İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Lavrovu niyə Türkiyəyə göndərmir?   

1367 16.02.2023 20:15 Siyasət A A

Politoloq: “Bu, Qərbdən Ərdoğan hakimiyyətinə əlavə təzyiqlərə imkanları verməmək kimi qiymətləndirilə bilər”

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra bu ölkə ilə tarixən gərgin münasibətləri olan Yunanıstan və Ermənistan xarici işlər naziri, eləcə dədiplomatik münasibətləri yenicə bərpa etdikləri İsrailin xarici işlər naziri Türkiyəyə səfər edib,  dəstək nümayiş etdirdilər. NATO baş katibi Yens Stoltenberq də  Türkiyəyə səfər edərək zəlzələ fonunda Türkiyəyə hərbi alyansın dəstəyini çatdırıb. 

Putin zəlzələdən dərhal sonra Ərdoğana zəng edib başsağlığı verdi və xilasedicilər göndərdi. İran xilasedicilər göndərsə də, xüsusi dəstək bildirmədi. İki ölkənin xarici işlər naziri də bu ölkəyə hələ ki, səfər etməyiblər.  İranın mövqeyi haradasa başa düşülsə də, Rusiyanın Lavrovu Türkiyəyə göndərməməsi diqqət çəkir. Türkiyə-Rusiya münasibətlərinə nəzərən Lavrovun  Türkiyəyə getməməsi bəzi suallar doğurub. Türkiyə həm də Rusiyaya qarşı sanksiyalara qoşulmadığı üçün Qərbin qəzəbinə gəlib. Ölkə arasında xüsusilə enerji və iqtisadiyyat sahələrindəki əlaqələr xüsusilə inkişaf mərhələsini yaşayır. 

Bəs, niyə Rusiya da Türkiyə ilə məsafəli davranmağa üstünlük verdi? Bunun səbəbi nə ola bilər?

Politoloq Anar Əliyev Musavat.com-a  bildirdi ki, Türkiyədə zəlzələ hətta 30 il öncə qapadılan Türkiyə-Ermənistan sərhədinin açılmasına səbəb oldu. Ermənistandan da Türkiyəyə yardım göndərildi. Hətta Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Türkiyəyə səfərə getdi. Eləcə də Yunanıstanın xarici işlər nazirinin zəlzələ bölgəsinə səfəri baş verdi. Türkiyə ilə münasibətləri kifayət qədər yüksək səviyyədə olan Rusiyanın xarici işlər nazirinin və ya başqa bir nazirinin Türkiyəyə səfərinin təşkil edilməməsi və bu şəkildə dəstəyin nümayiş etdirilməməsi şübhəsiz müəyyən suallar doğurur: “Hesab edirəm ki, burada bir neçə ciddi məqam dayanır. Birincisi, təbii ki, Rusiya fəlakətin  ilk anlarından Türkiyəyə dəstək olduğunu nümayiş etdirdi, Prezident Putin həmkarı Ərdoğana zəng etdi və ən böyük yardımı göstərən, xilasedici dəstələr göndərən dövlətlərdən biri məhz Rusiya Federasiyası oldu. Amma bəli, ötən günlər ərzində Rusiya tərəfdən əlavə ciddi dəstəklərin nümayiş olunmaması, xarici işlər naziri səviyyəsində səfərin reallaşdırılmaması bir neçə məqamı önə çıxarmış olur. Qarşıdakı aylarda Türkiyədə  keçiriləcək prezident seçkiləri ilə bağlı məsələ əsas məqamlardandır. Rusiya tərəfi çox gözəl bilir ki, məhz əsas rəqibi, bu gün Ukrayna məsələsinə görə düşmənçilik münasibəti sərgilədiyi Qərb Türkiyədə prezident seçkilərinə müdaxilə etmək və mümkün qədər seçkilərin nəticələrinə təsir etməklə Rəcəb Tayyib Ərdoğanın hakimiyyətinin davamlılığının təmin olunmasına mane olmağa çalışır, daha çox Qərbyönümlü siyasət yürüdəcək qüvvələrin hakimiyyətə gəlməsində maraqlıdır. Rusiya isə təbii ki, Rusiyanın apadığı indiki aqressiv siyasətə müəyyən mənada qarşı çıxmayan, Rusiyanın karbohirogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına ciddi dəstək nümayiş etdirən, yaxın Şərqdə Rusiya qazının xabına çevrilməyi hədəfləyən Ərdoğanın hakimiyyətdə qalmasına dəstək nümayiş etdirir. Bu mənada indiki şəraitdə Rusiya ilə Türkiyə arasında sıx diplomatik trafikin olmaması həm də müəyyən mənada Ərdoğanın qorunmasına, Ərdoğan hakimiyyətinə əlavə təzyiqlər, əlavə tənqid imkanları verməmək üçün atıla biləcək addım kimi qiymətləndirilə bilər. Rusiya ilə isti münasibətlərin davam etdirilməsi Ərdoğan hakimiyyətinə qarşı təzyiqlərə bəhanə verir. Ona görə də məncə Rusiyadan xarici işlər nazirinin səfər etməməsi iki dövlət arasında razılaşdırılmış davranışdır”.

Politoloq hesab edir ki, daha bir səbəb Rusiyanın indiki situsiyada düşdüyü vəziyyətdir: “Rusiya özü kifayət qədər gərgin vəziyyətdədir. Ukrayna Müharibəsi fonunda xaricdən edilən təzyiqlər, ölkənin daxilində gərginləşən vəziyyət, Putinin yeritdiyi siyasətə artıq komanda daxilində də narazılıq elementlərinin müşahidə olunması Rusiyanın vəziyyətini çətinləşdirir. Bu mənada Sergey Lavrovun da başı xaricdən olan təzyiqlərə, həmçinin daxildə Xarici İşlər Nazirliyi sistemində artan narazılıqların qarşısının alınmasına daha çox qarışıb. Lavrov daha çox bu problemlərlə məşğuldur. Onun Türkiyəyə gəlməməsi heç də Rusiya-Türkiyə arasında münasibətlərin gərginliyin olmasından xəbər vermir”.

Etibar SEYİDAĞA
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR