İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentlərin Xudafərin görüşünün sirri - Zəngəzur məsələsi...

3729 19.03.2024 10:54 Ölkə A A

İlham Əliyev Rəisi ilə müzakirələrdə hansı mesajları verəcək; Bakı ilə Tehran arasında “körpü”lərin bərpası istiqamətinə  növbəti gəlişmə; ekspertlərdən maraqlı şərhlər

İran və Azərbaycan arasında uzun aylardan bəri hökm sürən soyuq münasibətlərin yerini normal əlaqələr əvəz etməkdədir. Hər halda, görünənlər bu qənaətə gəlməyə əsas yaradır, yetər ki, növbəti dəfə araya təfriqə salanlar girməsin.

“Novruz bayramına qədər Azərbaycan və İran prezidentləri Xudafərinə səfər edəcəklər”. “Yeni Müsavat” bildirir ki, bunu Baku TV-yə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib. “Ümid edirəm ki, hazırlıq işləri üçün iki ölkənin energetika nazirləri tezliklə görüşəcəklər. Xudafərin, Qız qalası hidroqovşaqları və su bəndlərinin açılış mərasimi sərhəddə hər iki prezidentin iştirakı ilə baş tutacaq”, - diplomat vurğulayıb. Səfir həmçinin bildirib ki, Araz körpüsü üzərində keçid məntəqəsi və Ağbənd körpüsü üzərində avtomobil və dəmir yolu xəttinin tezliklə istismara verilməsi üzrə işlər davam edir. Bu, iki qonşu ölkə rəhbərlərinin Xudafərində ilk görüşü olacaq və əlbəttə ki, Qarabağın işğaldan azad edilməsinə birbaşa bağlıdır.

Yeri gəlmişkən, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Saziş 23 fevral 2016-cı il tarixində Tehran şəhərində imzalanıb və 14 iyun 2016-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin illər öncə yayılmış rəsmi mövqeyinə görə “sazişə əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində "Xudafərin" və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir. Körpülərin tikilməsinə sazişə uyğun olaraq “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır. Qeyd edək ki, sözügedən sənədin imzalanması Azərbaycan dövlətinin çox böyük uğuru olsa da, bəzi çevrələr bu uğura kölgə salmağa çalışırdılar. Xüsusilə də bu sənədin hələ Qarabağ və Şərqi Zəngəzurun işğal altında olduğu zaman imzalanması ərazi bütövlüyü məsələsinin prioritet olduğunu bir daha təsdiqləmişdi.

Ötən həftə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Bu barədə səfir “X” hesabında paylaşım edib.

Bildirilir ki, görüşdə Qəzza regionunda baş verən son hadisələr və ikitərəfli əlaqələr nəzərdən keçirilib. Eləcə də iki qonşu dövlət arasında münasibətlərdə yeni fəsil açılmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, ötən həftə İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin tezliklə açılacağı haqda açıqlama verib. Səfir A.Musəvinin də “X” platformasındakı hesabında etdiyi paylaşımda iki qonşu dövlət arasında münasibətlərdə yeni fəslin açılmasının vacibliyinə diqqət çəkməsi proseslərin müsbət dinamikasından xəbər verir. Bəs Tehranın bu qəbildən mesajlarını necə oxumalıyıq? Xudafərində prezidentlər arasında ilk tarixi görüş iki ölkə arasında diplomatik əlaqələrin tam həcmdə bərpasını tezləşdirə bilərmi? Araz boyu alternativ Zəngəzur yolunun açılmasına necə, çoxmu var? Onu da yaddan çıxarmaq olmaz ki, İran hələ də Zəngəzur dəhlizinin açılmasına qarşıdır və layihəyə əngəl olmağa çalışır, hətta bundan ötrü Ermənistana təzyiq də edir. Bu mənada qarşıdakı zirvə görüşünün bu kimi yanaşmalara necə təsir edəcəyi də maraqlıdır.

Deputat Arzu Nağıyev təltif edildi | 1news.az | Xəbərlər

Arzu Nağıyev: “Zəngəzur dəhlizinin istismara verilməsi ilk növbədə İran üçün vacibdir”

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan və İran prezidentlərinin bu görüşü məhz indiki şəraitdə çox mühüm əhəmiyyət kəsb edir: “İlk növbədə regionda yeni bir fəslin açılması və regional dövlətlərin münasibətində olan inkişaf tendensiyası, paralel olaraq beynəlxalq səviyyəli görüşlər, iqtisadi, siyasi və hərbi cəhətdən yeni perspektivlərin açılması bunu deməyə əsas verir. Məlum məsələdir ki, uzun müddət "boz zona"ya çevrilmiş Azərbaycan-İran sərhədinin 130 km-dən çox hissəsi qaçaqmalçılıq və digər qanunsuz hərəkətlər üçün separatçı qüvvələrin əlində olub, lakin artıq bu məsələlər 44 günlük müharibədə əldə olunan qələbədən sonra öz müsbət həllini tapdı və qarşıda duran əsas məsələlərdən biri qonşuluq siyasətini müsbət istiqamətdə həyata keçirməkdir. Təbii ki, burada diplomatik əlaqələrin inkişafı da mühüm yer tutur və vacib məsələlərdən biri də budur". 

A.Nağıyev qeyd etdi ki, Azərbaycan öz qonşuluq siyasətində İranla bağlı bütün öhdəlikləri yerinə yetirir və İrandan da bunu istəyir: “Beynəlxalq səviyyəli görüşlərdə, o cümlədən NATO, BMT Qərb dövlətləri ilə və digər beynəlxalq qurumlarla bağlı İrana olan qonşuluq siyasətini saxlayır və İran da son vaxtlar bunu əminliklə qəbul edir. İqtisadi layihələrə gəldikdə isə, təbii ki, bu çox vacib məsələdir, birgə şirkətlərin qurulması, yolların açılması, Zəngəzur dəhlizinin istismara verilməsi ilk növbədə İran üçün də vacibdir. Yəni qonşuluq siyasəti, terror və təxribatla, qaçaqmalçılıqla və s. mübarizədə mühüm amilə çevrilməlidir və gələcəkdə bu, tək region üçün deyil, beynəlxalq səviyyədə də öz müsbət nəticəsini verəcək”.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov isə bu fikirdədir ki, İran-Azərbaycan münasibətlərinin yaxşılaşması hər iki dövlətin, xüsusən də İranın mənafelərinə cavab verir: “Təəssüf ki, İranın Azərbaycana qarşı tutduğu mövqe, yumşaq desək, heç zaman stabil olmayıb. Halbuki Azərbaycan artıq dəfələrlə sübut edib ki, heç bir dövlət onun ərazisindən qonşulara qarşı istifadə edə bilməz. Yeri gəlmişkən, təəssüf ki, biz hələ Ermənistana "qonşu" deyə bilmirik. Ermənistan hələ də düşmən dövlət olaraq qalır... Bununla belə, İran İslam Respublikası sanki Azərbaycandan çəkinir və Azərbaycanı özünə dost ölkə kimi görmür. Bu, yanlış siyasətdir. Zaman-zaman İran rəhbərliyi bunu anlayır, sonradan yenə təhdid, hədə gəlmək yolu tutur, Ermənistanla müttəfiqlik münasibəti qurur, halbuki İran üçün elə ən böyük təhlükə Ermənistandandır. Hazırda İranla, yumşaq desək, dost olmayan, ona sanksiya tətbiq edən ölkələr, o cümlədən Avropa İttifaqı ölkələri Ermənistanla münasibətləri getdikcə yaxınlaşdırır, ABŞ-ın regiondakı ən böyük səfirliyi də balaca Ermənistandadır. Kiçik bir ölkədə bu qədər böyük diplomatik heyət yəqin ki, yalnız Ermənistanla bağlı deyil. Bir sözlə, İrana qarşı ən böyük təhdid və təhlükə Ermənistandan ola bilər". 

STM | Sahib Məmmədov:" Ermənistana rəhbərlik edən və müharibə cinayəti  törədən hərbiçilərin məsuliyyətinə dair"

Sahib Məmmədov: “Münasibətlərdəki müsbət dinamikanın davam etməsi bir çox digər məsələlərin də həllinə təkan verəcək”

S.Məmmədov bildirdi ki, belə halda illər boyu İranın Ermənistanı dəstəkləməsi, onu silah-sursatla təchiz etməsi, ölkəsinin ərazisini Ermənistana silah daşınması üçün tranzit ölkə kimi açması, iqtisadi və siyasi münasibətləri ən yaxın müttəfiqlər səviyyəsinə qaldırması anlaşılan deyil: “Azərbaycan isə İranla bağlı siyasətində Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan münasibətlərdən heç zaman geri çəkilməyib. Sadəcə, İkinci Qarabağ müharibəsindən sonra İranın anti-Azərbaycan mövqeyi və addımları Azərbaycanı əks tədbirlər görməyə vadar etdi. Münasibətlərdəki gərginliyin ən yüksək həddə çatması isə Azərbaycan səfirliyində terror aktının törədilməsi oldu. Bundan sonra Azərbaycan səfirliyin fəaliyyətini müvəqqəti olaraq dayandırmalı oldu. Bu, diplomatik münasibətlərin dayandırılması deyildi. İranın Azərbaycandakı səfirliyi və digər diplomatik qurumları öz işini davam etdirməkdədir. Azərbaycan hətta tam haqqı olduğu halda bundan sonra da İranla iqtisadi münasibətlərini dayandırmadı, başlanmış müqavilələri, o cümlədən "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında hüquqi yardım haqqında" müqaviləni və “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında” müqavilə denonsasiya etmədi. Hazırda İran İslam Respublikasının bir neçə xoşməramlı addımlar atması, o cümlədən terror aktını törədən şəxslə bağlı məhkəmə hökmü, Araz körpüsü üzərində keçid məntəqəsi və Ağbənd körpüsü üzərində avtomobil və dəmir yolu xəttinin istismara verilməsi istiqamətində işlərin sürətlənməsi, habelə Xudafərin, Qız qalası hidroqovşaqları və su bəndlərinin açılış üçün hazırlanması müsbət hadisələrdir. Münasibətlərin yaxşılaşması isə yalnız iki dövlət arasında münasibətlərin yaxşılaşmasına deyil, həm də regionda davamlı sülhün bərqərar olmasına töhfə verəcək. Bu baxımdan münasibətlərin müsbət dinamikasının davamlı olacağına ümidlər artır". O ki qaldı Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyinə, icraçı direktorun fikrincə, bu, daha çox onunla bağlıdır ki, İran mühüm nəqliyyat dəhlizindən kənarda qalmaq istəmir, nəinki Ermənistanın maraqlarından çıxış edir: “Əgər Ermənistan Azərbaycanla onun ərazisi olan Naxçıvan arasında yüklərin, nəqliyyat vasitələrinin və sərnişinlərin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək istəmirsə, bu zaman Azərbaycan alternativ variantdan niyə də istifadə etməsin? Ermənistan şansını bu dəfə də əldən verirsə, bu, yalnız Ermənistanın ziyanına olacaq. Təsəvvür edin ki, Ermənistan Zəngəzur dəhlizini üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq bərpa etsəydi, nə qədər iqtisadi və siyasi divident əldə edəcəkdi. Azərbaycan yalnız Naxçıvana gedən yüklərin, nəqliyyat vasitələrinin və sərnişinlərin yoxlamadan, o cümlədən gömrük yoxlamasına məruz qalmadan, amma yol üçün ödəniş etməklə həyata keçirilməsini istəyir. Digər ölkələrin yükləri, nəqliyyat vasitələri və sərnişinləri həm sərhəd, həm gömrük yoxlamasından keçməklə hərəkət edəcəkdi. Bu, beynəlxalq praktikada geniş yayılıb. Ermənistan isə bunu qəbul etmək istəmədi. Belədə biz bir qədər uzun, amma daha təhlükəsiz keçiddən niyə də istifadə etməyək? Bəlkə elə gələcəkdə İran bizim yüklərin, sərnişinlərin və nəqliyyat vasitələrinin yoxlamadan keçməsinə də razılaşacaq. Gözləyək. Münasibətlərdəki müsbət dinamikanın davam etməsi bir çox digər məsələlərin də həllinə təkan verəcək”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR