İnsanlara hürriyət, millətlərə istiqlal!

Problemli kreditlər yenə artır - bankların tamahı dövlətə növbəti dəfə yük ola bilər

1238 25.05.2023 08:38 İqtisadiyyat A A

Azərbaycanda problemli kreditlərin həcmi 600 milyon manata çatıb. 2023-cü ilin may ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 591.8 milyon manat təşkil edib. APA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi aprel ayının 1-i ilə müqayisədə 0,2 % artıb, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 12.3% azalıb. Qeyd edək ki, problemli kreditlərin 73.8%-i və 436,6 milyon manatı milli valyutada, 26.2%-i və ya 155.2 milyon manatı isə xarici valyutada olub.

Xatırladaq ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9% bəndi azalaraq 2.8% təşkil edib.

Nəzərə çatdıraq ki, Azərbaycanda bir neçə il öncə baş verən devalvasiyalar zamanı böyük həcmdə problemli kreditlər yaranmışdı. Vətəndaşlar bu məsələdə ciddi çətinliklər yaşadığı üçün dövlət nəhayət bu yükü öz üzərinə götürmüşdü, xeyli problemli kredit bağlanmışdı.

Bu zaman bəyan edilmişdi ki, banklar növbəti illərdə kredit siyasətinə yenidən baxmalıdır. Lakin görünən budur ki, banklar ənənəvi qaydalarla çalışır, kredit faizləri yüksəkdir və bəzi bankların tamahkarlığı, kortəbii yanaşmaları nəticəsində problemli kreditlər yenidən artmaqda davam edir. Bəlkə banklar arxayındır ki, dövlət növbəti dəfə də bu yükü öz üzərinə çəkəcək? Bu məsələdə önləyici hansı tədbirlər görmək mümkündür? Banklar problemli kreditlərin faiz nisbətini, borcunu özü qarşılamaya bilərmi? Dünya təcrübəsi necədir?

Əkrəm Həsənov: “Azərbaycan xalqı, milləti nə dərəcədə türkdür, türk  etnosuna mənsubdur? Bunun özü hələ sualdır...” Pravda.az

Əkrəm Həsənov: “Mərkəzi Bank Palatanın qəbul etdiyi qərarların icra olunmasına nəzarət etmir”

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əslində baş verən bu artım elə də böyük artım deyil: “Pandemiyadan sonra kredit portfeli artır, buna görə istər-istəməz problemlər də yaşanır. Ümumən, problemli kreditlər yalnız Azərbaycana xas olan cəhətdir. İstənilən ölkənin bank sistemində problemli kreditlər var. Bu heç də bankların öz günahı deyil. Burada istər-istəməz obyektiv səbəblər də var. Qiymət artımı, insanların yoxsullaşması və sairə. Biznes kreditlərinə gəldikdə, bizneslərin bağlanması, müflis olması, gəlirlərin düşməsi kimi hallar var. Bu, hazırda bütün dünyada baş verir. Xaricdə də banklar bağlanır. Hətta ABŞ-ın özündə də. Amma böyük bankların sahibləri müəyyən vəzifələr qoyur və onların da mükafatları banka gətirdikləri gəlirə bağlıdır. Bankın da gəliri kreditlərdən, kredit üzrə gələn faizdən gəlir. Buna görə həmin bankların menecerləri çalışırlar ki, mümkün qədər çox kredit versinlər. İnsanları cəlb edirlər ki, gəlin, sizə kredit verək. Çünki onlar nə qədər gəlir götürsə, son nəticədə onların da mükafatı ona bağlıdır. Əslində 2015-ci ildə devalvasiya da bu səbəbdən baş vermişdi. Mümkün qədər çox kredit verək, qazanaq, amma axırını da biz gördük. Bu səbəblər var. Təəssüf ki, Mərkəzi Bank bu məsələyə ciddi nəzarət etmir. Hətta mən deyərdim ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələyə daha ciddi nəzarət edirdi. Məhz buna görə də devalvasiyadan sonra da problemli kreditlər azalmışdı. Mən xatırlayıram, 2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatası yarananda qaydalar müəyyən etmişdi ki, kreditlər hansı meyarlarla verilə bilər, bir nəfərin gəliri nə qədər olmalıdır və sairə. O qaydalara bu gün banklar riayət etmir. Mərkəzi Bank da buna göz yumur. Ona görə bu sahədə müəyyən işlər görülməlidir. Müəyyən işlər dedikdə Mərkəzi Bank Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarlarını rəhbər tutsa, yəni banklar hansı halda kredit verə bilər, hansı halda yox, bunu nəzərdə tuturam. Tutaq ki, krediti götürən vətəndaş, ya sahibkar gəliri nə qədər olmalıdır, maliyyə göstəriciləri necə olmalıdır ki, bank ona kredit versin. Mərkəzi Bank bu qaydalara riayət olunmasını ciddi nəzarətə götürməlidir. Bu halda da banklar kimə gəldi kreditlər verməyəcək. Amma bu gün belə deyil. Mərkəzi Bank əvvəlki kimi bu məsələlərə göz yumur. Maliyyə Bazarlarına Nəzarət Palatası 2016-cı ildən 2019-cu ilə qədər buna ciddi nəzarət edirdi. Banklar ödəniş qabiliyyəti şübhəli olan şəxslərə kredit vermirdilər. Buna görə də problemli kreditlər artmırdı. İndi isə belə deyil. Mərkəzi Bank Palatanın qəbul etdiyi qərarların icra olunmasına nəzarət etmir”.  

Suya da od kimi yanaşmalıyıq – Pərviz Heydərovun şərhi

Pərviz Heydərov 

İqtisadçı Pərviz Heydərov da “Yeni Müsavat”a dedi ki, problemli kreditlərin həcmi faciəli həddə deyil:  “Siz qeyd etdiyiniz vaxtda 2 milyarda yaxın idi. Hansı ki, Prezidentin təşəbbüsü ilə müdaxilə edildi və məsələ həllini tapdı. Bütövlükdə, bank sektoru "süni tənəffüs aparatı"ndan qurtuldu. Problemli kreditlərin yenidən artmağa başlaması sözsüz ki, yaxşı hal deyil. Bu, ölkədə bank sektorunun köhnə qaydada çalışdığının göstəricisidir. Yəni köhnə problemlərdən dərs çıxarılmayaraq yenidən eyni fəaliyyət həyata keçirilir və göstərilir. İstehlak kreditləri əvvəlkitək, bankların əsas gəlir mənbəyi sayılır. Problemli kreditlər məgər o zaman birdən-birə yaranmışdımı? Xeyr. Niyə yaranmışdısa, səbəb bəllidir. Banklar qeyri-neft sektorunu inkişaf etdirmək və ixracı artırmaq üçün real sektoru maliyyələşdirmək əvəzinə istehlak krediti paylayırdılar. İstehsalı və biznesi deyil, istehlakı kreditləşdirirdilər. Bu isə idxalı stimullaşdırırdı. Ona görə də xarici iqtisadi şərait pisləşən kimi ölkə iqtisadiyyatında ilk olaraq bank sektoru axsamağa başladı ki, devalvasiya baş verdi, nəticədə də banklara ödənilməli olan borclar durduğu yerdə kəllə-çarxa yüksəldi. Beləliklə də banklar təcili olaraq “süni nəfəs aparatına” qoşuldu.

Yenə hazırda problemli kreditlərin həcmi o dövrdəki səviyyədə deyil. Lakin digər məqamlar baxımından, vəziyyət fərqlidirmi? Xeyr. Çünki hər şeyi real sektorun tələbi və bazar müəyyən etməli olduğu halda bizdə belə deyil. İqtisadiyyatın real sektoru maliyyələşdirilməli, kreditləşdirmə məhz buna uyğun həyata keçirilməlidir. Bank sektoru ölkədə hökumətin qarşıya qoyduğu qeyri-neft sektoru inkişaf etdirmək və bu sahədən ixracı artırmaq tələblərinə cavab verməli olduğu halda, əksinə fəaliyyət göstərir. Bunun üçünsə istehlak deyil, biznes və istehsal kreditləşdirilməlidir. Real vəziyyət isə bundan ibarətdir ki, ölkədə fəaliyyət göstərən bankların maliyyə vəziyyətləri yaxşı olsa da kredit faizləri yüksəkdir, əmanətlər üzrə təklif olunan gəlirlilik səviyyəsi əvvəlkitək cəlbedici deyil, borc vəsaitlərinin verilməsi riskli sayılmaqla yanaşı, bütövlükdə bank sektoru iqtisadiyyatın normal inkişafı və artımı sarıdan müvafiq tələblər üçün çalışmır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR