İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident hökumətə inflyasiya ilə bağlı tapşırıq verdi – araşdırma aparılacaq

837 13.07.2023 13:03 İqtisadiyyat A A

İlin sonunadək inflyasiyanı birrəqəmli həddə salmaq mümkün olacaqmı; ekspert: “Ciddi bir siyasi-hərbi böhran yaranmazsa...”

İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı müşavirədə çıxış edərkən ölkənin iqtisadi-sosial, ictimai-siyasi həyatı ilə bağlı mühüm açıqlamalar, mesajlar və hökumətə ciddi tapşırıqlar verib: “Əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcək. Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər də böyük deyil”.

Prezident deyib ki, inflyasiyanın ikirəqəmli olması hökuməti düşündürməlidir: “Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil”.

1689081389_16890807466337118369_1000x669.jpg (381 KB)

Prezident qeyd edib ki, ölkədə makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir: “Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir”.

b485d241c747dcbfa43e7a9de7972d22.jpeg (61 KB)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinim müdiri Günay Quliyeva müşavirədə səsləndirilmiş rəqəmləri şərh edərək bildirir ki, çoxsaylı mənfi şokların təsiri ilə mübarizə aparan qlobal iqtisadiyyatın həssas olduğu bir dövrdə Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub.

Şöbə müdiri qeyd edir ki, bu il ölkənin sosial-iqtisadi inkişaf proqnozlarında neftin qiyməti hər barel üçün 50 ABŞ dolları nəzərdə tutulduğu halda, 2023-cü ilin ilk yarısında “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta qiyməti 82,84 ABŞ dolları təşkil edib: “Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların yenidən bölünməsini gündəmə gətirib. Dürüstləşmə ilə 2023-cü il üçün təsdiq olunmuş büdcəyə 3 milyard manatdan çox vəsait əlavə olunub. Əlavə vəsaitin əhəmiyyətli hissəsi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərə, müdafiə xərclərinə yönəldilib. Əlavə olunan 3 milyard manatın 1,8 milyard manatı işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə, 1,1 milyard manat isə hərbi gücümüzün artırılmasına yönəldilib. Dövlət büdcəsinə edilən son dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə ayrılan vəsait 4,8 milyard manata, müdafiə və milli təhlükəsizlik xərcləri isə 6,05 milyard manata qaldırılıb. Bu isə hökumətin əsas prioritetinin əhalinin həmin ərazilərə qısa müddətdə geri qaytarılması və ölkə təhlükəsizliyinin təmini olmasını göstərir”.

G.Quliyevanın sözlərinə görə, 2023-cü ilin ilk yarısında ölkənin strateji valyuta ehtiyatları da artıb: “Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları iyun ayına 9,1 milyard ABŞ dollarına bərabər olub. Tədiyyə balansının cari əməliyyat üzrə profisiti 10 milyard dollara yaxın olub. Strateji valyuta ehtiyatlarının artımı, tədiyyə balansının cari əməliyyatlar balansının profisiti cari ildə makroiqtisadi sabitliyi təmin edib və manatın məzənnəsinin sabitliyini dəstəkləyib”.

Ekspert əlavə edib ki, post-pandemiya dövründə nəqliyyat sektorunun bərpası və bu sahədə həyata keçirilən bir sıra layihələr nəticəsində 2023-cü ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat sektorunda yükdaşımaların həcmi 6,8 və sərnişindaşımaların həcmi isə 19 faiz artıb: “Bu artım həm də son dövrdə Azərbaycanın artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilməsi ilə əlaqədardır. Dünyada baş verən bir sıra hadisələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq, əvvəllər Şimal dəhlizi ilə daşınan yüklərin artıq Orta dəhlizə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TITR) yönləndirilməsi ölkəmizin tranzit ölkə kimi nüfuzunu artırıb. Yeni nəqliyyat marşrutlarının açılması ölkəmiz üçün də yeni imkanlar açır. Azərbaycanın əlverişli coğrafi mövqeyi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərində ölkəmizin əsas tərəfdaşa çevrilməsinə imkan verir. Təbii ki, bu da orta və uzunmüddətli dövrdə ölkənin təkcə tranzit ölkə deyil, həm də əsas istehsalçı və ixracatçıya çevrilməsinə imkan yaradır. Nəqliyyat marşrutları üzərində olan regionlarımızda yeni biznes imkanları açılır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi ilə dəniz nəqliyyatı sahələri və xüsusən gəmiqayırma sənayesi hökumətin əsas diqqət mərkəzində olan sahələrdəndir. Bu sahədə aparılan islahatlar və qoyulan sərmayelər yaxın dövrdə dəniz yolu ilə yüklərin daşınmasını əhəmiyyətli dərəcədə artıra bilər.

Aparıcı enerji istehsalçısı olmasına baxmayaraq, Azərbaycan külək və günəş enerjisi kimi bərpa olunan mənbələrə əhəmiyyətli sərmayələr yatırmaqla, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionlarını “yaşıl enerji” zonasına çevirməkdə maraqlıdır. Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramında bu, xüsusilə vurğulanıb”.

Mərkəz eksperti bildirir ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının böyük qaz ehtiyatları artıq təsdiqlənib: “Bu ay ilkin qaz hasilatına başlanılan həmin yataq və “Şahdəniz” qaz-kondensat yatağı qaz ixracımızın əsas ehtiyat mənbəyinə çevrilir. Bu isə ixraca gedən qazın həcmini ildən-ilə artırmağa imkan verir. Hər iki qaz yatağı enerji təhlükəsizliyimizi təmin etməkdə mühüm rol oynayır.

İlin ilk yarımilinin iqtisadi nəticələri göstərir ki, hökumətin post-müharibə və post-COVID dövründə mərhələli və ardıcıl formada həyata keçirdiyi sosial-iqtisadi islahat paketləri uğurlu şəkildə icra olunur. Bu islahatların əsasını işğaldan azad olunmuş ərazilərin bərpası, ölkə təhlükəsizliyinin təmini, makroiqtisadi sabitliyin təmin edilməsi və sosial rifahın artırılması təşkil edib. Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində aparılan ardıcıl, sistemli və sürətli bərpa işləri sayəsində qısa müddətdə vətəndaşlarımız öz torpaqlarında tam məskunlaşacaqlar. Bütün bu qeyd etdiklərimizlə yanaşı, ekoloji məsələlər də hökumətin əsas diqqət mərkəzində olub. Dünya İqtisadi Forumunun “Səmərəli Enerji Keçidinin Təşviqi-2023” hesabatında da göstərildiyi kimi, Azərbaycan iqtisadi inkişafla ekoloji dayanıqlılığın balanslaşdırılmasına sadiq olan nadir ölkələrdəndir”.

407525809_37_0_962_582_1920x0_80_0_0_3b58c193c19bc9ef0beaaa0ebcf2dc51.jpg (218 KB)

Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, cari ilin yanvar-may aylarında ölkədə istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz təşkil edib: “İlin birinci yarısının bu barədə yekunları isə hələ açıqlanmayıb. Bəli, inflyasiya davam edir. Lakin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz az təşkil edib. Bu isə o demək idi ki, iki il yarımdır ardıcıl davam edən bahalaşma və inflyasiya prosesi ilk dəfə olaraq mayda səngiyib. Ona görə ki, birincisi, bahalaşma və inflyasiya prosesinin sürəti artıq apreldə zəifləməyə başlamışdı. 2023-cü ilin aprelində ölkəmizdə aylıq inflyasiya mart ayında qeydə alınmış 0,7 faiz səviyyəyə qarşı 0,3 faiz təşkil etmişdi. Bu isə o demək idi ki, proses artıq, zəifləməyə doğru istiqamət götürüb. Odur ki, mayda tempin səngiyəcəyi aydın görünürdü. Buna da ən çox analoji tendensiyanın məhz qlobal miqyasda baş verməsi əsas yaradırdı.

Belə ki, sözügedən tendensiya qlobal məkanda əslində xeyli əvvəl başlayıb. Bizdə isə mayda özünü göstərməyə başladı. İl başlanandan bəri dünya bazarlarında bir sıra strateji məhsullar, o cümlədən ərzaq malları ucuzlaşıb”.

Ekspertin fikrincə, 2021-ci ilin əvvəlindən başlanan və bütövlükdə ötən il ərzində Rusiya-Ukrayna müharibəsinin təsiri nəticəsində daha da alovlanan qiymətlər bu ildən ucuzlaşmalı idi: “Çünki buna enerjidaşıyıcıları qiymətlərinin sabitləşməsi əsas yaradırdı. Bahalaşmaya və inflyasiyaya dair şərhlərimdə və açıqlamalarında həmişə qeyd etmişəm ki, prosesin səngiməsi üçün birinci məhz enerjidaşıyıcıları ucuzlaşmalıdır. Başqa sözlə, qlobal enerji bazarlarında ajiotaj yatmalıdır. Əks təqdirdə, prosesin ölkəmizə təsir və təzyiqləri davam edəcək, inflyasiya idxalı səngiməyəcək”.

İnflyasiya prosesinin səngiməsi uzunmüddətli xarakter daşıyacaqmı, yenidən bahalaşma yarana bilərmi və may ayındakı deflyasiya nə dərəcədə perspektivlidir suallarına gəldikdə isə P.Heydərov bildirir ki, ilin qalan ikinci yarısı üçün hökumətin və Azərbaycan Mərkəzi Bankının verdiyi proqnozlar fərqlidir: “Birincisi 10,4 faiz olmaqla ikirəqəmli, ikincisi isə 8,3 faiz təşkil etməklə birrəqəmli proqnoz irəli sürüb. Bunun hansının doğru olacağını zaman göstərəcək. Hesab edirəm, cari ilin qalan dövrü ərzində də Azərbaycanda inflyasiyanın səviyyəsini qlobal bazarlardakı vəziyyət müəyyən edəcək, ciddi bir siyasi-hərbi böhran yaranmasa, bu il enerjidaşıyıcılarının qiymətlərinin bir az da ucuzlaşacağı gözlənildiyindən ərzaq və digər məhsulların qiymətləri düşməkdə davam edəcək”.

Dünya SAKİT,

“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR