə istiqlal!

Putini nüvə düyməsini basmaqdan çəkindirən əsas məqam - ekspert şərhi

1229 29.03.2022 08:10 Gündəm A A

“Nüvə başlıqlı raket Rusiya ərazisini tərk etməmiş qarşı tərəfdən də eyni başlıqlı raketlər Rusiya istiqamətinə uçmağa başlayacaq”

Ukraynaya qarşı total müharibəni “xüsusi hərbi əməliyyat” adlandıran Vladimir Putin dünya güclərini nüvə silahı ilə hədələməkdən də çəkinmir.

O, dünya güclərinə müraciətlə “xaricdən müdaxilə etmək istəyən hər kəs bilsin - Rusiya dərhal cavab verəcək. Bunu etsəniz, tarixinizdə yaşadığınız hər şeydən daha ağır nəticələrlə üzləşəcəksiniz” deyib.

Onun bu sözləri bilavasitə nüvə müharibəsi təhdidi kimi anlaşılıb. Putin dəfələrlə deyib ki, Rusiya yox olacaqsa, planetin özünə də ehtiyac yoxdur. 2018-ci ildə çəkilən sənədli filmdə “mən Rusiya vətəndaşıyam və bu dövlətin rəhbəriyəm. İçində Rusiyanın olmadığı dünyaya ehtiyac varmı” sualını verir və özü də “yox” cavabına fokuslanır.

Qorxulu ehtimal budur ki, Putin məğlub kimi görünüb böyük itkilər versə, bu, Kremli daha qəddar yollara əl atmağa yönəldə bilər.

Ukraynada müharibə başlayandan  “Putin çox sıxışdırılsa, nüvə silahına əl atar” tezisi sıx-sıx gündəmə gəlir. Qərbli ekspertlər də bunu vaxtaşırı gündəmə gətirir. Əslində Putinin Rusiya nüvə qüvvələrinə “xüsusi hazırlıq” əmri verməsi də dünya güclərinə mesaj idi. Bu, Rusiyanın Strateji Raket Qüvvələri üçün işə düşməyə ən yüksək hazırlıq səviyyəsidir. Belə bir hazırlıq səviyyəsi əmrinin verilməsi “Məni çox sıxsanız və istədiyimi verməsəniz, nüvə silahına əl ata bilərəm” kimi də başa düşülürdü.

Bəzi ekspertlər deyirlər ki, NASA, Pentaqon və digər Qərb servisləri Rusiyaya belə bir imkan verməzlər.

Vladimir Putin nüvə silahından istifadə etmək qərarına gələrsə, yaxın çevrəsində onu bundan vaz keçməyə inandıra biləcək və ya ona mane ola biləcək kimlərsə varmı?

Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən  danışır - 07.05.2019, Sputnik Azərbaycan

Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, nüvə silahından istifadə qərarını Rusiya prezidenti təkbaşına verə bilməz: “Prezident, müdafiə naziri, baş qərargah rəisi, nüvə və atom silahının işlətməsi ilə bağlı komandan və digər qurumların nümayəndələri bu qərarı dəstəkləməlidirlər. 7 nəfərin verəcəyi bir qərardır. Yəni Putin düyməni basdı və nüvə başlıqlı raketlər uçdu deyə bir məsələ deyil. Bundan əlavə, Putin nüvə qüvvələrini hərəkətə gətirəndən sonra NATO bu məsələni xüsusi nəzarətə götürdü. 24 saat onlayn rejimində izlənmə aparılır. Putinə imkan verməzlər ki, rahat şəkildə belə bir addım atsın. Rusiya dünyada ən böyük nüvə silahı ehtiyatına malikdir, lakin NATO-nun da Rusiyanı məhv etmək üçün kifayət qədər silahı var”.

Hərbi ekspert deyir ki, Vladimir Putin belə bir əmr verərsə, digər ölkələrin adekvat cavab addımları da qaçılmaz olacaq: “Putinə bu məsələni də izah ediblər ki, 15 dəqiqə ərzində paytaxt Moskva da daxil olmaqla, digər strateji əhəmiyyətli şəhərlər, mərkəzlər cavab atəşləri ilə məhv ediləcək. Sonuncu addım kimi bu qərar alınsa, inanmıram ki, bunu reallaşdıra bilərlər”.

Hərbi ekspert deyir ki, kiçik nüvə başlıqlı silahın tətbiqi də Rusiya üçün acınacaqlı nəticələr verə bilər: “Bu məsələ də 24 saat nəzarətdədir. Nüvə silahı hazırlananda peyk imkanları, mobil rabitə, hakerlər yox idi və belə silahın istifadəsindən yalnız partlayışdan sonra bilinirdi. Hazırda isə vəziyyət dəyişib. Nüvə başlıqlı raket Rusiya ərazisini tərk etməmiş qarşı tərəfdən də eyni başlıqlı raketlər Rusiya istiqamətinə uçmağa başlayacaq. Bunu ruslar da bilirlər. Qərb Putinə nüvə başlıqlı silahlardan istifadə imkanını tanımayacaq. Belə bir imkan məhdudlaşdırılıb”.

Qeyd edək ki, Ukraynaya hücumdan 1 həftə əvvəl Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin rəhbərliyi ilə bir neçə coğrafi yerlərdə Rusiya strateji nüvə mühafizə qüvvələrinin təlimləri keçirilib. Belarus prezidenti Aleksandr Lukaşenko da Kremlin situasiya mərkəzindən manevrlərin gedişatını izləyib. Silah sistemləri döyüş qabiliyyətini təsdiqləyib - buraxılan bütün hipersəs, qanadlı və ballistik raketlər təlim hədəflərini vurub.

“İsgəndər” əməliyyat-taktiki raket sistemi Həştərxan vilayətində uğurla işlənilib. Təkcə yerüstü Strateji Nüvə Qüvvələrində buraxılış qurğularının 95 faizindən çoxu daim istifadəyə hazır vəziyyətdədir. Rusiya nüvə başlıqları ilə qitələrarası ballistik raketlərdən əlavə, NATO-nun Brüsseldəki qərargahından təxminən 70 km yüksəklikdə elektromaqnit silahlarından istifadə edə bilər ki, bu da İngiltərədən Polşaya qədər alyansın bütün strukturunu iflic vəziyyətinə salacaq və elektrik şəbəkələrini sıradan çıxaracaq.

ABŞ Alimləri Federasiyasının məlumatına görə isə  Rusiya 6 min 372 nüvə silahına malikdir, onlardan 1570-dən çoxu döyüş hazırlığı daşıyıcılarında yerləşdirilib, qalanları isə ehtiyatdadır. Şimali Amerika və Qərbi Avropanın tamamilə məhv edilməsi üçün Rusiyanın nüvə arsenalının onda biri də kifayətdir.

ABŞ-ın 5800 nüvə başlığı var, onlardan təxminən 1600-ü döyüş hazırlığı daşıyıcılarında yerləşdirilib. ABŞ  nüvə arsenalının onda biri də Rusiyanın məhvi üçün kifayətdir.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR