İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin uğurlu ərəb ölkələri siyasəti

332 15.01.2025 08:30 Siyasət A A

Azərbaycanın mötəbər beynəlxalq tədbirə dəvət olunması mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir

Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Yanvarın 12-də başlayan builki sammit “Davamlı gələcək üçün sektoral inteqrasiya” mövzusuna həsr edilib. Tədbirin məqsədi dayanıqlılıq problemlərini həll etmək və iqtisadi transformasiya imkanlarını gücləndirmək üçün qlobal gündəmi müəyyənləşdirir, iqtisadi, sosial və texnoloji irəliləyişləri təşviq etmək və dəyəri 10 trilyon dollardan çox olan iqtisadi transformasiya ilə bağlı imkanları araşdırmaqdır.

Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində bütün dünyadan olan yüksək səviyyəli təmsilçilər fiziki və yaxud virtual formatda toplanaraq insan inkişafının təmini və dayanıqlı həllər istiqamətində biliklərini bölüşür, strategiyaları müəyyənləşdirir və beynəlxalq şirkətlərin pavilyonlarında ən qabaqcıl texnologiyaları nümayiş etdirirlər.

2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir.

İlham Əliyev BƏƏ Prezidenti ilə görüşdü - FOTO

Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.

Azərbaycanla İslam dünyasının önəmli dövlətlərindən olan Birləşmiş Ərəb Əmirlikləri arasında tarixi köklərə malik olan və mənəvi dəyərlərə, ənənələrə əsaslanan möhkəm dostluq münasibətləri bərqərar olub. 

Azərbaycanla BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr ikitərəfli platformada, eləcə də beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Təsadüfi deyil ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edilmişdi.

Abşeronda, Naxçıvanda, işğaldan azad olunmuş ərazilərdə böyük “yaşıl enerji” potensialına malik olan Azərbaycan bu sahənin inkişafına, bərpa olunan mənbələrdən enerji alınmasına BƏƏ investisiyalarının  cəlb olunmasına önəm verir.  Azərbaycanda BƏƏ investisiyası ilə istifadəyə verilən infrastruktur obyektinin texniki parametrləri kifayət qədər genişdir. Belə ki, Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Belə bir nəhəng infrastruktur obyektinin inşasını öz öhdəsinə götürməsi, layihənin icrasına yüz milyonlarla dollar həcmində investisiyalar yönəltməsi BƏƏ-nin “Masdar” şirkətinin ölkəmizə olan inamını ifadə edir. Yeri gəlmişkən, ötən il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında yeni sənədlər imzalanıb. Bu sənədlər əsasında “Masdar” şirkəti investisiya fəaliyyətini Azərbaycanın regionlarında da davam etdirəcək. 

Aydın Hüseynov: “Onun əziz xatirəsi hər zaman anılacaq” - Oxu.az

Aydın Hüseynov 

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, ərəb ölkələri ilə Azərbaycan arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açır: “Ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri də bu əməkdaşlıqda maraqlıdır və məmnundur. Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların, eləcə də ərəb ölkələrinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin dünya ölkələrinin liderlərinin isə Azərbaycana səfərləri, heç şübhəsiz, dövlətimizin beynəlxalq əlaqələrinin genişlənməsinə töhfəsini verməkdədir. Son illər Azərbaycanın Avropa, Türk dünyası ölkələri ilə olduğu kimi, ərəb dövlətləri ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir.

Ərəb ölkələri mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası çərçivəsində də Azərbaycana dəstək ifadə olunub".

Deputat qeyd etdi ki, islamofobiya meyllərinə qarşı çıxan Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan “Bakı Prosesi” sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib: “Məhz bu proses çərçivəsində Azərbaycan tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir”. 

A.Hüseynov xatırlatdı ki, ərəb dünyasının ən zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri informasiya-kommunikasiya texnologiyaları sahəsində və digər beynəlxalq platformalarda ölkəmizə qarşı birmənalı mövqeyi ilə fərqlənir: “Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərib.

Prezident İlham Əliyev BƏƏ-yə getdi - FOTOLAR | AzPolitika — onlayn  siyasi-ictimai qəzet

Ulu öndər Heydər Əliyev İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də həmişə xüsusi diqqət yetirib. Ümummilli liderin əsasını qoyduğu bu əlaqələr indi Prezident İlham tərəfindən uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Hələ 2005-ci ildə Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə indiyə qədər edilən rəsmi səfərləri iki ölkə arasında əlaqələrin inkişafına təkan verib. Səfərlər çərçivəsində iki ölkə arasında iqtisadi, ticari və texniki əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, həmçinin ali təhsil sahələrində əməkdaşlıq haqqında sazişlər bağlanıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” da imzalanıb.

Son illər ölkələrimiz arasında iqtisadiyyat, o cümlədən energetika sahəsində əlaqələr dinamik inkişafdadır. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanda BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır.

Eyni zamanda Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Ümumiyyətlə, iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsinin həcmində də artım müşahidə olunur".

Deputat vurğuladı ki, BƏƏ ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. Azərbaycan-BƏƏ əlaqələrinin dərinləşməsi digər ərəb ölkələri ilə münasibətlərimizə də müsbət təsirini göstərir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”   




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR