İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin Albaniya səfərində verilən mühüm mesajlar - iki ölkə arasında əlaqələrdə yeni mərhələ

1265 16.11.2022 16:39 Analitika A A

Azərbaycan Avropa ölkəsini qazlaşdırmaq istəyir; ekspert bunu səmərəli layihə hesab edir

Noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Albaniyada rəsmi səfərdə olub. Tiranada Albaniya prezidenti və baş naziri ilə görüşən İlham Əliyev ölkələr arasındakı münasibətlər, qarşılıqlı əlaqələrin perspektivləri barədə fikirlər səsləndirib.

Qeyd edək ki, Avropanın cənubunda yerləşən Albaniya ərazisindən Azərbaycan qazını İtaliyaya daşıyan TAP kəməri keçir. Hazırda Azərbaycan Avropa İttifaqı ilə bu kəmərin ötürücülük gücünün artırılması istiqamətində müzakirələr aparır. Bu yay Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycanla Aİ arasında enerji əməkdaşlığına dair memorandum imzalanıb. Memorandum 2027-ci ilədək Azərbaycandan Avropaya qaz ixracının 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur. Bu həcmin təmin olunması üçün TAP kəmərinin ötürücülük gücünün ikiqat artırılması lazımdır. Bu baxımdan, Azərbaycanın kəmərin keçdiyi ölkələrlə münasibətlərinin dərinləşməsi prosesin sürətləndirilməsinə ciddi töhfə verə bilər.

Prezident İ.Əliyev Albaniyalı həmkarı Bayram Beqayla görüşdən sonra mətbuata verdiyi bəyanatda qeyd edib ki, hazırda Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir: “Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayırlar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantısında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişdilər. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir.

Bizim qaz ehtiyatlarımız çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Yəni bu layihə - Cənub Qaz Dəhlizi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan bu hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Yəni bu, onu göstərir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük.

Eyni zamanda biz Sizinlə bu gün Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyimiz töhfə haqqında da danışdıq. Bu məsələ ilə bağlı bizim fikirlərimiz var. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər və biz buna hazırıq. Bu gün bu məsələni və energetika sahəsi ilə bağlı olan digər məsələləri bundan sonra da müzakirə edəcəyik”.

Albaniya prezidenti bildirib ki, ölkələr arasında əməkdaşlıq 2023-cü ildə daha intensiv mərhələyə qədəm qoyacaq: “Bu gün aparılan müzakirələr xüsusilə vacibdir, çünki biz gələcək üçün yeni istiqamətləri müəyyən edirik, bizim üçün maraqlı olan sahələri təyin edirik. Bununla qeyd etmək istərdik ki, Birgə Komitənin iclası əlaqələrimizi daha da möhkəmləndirə bilər. Beləliklə Albaniya enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Əlbəttə ki, enerji sahəsində İon–Adriatik boru kəməri Albaniyanı, Monteneqronu, Xorvatiyanı birləşdirərək, ölkələrimizin geosiyasi əhəmiyyətini artırır və regional, o cümlədən Avropa səviyyəsində qaz təchizatının şaxələndirilməsini nümayiş etdirir. Bilirik ki, bu sahədə ölkənizin sərmayə qoyuluşu baxımından təcrübəsi var. Albaniya, həmçinin öz ərazisində tranzit imkanlarından istifadəyə çox açıqdır və hazırdır. Qaz infrastrukturumuzdan bu məqsədlə tam istifadə olunmasını mümkün hesab edirik. Bu sahədə daha böyük nəticələrin əldə olunmasını səmimiyyətlə arzu edirik”.

Prezident Beqay Azərbaycan şirkətlərini ölkəsinin turizm sektoruna sərmayə qoymağa səsləyib.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayarmovun fikrincə, Albaniya ilə Azərbaycan arasında əlaqələrin dərinləşməsinə ehtiyac var. Onun sözlərindən aydın olur ki, Albaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələr son illərdə sürətli inkişafı müşahidə edilir: “2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 11 dəfə artaraq 4 milyon 951 min dollara çatıb. Bu ilin ilk 9 ayında isə ölkələr 1 milyon 456 min dollarlıq ticarət həyata keçiriblər. Bununla belə, ölkələr arasında ticarət potensialı daha yüksəkdir və Azərbaycan Prezidentinin səfərindən sonra münasibətlərin yeni mərhələyə qədəm qoyacağı gözlənilir.

Eyni zamanda Albaniya Azərbaycan mavı qazını almaq istəyən ölkələrdəndir. Gözlənilir ki, ölkələr arasında yeni enerji əməkdaşlığı formalaşacaq və Azərbaycan Avropada ittifaqa üzv olmayan dövlətlərin də enerji təhlükəsizliyinə xüsusi töhvə verəcək. Albaniya TAP kəməri vasitəsi ilə Azərbaycan qazını idxal etmək imkanına malikdir. Qeyd edək ki, Azərbaycan bu il Avropaya 11.5 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır. 2026-cı ilədək “qoca qitəyə” mavi qaz nəqlinin 2 dəfə artırılması nəzərdə tutulur”.

Millət vəkilinin fikrincə, Prezident İlham Əliyevin son səfəri iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirməklə yanaşı, Azərbaycanın regional enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu daha da artıracaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Albaniyanın qazlaşdırılması prosesinə marağını hələ 2014-cü ildən bəyan edib. Həmin il Bakı ilə Tirana arasında Albaniyada qazpaylayıcı şəbəkənin yaradılması üzrə baş planın hazırlanmasında əməkdaşlığa dair memorandum imzalanıb. 2015-ci ildə SOCAR rəsmiləri planın hazırlanması üçün tender elan olunacağını açıqlamışdılar, lakin proses davam etdirilmədi. 2021-ci ildə TAP kəmərininb idarəçisi olan TAP AG şirkəti ilə Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və “Albqaz” dövlət şirkəti arasında TAP-dan ölkəyə qaz verilməsi üçün qurğunun quraşdırılmasına dair saziş imzalanıb.

Albaniyanın uzunluğu 500 km-ə yaxın olan qaz təchizatı şəbəkəsi çox köhnədir və demək olar ki, istismar olunmur. Ölkənin enerji tələbatı bütünlüklə su elektrik stansiyaları hesabına təmin olunur. Lakin sənayenin inkişafı üçün qaza tələbat yaranır və ölkə mövcud sistemi tamamilə yeniləməlidir.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın Albaniyada qaz təchizatı sisteminin qurulması ilə maraqlanması təbiidir: “SOCAR qazın təkcə satışı və nəqli ilə deyil, yerli bazarda satışı ilə də məşğul olmaq sahəsində xeyli təcrübəyə malikdir. Şirkət hazırda bu işlə Azərbaycanda, Gürcüstanda və Türkiyədə məşğul olur. Avropada da belə bir istəkdə olmuşdu: Yunanıstanın yerli qaz təchizatı şirkəti olan “Desfa”nın səhmlərinin satışı üzrə hərracda qalib gəlmişdi. Lakin bu proses çox uzun çəkdi və axırda nəticəsiz bitdi. Yunanıstan bu işə razıydı, SOCAR-la müqavilə də imzalamışdı, lakin ölkənin üzvü olduğu Avropa İttifaqı etiraz etdi. Bu etirazın ciddi səbəbi vardı. Yunanıstan Avropa İttifaqından öz ümumi daxili məhsulundan da yüksək həcmdə borc götürmüşdü. Bu borcun ödənməsi üçün Yunanıstanda dövlət payı olan şirkətlərin  özəlləşfirilməsi qərara alınmışdı. SOCAR hərracda qalib gələndən sonra Avropa İttifaqı Yunanıstana haqlı irad bildirdi ki, şirkətin özəlləşdirilməsi onun özəl idarəçilər tərəfindən fəaliyyətinin təkmilləşdirilməsi, daha gəlirli müəssisəyə çevrilməsi məqsədi daşıyırsa, onun başqa bir ölkənin dövlət şirkətə satılması buna nail olmağa imkan verəcəkmi? Beləliklə də, Avropa Komissiyasının etirazı sayəsində SOCAR-la bağlanan müqavilə ləğv olundu”.

Ekspert qeyd edir ki, Albaniya Avropa Birliyinin üzvü olmadığına görə onun qazpaylayıcı şəbəkəsinin idarəetməsi ilə bağlı qərarına rəsmi müdaxilə imkanı da yoxdur: “Albaniya rəsmi üzv olmadığına görə Avropa İttifaqından xüsusi razılıq alınmasına da ehtiyac yoxdur. Belə bir şəraitdə Azərbaycanın qazın yalnız hasilatı və nəqli ilə deyil, birbaşa istehlakçılara satışı ilə məşğul olması istəyinin qarşısını alacaq maneə də görünmür. Yəni bu layihə kifayət qədər perspektivli bir layihədir, əlbəttə, baş tutarsa”.

Onu da bildirək ki, 2015-ci ildə SOCAR rəsmiləri Albaniya ərazisinin qazlaşdırılması üçün bir neçə yüz milyon dollarlıq sərmayə qoyuluşuna ehtiyac olduğunu elan etmişdilər. Ondan bəri dünyada baş verən bahalaşma fonunda bu məbləğin azı ikiqat artacağını gözləmək olar. Əsasən dağlıq ərazilərdən ibarət Albaniyanın qazlaşdırılması xeyli zəhmət və güclü sərmayə tələb edəcək.

Dünya SAKİT,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR