İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin NATO-su”nun generalı dünyaya meydan oxudu - Kremlin qəzəbinin sirri

1675 16.02.2023 12:39 Siyasət A A

KTMT-nin qərargah rəhbəri kollektiv Qərbin regionda nüfuzunu artırmasından narahatlıqlarını bildirdi; Sidorov həm də Bakının şəxsi heyətin hazırlanması və NATO istehsalı olan silah tədarükü ilə Türkiyə standartlarına keçməsinə diqqət çəkdi; hərbi ekspert: “Azərbaycan bu istiqamətdə daha dərin gedəcək”

Rusiyanın Ukraynaya hücumunun əsas səbəbi NATO qüvvələrinin bu ölkədə yerləşdirilməsi planı ilə bağlı oldu. Kreml “qulağının dibində” alyansın olmasına imkan verməmək üçün hər cür addım atmaqdan çəkinməyəcəyini nümayiş etdirdi. Düzdür, bu davranışı Rusiyaya heç də ucuz başa gəlmir, ancaq Kreml dünyaya meydan oxumağa çalışır. Hətta bu dəfə daha açıq tekstlə danışırlar, Azərbaycan Ordusunun NATO standartlarına keçməsindən qıcıqlandıqlarını dolayısı ilə etiraf edirlər.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında vəziyyət təəssüf ki, mürəkkəb və gərgin olaraq xarakterizə olunur”. Bunu fevralın 14-də keçirdiyi mətbuat konfransında KTMT-nin Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov deyib. Sitat: “Biz NATO-nun Belarus və Rusiyanın qərb sərhədlərinə yaxın hücum infrastrukturunun gücləndirməsinə, Baltikyanı ölkələrin aqressiv ritorikasına və Ukrayna böhranı fonunda artan hərbi fəallığa diqqət yetiririk. Bütün bunların fonunda Azərbaycan-Ermənistan sərhədində yüksək münaqişə potensialını nəzərə alaraq, ayrı-ayrı dövlətlərin Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin sərvətlərinə çıxış əldə etmək və birbaşa Mərkəzi Asiyaya çıxış əldə etmək cəhdləri münaqişənin gərginləşməsinə şərait yaradır”.

General heyrət doğuran bir yanaşma da sərgiləyib: “Ayrı-ayrı dövlətlər arasında ərazi məsələlərinin həll olunmaması Qafqazda münaqişə ocağını sönməyə qoymur. Rusiya regionda sabitləşdirici rol oynayır (hansı ki, bölgədə münaqişəni yaradan da, onu sönməyə qoymayan da Rusiyadır və bunu bütün dünya bilir - red.) Lakin Vaşinqton və Brüssel Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, münaqişədən sonrakı nizamlanma ilə bağlı öz baxışlarını yeritməyə, öz təhlükəsizlik modelinin formatını tətbiq etməyə və təşkilatın (KTMT-red.) bu istiqamətdə səylərini neytrallaşdırmağa çalışır”.

Sidorov deyib ki, Azərbaycan öz Silahlı Qüvvələrinin potensialını artırmağa davam edir. Bakı şəxsi heyətin hazırlanması və NATO istehsalı olan silah, eləcə də texnikanın tədarükü ilə Türkiyə standartlarına keçir. Rusiya açıq-aşkar dünyaya meydan oxuyur və demək istəyir ki, MDB məkanında, Cənubi Qafqazda Qərbin, NATO-nun nüfuzunu artırmasına qarşı addımlarını davam etdirəcək. Burada bir mühüm məqama nəzər salaq ki, Sidorovun dediklərində əsas hədəf məhz Ermənistandır. Çünki Azərbaycan müharibədən sonra bölgəyə Aİ kontingentinin gəlməsinə qarşı çıxdığı halda, Ermənistan KTMT üzvü olmasına rəğmən Avropa İttifaqının müşahidə missiyasını Ermənistan-Azərbaycan sərhədinə gətirdi, indi də Fransa müşahidə missiyasının gətirilməsi hazırlıqlarına başlanılıb. Azərbaycan Ordusunun NATO standartlarına keçməsi isə yeni məsələ deyil, uzun illərdir bu proses gedir və Azərbaycan-Rusiya münasibətlərinə hər hansı təsiri də olmayıb. Olsaydı, ən azı İkinci Qarabağ savaşında bu qıcığı hiss edərdik. O zaman Sidorovun bu bəyanatı hansı nəticələri, qənaətləri doğurur?

Bu müharibənin bizə bir xeyiri oldu“ - Azad İsazadə - Azinforum.az  İnformasiya Portalı

Azad İsazadə 

Hərbi analitik Azad İsazadə “Yeni Müsavat”a söylədi ki, general Sidorovun sözləri siyasi xarakter daşıyır. Ekspertin fikrincə, Azərbaycan Ordusunun NATO standartlarına keçməsi bircə silah-sursatda qalmışdı, ona birdən-birə başlamaq mümkün deyildi: “Bizdə tank, təyyarə, pulemyot rus sistemləri idi, ordu quruluşu isə hələ 90-cı illərdə kağız üzərində NATO standartlarına uyğun idi. Sonra Azərbaycan kağız üzərində olan sistemi yavaş-yavaş reallaşdırmağa başladı. 44 günlük müharibə göstərdi ki, Ermənistanda olan diviziya, batalyon, alay Azərbaycandakı yeni sistemlə toqquşanda yenisi daha efektivdir. Ona görə Azərbaycan bu istiqamətdə daha dərin gedəcək”. A.İsazadə hesab edir ki, NATO standartları deyəndə “n” qədər sənəd var: “Söhbət bizim türk ordusunun modelinə keçməyimizdən gedir. Yəni vahid bir ordu yaradılır. Bu proses çoxdan gedirdi. Ardınca Şuşa Bəyannaməsi imzalandı və hərbi müttəfiqlik daha da yüksəldi. Rusiya siyasi baxımdan buna reaksiya verir. Reallıqda bu proses davam edəcək. Azərbaycan hansı sistemlə işləyirsə, ona uyğun da öz ordusunu qurur, heç kəslə məsləhətləşmir”.

Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma Ermənistanda türk  görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova isə hesab edir ki, Rusiya artıq öz ordusu haqda mifin dağıldığını görməkdədir: “Rus silahları Vətən müharibəsində də gözdən düşdü, Ukrayna müharibəsində də prestijini itirdi və dünya silah ticarətində ona müraciətlərin azalacağını bilir. Eyni zamanda rus ordusunun yenilməz gücü haqda səslənən nağıllar da darmadağın olmaqdadır. Bir ildir ki, Ukrayna əsgərləri qəhrəmancasına döyüşürlər. Bəli, silah yardımı var, Qərb koalisiyası bir gün də onları müdafiəsiz qoymur, amma savaşan NATO əsgəri deyil, ukraynalıdır. Bu mənada göründü ki, nüvə dövləti olan rus ordusuna qarşı vuruşmaq mümkün imiş. Bütün bunları nəzərə alan KTMT generalı Rusiyanın çəmbərinin daralmasından narahatdır. Finlandiya da Şimal Atlantik Alyansına qoşularsa, NATO Rusiyanın sərhədlərinə bir qədər də yaxınlaşacaq”. Ekspert hesab edir ki, Azərbaycan Rusiyadan silahlar alır, amma əsasən NATO hərbi texnikasına üstünlük verir: “Bu da Sidorov kimi generalları rahat buraxmır. Hər bir ordu öz arsenalını müasir, beşinci nəsil silahlarla gücləndirir. Azərbaycan niyə də sovet-rus modelindən imtina etməməlidir? Sadəcə, Rusiya artıq izqoy vəziyyətə düşdüyünü dərk edir. Dünyaya meydan oxumaqla deyil, hegemonluq imkanları getdikcə zəifləyir. Hətta qonşuları belə ondan uzaqlaşırlar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR