İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Əliyevdən sonra Akar da o mesajı verdi: “Türkiyə olmadan Qafqazda…”

849 02.05.2023 18:47 Gündəm A A

 

Hər iki mesaj şübhəsiz ki, ünvanlıdır, bəs kimlərə? 

“Balkanlarda, Qafqazda, Orta Şərqdə və Qaradənizdə Türkiyə olmadan hansısa proses baş verə bilməz”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə deyib. O bildirib ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi altında beynəlxalq münasibətlər sistemində konkret mövqe ortaya qoyur: “Müdafiə, təhlükəsizlik, diplomatiya, iqtisadiyyat və sosial sahədəki uğurlarımız buna imkan verir. Daha da irəli getməyimiz üçün fəaliyyətimizi davam etdirəcəyik”.

Məlumdur ki, Cənubi Qafqaz bölgəsi strateji və geosiyasi əhəmiyyətinə görə tarix boyu böyük dövlətlərin diqqətini çəkib. Bu gün Cənubi Qafqaz bölgəsi özünün zəngin enerji resursları, tarixi İpək Yolu üzərində yer alması, eyni zamanda enerji dəhlizi olması ilə əhəmiyyətini qoruyub saxlamaqdadır. Osmanlı imperatorluğu dövründən bu günə qədər Qafqaz bölgəsi həmişə Türkiyənin maraqları daxilində yer alıb. Buna görə də Türkiyə bu bölgə uğrunda gedən tarixi rəqabət və mübarizənin aktiv tərəflərindən olub. Sovet İttifaqı dağılandan sonra Türkiyənin xarici siyasəti Cənubi Qafqaz ölkələri ilə sülh, əmin-amanlıq, mehriban qonşuluq və iqtisadi qurulub. 

44 günlük Qarabağ müharibəsində Türkiyənin Azərbaycanın yanında yer alması, ondan sonra imzalanmış “Şuşa Bəyannaməsi” Ankaranın Cənubi Qafqazda rolunu möhkəmlətdi və təsdiqlədi. Ankara strateji maraqlarının təmini üçün Rusiya ilə geniş əməkdaşlıq formatına üstünlük verir , çünki Moskvanın region üzərindəki təsiri qalmaqdadır.  Amma Türkiyənin Cənubi Qafqazda artan nüfuzu və təsir dairəsinin genişlənməsi  məsələn, Fransa kimi anti-türk  mövqeli dövlətləri narahat edir. İran da Azərbaycana ciddi dəstək verən Türkiyənin regional oyunçuya çevrilməsindən narahatdır, amma buna müqavimət göstərmək iqtidarında deyil. Artıq Rusiya da anlayır ki, Ankaranın səyləri ona qarşı deyil, əksinə bu regionda stabilləşdirici faktordur. Əlbəttə, Rusiyanın erməni lobbisinə yaxın bəzi dairələri bundan narahatdır, amma onlar da  Kremlin siyasətinə ciddi təsir edə bilməzlər. 

Qeyd edək ki, Prezident İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında Türkiyənin bölgədəki rolu haqda danışmışdı. Prezident “Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır” deyib.  Həm Prezident İlham Əliyevin, həm Akarın bu mesajları şübhəsiz ki, ünvanlıdır. 

Türkiyənin resursları, coğrafi mövqeyi bundan sonra da Akarın dediyi kimi olacağına əminlik yaradır.

Sabiq nazir aktiv siyasətə başladı - Fikrət Yusifov partiyaya üzv oldu »  Reyting.az

Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov bu barədə Musavat.com-a bildirdi ki, Qərbin Türkiyə sevgisi heç vaxt olmayıb, bu birmənalı belədir: “Qərbin aparıcı dövlətləri bir qayda olaraq özlərindən zəif ölkələrə öz vassalları kimi baxmağa vərdiş ediblər. Biz bunu illər öncə, dünya siyasət meydanında müstəqil olmağa can atan Türkiyənin, Avropa Birliyinə daxil olan dövlətlər tərəfindən bu Birliyə üzv qəbul  edilməsi ilə bağlı apardıqları siyasi oyunlarda gördük. Bu oyunlar sonda Türkiyənin Avropa Birliyinə qarşı elə bir ikrah hissi yaratdı ki, bundan  çəkdi. Dünya siyasət meydanında müstəqil  baxışlara sahib olmaqda israrlı olan Türkiyəyə qarşı sevgisizliyin başlıca səbəbi budur. Daha güclü olan, öz yanında özündən “zəif və sözəbaxanın” olmasını istəyir. 

Türkiyənin dövlətçilik tarixi çox möhtəşəmdir və bu gün tarixi türk dövlətlərinin varisi rolunda çıxış edərək, türkün dövlətçilik ruhunu yaşatmağa məhkumdur. Artıq Qərb, başda ABŞ olmaqla Türkiyənin də daxil olduğu böyük regionda hər hansı bir məsələnin Türkiyənin razılığı olmadan həll edilə bilməyəcəyinin fərqindədir. Bu gün Türkiyə NATO-nun bu böyük regionda rəsmi təmsilçisi, NATO-ya daxil olan ölkələr içərisində isə ABŞ-dan sonra ən güclü və böyük orduya sahib bir dövlətdir. Görünən budur ki, Qərb Türkiyənin güclənməsinin qarşısında dayandıqca Türkiyə irəli gedir. Bu gün Türkiyənin iqtisadiyyatı, onun hərbi sənayesi, ixrac potensialı, yeni texnologiyaları, terrorizmə qarşı regionda son illər ərzində qazandığı uğurlar, getdikcə güclənən hərbi qüdrəti, kəşf etdiyi neft və qaz yataqları təbi ki, bir çoxlarının gözlərini qamaşdırır. Lakin Türkiyə dayanmır və irəliləməkdə davam edir”. 

F.Yusifov əmindir ki, qarşıdakı seçkilərdə türk xalqının son 20 ildə Türkiyəni bir dövlət kimi yüksəklərə daşımış Prezident Rəcəb Tayib Ərdoğana səs verəcəyi heç şübhəsizdir. Rəcəb Tayıb Ərdoğan bundan daha qüdrətli Türkiyə yaratmaq yolunda başlatdığı böyük işləri tamamlamalıdır. Türk xalqı bunun fərqindədir. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın “Balkanlarda, Qafqazda, Orta Şərqdə və Qaradənizdə Türkiyə olmadan hansısa proses baş verə bilməz” kimi sözlərinin arxasında dayananlar bunlardı.

Etibar SEYİDAĞA
Musavat.com    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR