İnsanlara hürriyət, millətlərə istiqlal!

Peykimizlə bağlı nə baş verib - kiber hücum, yoxsa meteoritlə toqquşma?

2814 20.04.2023 19:00 Son xəbər A A

Osman Gündüz: "Baş verənlər yetərincə düşündürücü və çox ciddi bir hadisədir"

Bu gün “Azersky” - Yerin məsafədən müşahidə peyki ilə məlumat mübadiləsi dayanıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (Azərkosmos) Azərbaycan peykinin dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırdığını bildirib.

Məsələ ilə bağlı İKT üzrə ekspert Osman Gündüz ilginc açıqlama verib. Ekspert “Azersky”ın kiberhücum, yoxsa meteoritlə toqquşma səbəbindən vaxtından tez fəaliyyətini bitirməsi ilə bağlı ehtimallarını irəli sürüb:

“Azərkosmos açıqlama yayıb ki, “AzerSky” peykimiz fəaliyyətini vaxtından tez bitirib. Qurumun açıqlamasına görə, peyklə əlaqələr qəflətən kəsilib və istehsalçı şirkət olan Fransanın “Airbus Defence and Space” ilə birgə çalışsalar da, “AzerSky” ilə rabitə qurmaq mümkün olmayıb. 2014-cü ildə orbitə qaldırılan peykin istismar müddətinin başa çatmasına isə bir il qalmışdı, həm də gözlənilirdi ki, onun resursları aktiv fəaliyyət üçün daha bir-iki il də yetərli olacaq.

Görəsən nə baş verib? Baş verənlər yetərincə düşündürücü və çox ciddi bir hadisədir.

“AzerSky” yerin müşahidəsi baxımından, həmçinin, açıq desək, kəşfiyyat baxımından da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Xatırlayıram ki, Prezident məhz bu peykin 44 günlük Vətən müharibəsində xüsusi əhəmiyyətini vurğulamışdı. Həm də bu peyk ölkəmizə yetərincə valyuta gətirir, təxmini hesablamaq olar ki, yaxın iki ilə daha 20 milyon da xeyir verə bilərdi. “Azərkosmos” bu peykdən alınan resurslarla ölkəyə xeyli valyuta gətirmişdi. Bunun istismarı ətrafında Azərbaycanda nəhəg bir infrastruktur formalaşmışdı”.

Osman Gündüz: “Ümid edirəm ki, qərar qəbul edənlərimiz düşmən ölkənin  statistikasını izləyir” » Reyting.az

Osman Gündüz daha sonra vurğulayıb ki, “Azərkosmos” ehtimal olaraq, müşahidə peykimizin meteorit və ya hansısa göy cisimləri ilə toqquşma versiyasını irəli sürdüyünü deyib:

“Əlbəttə, ilk ağılagələn bu ola bilər. Başqa kosmos ölkələrində də bu tip hadisələr olub. Yeri gəlmişkən, “Azərkosmos”un kömək üçün müraciət etdiyi Amerikanın kosmik qurumları peykin öz orbitində fırlanmaqda davam etdiyini bildirib. Amma peyklə hansısa əlaqələr qurmaq mümkün olmayıb.

Kiberhücum olubmu? Düşünürəm ki, burada mütləq şəkildə peykimizə qarşı kiberhücum faktoru üzərində də işləmək doğru olardı. Xüsusən də, nəzərə alsaq ki, kosmik resurslara malik olan Fransa və İranla münasibətlərimiz xeyli gərginləşib, istehsalçı ölkə də Fransa şirkətidir. Eyni zamanda, bu resurslara sahib olan Rusiya faktorunu nəzərdən qaçırmaq olmaz. Ermənistan da yenicə dünya peyk ailəsinə qoşulub. Həmçinin, güman ki, Fransa artıq baş verənlərdən anlamamış deyil ki, Azərbaycan növbəti peyk istehsalında bu ölkəni tərəfdaş olaraq nəzərdə tutmur.

Bütün bunlar düşünməyə əsas verir ki, Azərbaycanı istəməyən qüvvələr “AzerSky” peykimizə qarşı kiberhücum da təşkil edə bilərdi”.

Osman Gündüz qeyd edib ki, kiberhücumun olub-olmaması faktı mütləq şəkildə araşdırılmalıdır:

“İstənilən halda, fikrimcə, səlahiyyətli qurumlar və kəşfiyyat qurumlarımızın mütləq olaraq kiberhücumu araşdırması məntiqli və doğru olardı. Həm də, düşünmək olar ki, maraqlı tərəflər məqsədyönlü olaraq da bu kiberhücum faktını qabarda bilərlər. Belə olan halda isə “Azərkosmos” 45 milyon manat sığorta ödənişindən məhrum ola bilər.

Yəni, hər bir halda kiberhücumun olub-olmaması faktı mütləq şəkildə araşdırılmalıdır. Təkrar edirəm ki, baş verənlər müharibə labüd olan Azərbaycanın milli maraqları baxımından olduqca ciddidir, milli təhlükəsizlik məsələsidir”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR