İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin canini mükafatlandırdı - Peqova “İgidliyə görə” medalı verilməsinin anlamı

1387 22.12.2022 08:30 Gündəm A A

Hüquqşünas: “Semyon Peqov yaxasındakı medalqarışıq tutularaq Azərbaycana gətirilməli və layiq olduğu cəzaya çatdırılmalıdır”

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı yalanlar tirajlayan, təxribatçı məlumatlar yayan,  “Wargonzo”  layihəsinin rəhbəri Semyon Peqovu Rusiya Prezidenti Vladimir Putin mükafatlandırıb.

Kremldə keçirilən mərasimdə “Wargonzo” YouTube layihəsinin müəllifi Peqova “İgidliyə görə” ordenini təqdim edib. Fotodan görünür ki, Peqovun bir ayağı topuqdan aşağı sarıqdadır, güman ki, onu itirib. Hərbi cani Ukraynada bir neçə ay öncə minaya düşmüşdü, ancaq sonra onun hansı dramı yaşaması haqda açıqlama verilmədi. İndi isə Putin onu Kremlə çağırıb və medal verib. İkinci Qarabağ savaşı zamanı bu adam Azərbaycana qarşı ən qatı cinayətlərdə iştirak edib, döyüşlər haqda təxribatçı, yalan məlumatları dünyaya tirajlayıb. O zaman onun qanunsuz olaraq Qarabağa hansı qüvvələr tərəfindən gətirilməsi dəqiq bilinmirdi. Kremldəki törən, Peqova “İgidliyə görə” medalı verilməsi onun Kremlin tulası olmasına şübhə yeri qoymur. Azərbaycan bununla bağlı hansısa etiraz müraciəti etməlidirmi? Peqovu Azərbaycan rəsmən axtarışa veribmi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Rusiya Prezidentinin Semyon Peqova medal verməsi onun və rəhbərlik etdiyi layihənin Rusiya rəhbərliyinə bağlılığını bir daha təsdiqləyir: “Əlbəttə ki, bütün baş verənlər bizdə ciddi narahatlıq doğurur. Rusiya rəhbərliyi bununla nə demək istəyir? Bu məsələlərin kökündə nə dayanır? İlk baxışdan görünür ki, Azərbaycan-Rusiya münasibətləri qaydasındadır, danışıqlar gedir, Azərbaycanın mövqeyi nəzərə alınır. Bir tərəfdən biz bu prosesləri müşahidə edirik. Digər tərəfdən isə Rusiyanın idarəçiliyi, təşəbbüsü ilə xoşagəlməz prosesləri də görürük. Kremlin danışan dilləri hesab edilən şəxslərin Azərbaycana yönəlik təhdidedici açıqlamalarının bir-birini əvəzlədiyi bir vaxtda Putin Semyon Peqovu ödülləndirməklə baş verənlərin arxasında rəsmi Kremlin dayandığını açıq büruzə vermiş oldu. Ermənilərin buyruq qulu Semyon Peqov II Qarabağ müharibəsinin gedişində Azərbaycana qarşı cinayətkar hərəkətlər törədib, anti-Azərbaycan cəbhəsində dayanıb, yalan, iftira, təxribat xarakterli məlumatlar yayıb. Müharibənin gedişi ilə bağlı qəsdən beynəlxalq ictimai rəyi yanlış istiqamətdə formalaşdırmağa çalışıb. Azərbaycana qarşı həyata keçirdiyi cinayətlərə görə Peqov barəsində Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işi başlanıb. O, beynəlxalq axtarışa verilib. Sülhməramlıların yaratdığı şərait nəticəsində Azərbaycanın rəsmən axtarışa verdiyi bir təxribatçı, antiazərbaycançı Qarabağdan rahat şəkildə aradan çıxıb və Kremldə peyda olur. Onun Qarabağda sərbəst hərəkət etməsi qanunsuz idi. Bununla bağlı Azərbaycan Rusiya qarşısında məsələ qaldırmalı idi. Çünki Peqov Rusiya vətəndaşıdır. Azərbaycanın Baş Prokurorluğunun bu cinayətkarla bağlı rəsmi qərarı var. Peqovun Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilməsinə təşəbbüs göstərməlidir. Azərbaycan bu istiqamətdə həm hüquqi müstəvidə, həm də siyasi dialoq müstəvisində ləngimədən işlərini görməlidir”.

Natiq Ələsgərov bildirib ki, Semyon Peqov cinayət törədib və Azərbaycan Vətən müharibəsi apardığı günlərdə o zaman işğalda olan Azərbaycan torpaqlarında informasiya təxribatı ilə məşğul olub: “Semyon Peqov yaxasındakı medalqarışıq tutularaq Azərbaycana gətirilməli və layiq olduğu cəzaya çatdırılmalıdır”.

Qeyd edək ki, Semyon Peqov Vətən müharibəsi günlərində, sonrakı dövrdə hazırda sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə olub. O, həmçinin Əsgəran qəsəbəsinin Ağdamla qonşu olan hissəsində qanunsuz xidmət aparan qanunsuz erməni hərbi birləşmələrinin üzvləri ilə görüşüb, onlarla şəkil çəkdirib. Peqov Azərbaycan Ordusunun mövqelərinin də foto və videoçəkilişlərini aparıb. II Qarabağ müharibəsində Azərbaycana qarşı aparılan qərəzli informasiya müharibəsinin əsas ruporlarından biri olub.

Faktla bağlı 2020-ci ilin noyabrında Azərbaycan baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR