Hadisələrin, xüsusilə də faciəvi hadisələrin saniyələr içində paylaşılması cəmiyyətin xəbərdar olmasını təmin etsə də, bu informasiyanın təqdimat forması bəzən əlavə psixoloji təsirlər yarada bilir. Bəzi sosial media istifadəçiləri yol qəzalarında həlak olanların yaxınlarına münasibətdə qəza kadrlarının yayılmasının doğru olmadığını qeyd edirlər.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov hesab edir ki, qəza görüntüləri insan psixologiyasına birbaşa təsir edən emosional yüklü materialdır. Musavat.com-a şərhində o vurğulayıb ki, məsələyə birmənalı yanaşmaq düzgün olmaz:
“Sosial media artıq insanların həyatının ayrılmaz hissəsinə çevrilib. İnsanlar emosiyalarını yalnız real həyatda deyil, rəqəmsal mühitdə də yaşayır və hadisələrə orada da reaksiya verirlər. Bu gün rəqəmsal kimlik bəzən insanın real kimliyindən daha görünən və təsirli hala gəlir. Məhz buna görə də sosial mediada yayılan qəza görüntüləri təkcə informasiya deyil, həm də güclü emosional təsir yaradan məzmun kimi qəbul edilir. Yol qəzaları və digər faciəvi hadisələrin görüntülərinin paylaşılması bir tərəfdən cəmiyyətin diqqətini təhlükəsizlik məsələlərinə yönəldə, insanlarda məsuliyyət hissini artıra bilər. Lakin digər tərəfdən, həmin görüntülər həlak olan şəxslərin ailə üzvləri və yaxınları üçün travmatik təsir yarada bilər. İnsan itkisi onsuz da ağır bir prosesdir, lakin bu görüntülərlə təkrar-təkrar qarşılaşmaq yas və itki hisslərini yenidən aktivləşdirə, emosional ağrını dərinləşdirə bilər. Təhlükə və risklə bağlı görüntülər insanlarda təbii olaraq maraq yaradır. Təhlükə hər zaman adrenalini yüksəldir və insanlar belə məzmunlara daha çox diqqət göstərirlər. Buna görə də qəza görüntüləri sosial şəbəkələrdə sürətlə yayılır. Ancaq cəmiyyət olaraq informasiya əldə etmək hüququ ilə insan ləyaqəti və yaxınlarının hisslərinə hörmət arasında balans qorunmalıdır. Hadisə barədə məlumat vermək mümkündür, lakin bunu insanın şəxsiyyətinə və ailəsinin emosional vəziyyətinə hörmət çərçivəsində etmək daha doğru yanaşmadır”.
Nigar Həsənli
Musavat.com






