İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən sülh çağırışı gəldi, Ukrayna buna müsbət cavab verəcəkmi?

1467 25.05.2024 10:42 Siyasət A A

“Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, ancaq “xüsusi hərbi əməliyyat zonası”nda bugünkü reallıqlara əsaslanaraq danışıqlar prosesinə qoşula bilər”.

Musavat.com-un məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi görüşün yekunlarına dair açıqlamasında bildirib.

“İndi görürük ki, Ukraynada danışıqlara qayıtmaq zərurəti ilə bağlı mülahizələr yenidən səsləndirilməyə başlayıb. Qoy qayıtsınlar, amma onlar bir tərəfin istədiyinə görə deyil, Belarus və Türkiyədə çətin danışıqlar zamanı əldə edilmiş və yer üzündə formalaşan bugünkü reallıqlara əsaslanan fundamental xarakterli razılaşmalara əsaslanaraq qayıtmalıdırlar. Biz buna hazırıq”, - deyə o bildirib.

Vladimir Putinin bu sülh təkliflərini necə qiymətləndirmək olar? Ukrayna tərəfi bu çağırışlara müsbət reaksiya verəcəkmi?

Musavat.com-a açıqlama verən siyasi şərhçi Heydər Oğuz Rusiya prezidentinin sülh çağırışlarını təsadüfi saymır. Onun fikrincə, Rusiya tərəfi Ukraynaya hücum etdikdən qısa müddət sonra strateji baxımdan yanlış addım atdığını anladı və artıq 2 ildir ki, bu səhvini düzəltmək istəyir: “Nə yazıq ki, ABŞ və NATO ölkələri Rusiyaya bu imkanı vermirlər. Nəticədə iki qardaş ölkənin insanlarının qanı axır, şəhərləri dağılır, iqtisadiyyatları məhv olur. Məsələ bununla da bitmir, Ukrayna və Rusiya arasında hər gün daha da genişlənən və güclənən müharibə getdikcə qlobal hal almağa başlayır, nüvə silahlarının da istifadə olunacağı 3-cü Dünya savaşına doğru sürüklənir”.

33595a8ea31f24e2fff2a797d176e897.jpeg (280 KB)

Heydər Oğuzun fikrincə, Rusiya prezidentinin Belarusdakı məlum açıqlamasının “Reuters” agentliyində dərc olunan bir məlumatla eyni gündə səsləndirilməsi də bu həqiqətdən xəbər verir: “Dünən günün birinci yarısında “Reuters” agentliyi Putinə yaxın dairələrə istinadən bir xəbər yaymışdı. Agentliyin iddiasına görə, Putini yaxından tanıyan 5 mənbə Rusiya liderinin sülh danışıqlarına hazır olduğunu bildirib. Mənbələrin 4-ü Rusiyanın Ukrayna savaşında qarşılaşdığı problemləri gizlətməyib. Bildiriblər ki, Ukrayna savaşının davam etməsi Rusiyanı növbəti səfərbərliyə getmək məcburiyyəti qarşısında qoya bilər. Putin isə bunu istəmir. Çünki keçən dəfə səfərbərlik elan edəndə onun reytinqi ciddi şəkildə zəiflədi. Növbəti səfərbərliyin daha ağır nəticələrə gətirib çıxarma ehtimalı var. Odur ki, Putin bu müharibəni dondurmaq və sülh danışıqlarına başlamaq niyyətindədir. Amma bunu edərkən də, “xalqa qələbə satması” lazımdır. Yəni ictimaiyyətə açıqlamasında Ukraynada qələbə qazandığını əsaslandırmalıdır. Bunun ən uyğun yolu indiyədək aldığı torpaqları əlində saxlamaqdır və Kreml yalnız bu şərtlərlə müharibəni dayandıra bilər. Dərd burasındadır ki, Qərb dövlətləri və Ukrayna prezidenti Vlodomir Zelenski savaşı bu şərtlərlə bitirmək istəmirlər. Onlar Rusiya qoşunlarının 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmasını, başqa sözlə, işğal olunmuş Krım və 4 vilayətin ərazisindən çıxmasını tələb edirlər. Putin isə buna getməz. Əks halda bu geri çəkilmə rus ictimaiyyəti tərəfindən haqlı olaraq məğlubiyyət kimi alqılanar”.

“Reuters”in mənbələrinin bu fikirlərinin Kreml tərəfindən yalanlanmadığına diqqət çəkən həmsöhbətimiz onu da vurğuladı ki, əksinə, Putinin sözçüsü Dmitri Peskov agentliyin suallarına verdiyi cavabında hardasa iddiaları təsdiqləyib: “Deyib ki, Putin müharibə başlayan gündən indiyədək hər zaman sülhün tərəfdarı olub. Ardınca da Putin Belarusa gedib haqqında danışdığımız bəyanatı səsləndirdi. Bütün bunlar Kremlin həqiqətən də sülh axtarışı içində olduğunu göstərir. Amma onun bu təşəbbüsünün qarşısında dayanan ən böyük əngəl ABŞ-dır, ABŞ-ın Rusiyanı son həddə qədər sıxışdıraraq strateji məğlubiyyətə uğratmaq cəhdi və Zelenskinin maksimalist mövqeyidir”.

Heydər Oğuz iddia edir ki, NATO-nun bu planına baxmayaraq, Ukrayna xalqının döyüş əzmi getdikcə tükənir və bu tendensiya özünü açıq şəkildə büruzə verir: “Təsəvvür edin, iş o yerə çatıb ki, Ukrayna Müdafiə Nazirliyi Baş Qərargah işçilərinin 60%-ni ixtisara salaraq, döyüşə göndərmək barədə qərar çıxarıb. Bu, Ukraynada canlı qüvvə çatışmazlığından xəbər verir. Vladimir Zelenski bu yaxınlarda “Reuters” agentliyinə verdiyi açıqlamasında da ölkəsinin olduqca ağır vəziyyətlə qarşılaşdığını, hərbi texnika ilə yanaşı döyüşçü sarıdan da sıxıntı yaşadığını etiraf etmişdi. Prinsipcə, Putinin də müharibənin indiki anında ən çox  güvəndiyi avantajı canlı qüvvə baxımından Ukrayna ilə müqayisədə daha üstün potensiala malik olmasıdır. “Reuters”in mənbələri də bunu açıq aşkar bəyan edib və Ukraynanın sülh çağırışlarına müsbət cavab verməyəcəyi təqdirdə, Rusiyanın tükəndirmə hücumlarını daha da genişləndirəcəyini bildiribdilər”.

Qalıcı sülh sazişlərinin “qazan-qazan” prinsipləri əsasında imzalandığını vurğulayan siyasi şərhçi əslində Putini başa düşdüyü gizlətməyib. Həmsöhbətimizin fikrincə, Rusiyanın heç nə əldə etmədən Ukraynadan çəkilməsi həqiqətən də bu ölkədə dəhşətli sosial katakilizmlərə yol aça bilər: “Putinin irəli sürdüyü şərtlər daxilində sülh anlayışı belə, qarşıya qoyulan hədəfləri reallaşdıra bilməməsi və bunu həzm etməsi anlamına gəlir. Çünki o, Ukraynanı işğala başlayanda qarşıya iki mühüm hədəf qoymuşdu: Ukraynanın denazivikasiyası və NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmaması. Faktiki olaraq, Kreml bu iki hədəfin heç birini reallaşdıra bilmədi. Ukrayna yenə də Putinin “faşist” adlandırdığı qüvvələr tərəfindən idarə olunur.

Rəsmən NATO-ya üzv olmasa belə, Ukrayna əsgərləri bu alyansın silahları ilə təchiz olunub. NATO ölkələri tərəfindən açıq şəkildə dəstəklənir. Hətta NATO əsgərlərinin Ukraynada döyüşdüklərinə dair iddialar var. Alyans Nizamnaməsinin 5-ci maddəsi də əslində bunu deyir. NATO ölkələri Ukrayna bu alyansa üzv olsaydı, başqa hansı dəstəyi verəcəkdi ki?  Bundan əlavə, Finlandiya kimi Rusiyaya qonşu olan ölkə də NATO-ya daxil olub və Rusiyanın alyansla sərhədləri iki dəfə böyüyüb. Üstəlik, Putinin irəli sürdüyü son şərtlər arasında Ukraynanın NATO-ya girməməsi tələbi də ixtisara salınıb. Bu o deməkdir ki, Krım yarımadasını və 4 vilayətini itirsə belə, savaş bitəcək, Ukrayna rəsmən NATO-ya daxil ola bilər. Çünki NATO Nizamnaməsində nəzərdə tutulan savaş halında olan dövlətin alyansa üzvlüyünə qoyulmuş məhdudiyyət də ortadan qalxacaq. Bu qədər güzəşt qarşılığında olduqca həssas vəziyyətdə olmasına baxmayaraq, Ukraynanın və tərəfdaşlarının sülh çağırışlarına müsbət cavab verməmələri  NATO-nun hədəflərinin daha böyük olduğunu göstərir. Bu hədəf Rusiyanı tamamilə sıradan çıxarmaqdır və yaranmış situasiya prosesləri 3-cü Dünya Müharibəsinə qədər apara bilər”.

2023_02_24_987558_alt_manset.jpg (109 KB)

Son zamanlar dünyanın başqa nöqtələrində də gərginliyin süni şəkildə artırıldığını bildirən Heydər Oğuz xüsusilə Gürcüstanda və Balkan yarımadasında baş verənləri də 3-cü Dünya savaşına hazırlıq kontekstində dəyərləndirir:

“Gürcüstandakı vəziyyət hər kəsə bəlli olduğundan bu barədə çox danışmaq istəmirəm. Sadəcə onu vurğulamaq istəyirəm ki, ölkəmizin qərbində yaşanan proseslər 3-cü Dünya savaşının Cənubi Qafqaza sıçradılması ehtimalını gücləndirir. Digər gərginlik ocağı Moldova, Serbiya, Bosniya və Herseqovina və Kosovadır. Bilirsiniz ki, dünən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Almaniya və Ruandanın təklifi ilə 11 iyulu Srebrenitsa Soyqırımı Günü kimi hər il qeyd olunması barədə qətnamə qəbul edildi. Srebrenitsa qətliamı 29 il bundan əvvəl, 1995-ci ildə törədilib. Soyqırımı təşkil edənlər Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunublar və layiqli cəzalarını alıblar. “Bosniya qəssabı” kimi tanınan general Ratko Mladiç 85 yaşında olmasına baxmayaraq, hələ də Haaqada həbsxanada yatır. Almaniya və Ruandanın 30 ildən sonra bu qətliamı BMT-də müzakirəyə çıxarması köhnə qaysağı qoparması təəssüratı yaradır. Təsadüfi deyil ki, BMT Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının bu qərarı həm Serbiyanı, həm də Bosniya və Herseqovinadakı serb muxtariyyətini hərəkətləndirdi. Bosniya və Herseqovinadakı serb muxtariyyətinin lideri Milorad Dodik açıq şəkildə bəyan etdi ki, bu qərar bütünlüklə bir milləti soyqırım cinayətində suçlamaqdır və serblər bu gedişlə müstəqilliklərini elan edə bilərlər. Bundan əlavə, Kosovada da serb azlığı yaşamaqdadır və onlar da Serbiyaya birləşmək barədə düşünürlər. Serblərin Rusiya tərəfindən dəstəkləndiyini nəzərə alsaq, Almaniya və Ruandanın bu təklifi Balkanlarda Moskvaya qarşı ikinci cəbhənin açılmasına xidmət edir. Gürcüstan və Moldovada yaşanan gərginliklər də əslində eyni məqsədi güdür. Hətta yenicə sülh danışıqlarına başladığımız Ermənistanda da Paşinyan hökumətinə qarşı qızışdırılan keşiş üsyanında təkcə Rusiyanın yox, Qərb ölkələrində yaşayan erməni lobbisinin canfəşanlığı aydın sezilir. Görünən budur ki, Ermənistanı növbəti müharibəyə sürükləmək istəyənlər var. Baltikyanı ölkələr də Ukrayna savaşına açıq müdaxilə etmək xətti tutublar. Bir sözlə, yaxın zamanlarda Rusiya geniş ərazilərdə yeni savaşlara çəkilir. Bu savaşlarda uduzan tərəf isə təkcə Rusiya olmaya bilər. Geosiyasi savaş poliqonuna çevrilən bütün coğrafiyaları da ən az Rusiya qədər itkilər, məğlubiyyətlər gözləyir. Bu savaşlarda qazanan yeganə dövlət varsa, o da ABŞ və müttəfiqləridir”, - Heydər Oğuz fikrini belə yekunlaşdırdı.

 

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR