İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Əliyev Paşinyana yenə “Münhen dərsi” verə bilər

942 17.02.2023 12:12 Siyasət A A

Bu gün Münhen Təhlükəsizlik Konfransı başlayır, 2020-ci ildəki debatda erməni baş nazir rüsvay olmuşdu, bəs bu dəfə?

Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər və energetika nazirlərinin bu gün-fevralın 17-də başlayacaq  Münhen Təhlükəsizlik Konfransında  iştirak edəcəkləri gözlənilir. Tədbirin  iştirakçıları siyahısına Gürcüstan və Ermənistanın baş nazirləri İrakli Qaribaşvili və Nikol Paşinyan da daxildir.

Münhendə Azərbaycan Prezidentinin erməni baş nazirlə görüş keçirmək ehtimalı da var. Yada salaq ki, 44 günlük müharibədən cəmi bir neçə ay öncə, 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Dağlıq Qarabağ məsələsini panel iclasların birində müzakirə etmişdilər. ABŞ-Rusiya Fondunun Prezidenti Celeste Vallanderin moderator olduğu görüşdə Prezident Əliyev Ermənistanın baş nazirini çətin vəziyyətə salmışdı.  O zaman dövlət agentliklərindən biri bu debat haqda çox yığcam və mövzunu əhatə edən bu cümlələri yazmışdı:  “Münhen Təhlükəsizlik Konfransında iki lider arasında təkbətək savaş bütün bu dramın finalı oldu. İdmançıların dilində desək, həmin savaş parlaq ippon fəndi və Paşinyanın bütün dünyanın gözü qarşısında kürəyi üstə yıxılması ilə nəticələndi. Bu, həqiqətən final, Ermənistanın ağlını başına yığması üçün Azərbaycanın ona verdiyi sonuncu şans idi”.

Nikol Paşinyanın daha çox heç bir əsası olmayan, real faktlara söykənməyən arqumentlər gətirməyə cəhdi  gülüş doğurmuşdu. Debatın gedişatı zamanı Prezident İlham Əliyev məntiqli, tutarlı arqumentlər səsləndirməklə opponenti üzərində üstünlük qazanmışdı. Ən əsası isə dövlət başçımız Azərbaycanın mövqeyini layiqincə müdafiə etməyə, daha sanballı arqumentləri ilə təcavüzkar dövlətin rəhbərini demək olar ki, bütün arqumentlərdən məhrum etməyə, başqa sözlə desək, tərk-silah etməyə nail ola bilmişdi. Bu debat Ermənistanda da ciddi rezonans doğurmuş, erməni siyasətçiləri və ekspertləri Paşinyanı sərt ittiham etmişdilər.  O vaxtdan çox şey dəyişsə də, Ermənistan hələ də “özünə yığışmır”. Belə bir debat yenə olarsa, Paşinyanın daha bir dərs alacağına şübhə yoxdur. Həm görüş, həm mümkün debat perspektivləri haqda proqnozlarınız necədir? Bu dəfə də tarix təkrarlana və Azərbaycan Prezidenti İlham Əliyev Nikol Paşinyana növbəti “Münhen dərsi” verə bilər?

Elman Nəsirov — Vikipediya

Elman Nəsirov 

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Münhen Təhlükəsizlik Konfransında dünyanın siyasi-hərbi elitası toplanır və planetimizi narahat eləyən ən mürəkkəb siyasi, hərbi, təhlükəsizlik məsələləri ciddi müzakirə predmeti olur: “Münhen Təhlükəsizlik Konfransında səslənən fikirlər bir neçə müddət üçün əslində dünyanın siyasi və təhlükəsizlik mənzərəsinin konturlarını müəyyən edir. Fevralın 17-də işinə başlayacaq Münhen Təhlükəsizlik Konfransında da Azərbaycan Prezidenti cənab İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və energetika naziri Pərviz Şahbazov iştirak edəcək. Eyni zamanda qonşu Gürcüstanın və Ermənistanın baş nazirləri də bu mühüm tədbirə qatılacaqlar. İndidən artıq bəzi kütləvi informasiya vasitələrində belə məlumatlar dolaşmaqdadır ki, 2020-ci ilin fevralında olduğu kimi budəfəki təhlükəsizlik konfransında da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında moderatorun vasitəçiliyi ilə bir debat təşkil ediləcəyi istisna deyil. Bu debat, müzakirə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı prosesdə mühüm addımlar atılmasını şərtləndirə bilər. 2020-ci ilin fevralında-tarixi Vətən müharibəsində tarixi qələbəmizdən bir qədər öncə belə bir debat-müzakirə keçirilmişdi. O zaman artıq dünyanın aparıcı KİV-ləri, eyni zamanda Ermənistan mediası yazırdı ki, Ermənistan baş naziri Azərbaycan Prezidenti qarşısında o qədər cılız görünürdü ki, sanki bir professorla şagird arasında müzakirə gedir. Yəni Paşinyan o dərəcədə zəif vəziyyətdə, çıxılmaz durumda idi və öz mövqeyini arqumentlərə, faktlara söykənərək müdafiə edə bilmirdi. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyev müəkəmməl ingilis dilində Azərbaycanın milli dövlət maraqlarını ən yüksək səviyyədə müdafiə edir, faktlara istinad eləyir, müqayisələr aparır və Azərbaycanın haqlı olduğunu beynəlxalq ictimai fikirə çatdıra bilirdi. O zamanlar hətta belə bir məlumatlar da nüfuzlu kütləvi informasiya vasitələrində yer almışdı ki, bu debat çərçivəsində sanki iki liderin savaşı gedir və bu savaşın nəticəsində isə Ermənistanın baş naziri kürəyi üstə yıxılmalı oldu. O görüş əslində Ermənistana verilmiş sonuncu şans idi. Lakin Ermənistan həmin vaxt verilən şansı dəyərləndirmədi və nəticədə 27 sentyabrda Vətən müharibəsi başladı, Azərbaycan dövləti, ordusu Ermənistanı məğlub etdi”.

Deputat qeyd etdi ki, indi yenə də həllini gözləyən məsələlər var və ilk növbədə Azərbaycan müharibəni udub və sülhü də udmaq strateji hədəfimizdir. Ancaq Ermənistan sülh müqaviləsini imzalamağı uzadır, bu prosesi maksimum ləngitməyə çalışır: “Ermənistan bir çox hallarda bir-birini təkzib eləyən informasiyalar yayır və sülh prosesinin qarşısında ciddi əngəllər yaradır. Doğrudan da Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanın 2020-ci ilin fevral ayında olduğu kimi bir görüşü keçirilərsə, bu, nəticə etibarilə artıq postmüharibə dövrünün həllini gözləyən məsələlərlə bağlı Azərbaycanın haqlı mövqeyinin növbəti dəfə beynəlxalq ictimaiyyətə çatdırılması baxımında çox mühüm rol oynaya bilər. Azərbaycan Prezidenti həmişə olduğu kimi, faktlara, arqumentlərə, təkzibedilməz yanaşmalara və analitik düşüncə tərzinə istinad edərək yenidən Ermənistan baş nazirini çıxılmaz vəziyyətə sala və onun yalnız Ermənistanın sülh prosesi qarşısında çox ciddi əngələ çevrildiyini sübut eləyə bilər. 3 il öncə fevraldakı müzakirələrdə Ermənistan nəticə çıxarmadı, hərbi avantüraya imza atdı və kapitulyant statusuna enmiş oldu. Bu dəfə də görüş keçirilərsə və Ermənistan yenə də ağlını başına yığmazsa, bu vəziyyətin Ermənistanı hansı hala salacağını proqnozlaşdırmaq elə də çətin deyil”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR