İnsanlara hürriyət, millətlərə istiqlal!

Peris Hilton örnəyi

2063 05.08.2023 12:44 Yazarlar A A

 

İndiki cavanlar dəqiq bilər, 7-8 il (bəlkə də bir az çox) qabaq telekanallarımızın birində xarici TV-lərdən kopyalanmış “Qəfəs” adlı realisti şou vardı. Sonra layihə iştirakçıları cızıqlarından çıxdılar, biədəb hərəkətlər etdilər deyə, şounu bağladılar. Bir müddətdən sonra “Qəfəs” yenidən bərpa ediləndə haradan əmr gəldisə, elə ilk verilişdə yayını yarımçıq kəsdilər. Söhbət bunda deyil.

Həmin verilişin ilk buraxılışının ağıllı bir iştirakçısı vardı, bir dəfə ulduz xəstəliyinə yoluxmuş, artıq özlərini meqa-star kimi aparan şoudaşlarına dedi ki, dostlar, bizim indiki şöhrətimiz (gerçəkdən də artıq ölkədə hamı onları tanıyırdı) bir yerə qədərdir, şou bitəcək, yaddan çıxacağıq, çünki aktyor deyilik, müğənni deyilik, gündəmdə qalmağımız mümkün olmayacaq, ona görə də belə havalara girməyək.

Çox ağıllı, savadlı, mərifətli uşaq idi. İnşallah, gündəmdə olmasa da, həyatda öz yerini tapmış olar.

İndi bu sözü nəyə gətirirəm? Ölkənin, medianın gündəminə baxanda görürəm ki, o mərifətli oğlan bir balaca yanılıb. Heç demə, sənətçi, idmançı olmadan da uzun müddət gündəmdə qalmaq, haqqında söz etdirmək mümkün imiş.

Bir Aysel Şükürova var, atası vaxtilə Bakının liftlərini becərən idarənin rəisi olmuş və qızına 400 min dollarlıq toy etmişdi. (400 min manatlıq da ola bilərdi, o zaman manat dollardan daha qeyrətli pul idi). Bax, o vaxtdan bəri Aysel xanım gündəmdədir. Birinci ərindən boşandı, qəzetlər, saytlar iki həftə yazdılar. İkinci dəfə ərə getdi, media 10-15 gün bu barədə yazdı. Birinci əliylə dalaşdı, mətbuat bütün aktual mövzuları kənara qoyub bu məsələyə kökləndi. Sonra xanımın birinci əriylə ikincinn arasında nəsə bir sürtüşmə oldu, media bunu da diqqətsiz qoymadı.

Hələ bu pəstəhaların ortasında onun liftçi atasını işdən kənarlaşdırdılar, hətta az qala tutacaqdılar, mətbuat bu məsələni diqqətdə saxladı. (Əslində 40 ilin kadrı məhz qızının şöhrətpərəstliyinin, qalmaqallarının güdazına getdi).

Arada elə göründü ki, Aysel xanımın macəraları bitib, daha barəsində heç nə yazılmayacaq. Amma elə olmadı, hansısa barda faciəvi yanğın oldu, ortaya çıxdı ki, xanım Şükürova rəfiqələri ilə birlikdə ordaymış, özü yüngülvari xəsarət alıb, amma rəfiqələrinin biri az qala yanacaqmış. Bu hadisənin mediadakı əks-sədası təxminən bir ay davam etdi.

Daha sonra xanım, ümumiyyətlə, bloqer oldu və öz paylaşımları ilə daima diqqət mərkəzində qalmağı bacardı.

Dünən xəbər yayılıb ki, birinci əri onu bıçaqlamaq istəyib, bıçaq xanımın araya girən dostunun əlinə, ayağına dəyib. Vəssalam. Azı bir həftə yazılacaq.

Amma baxaq görək, bu qadının başına gələnlər, siyasətçilərin sözü olmasın, ictimai-siyasi əhəmiyyət kəsb edirmi? Etmir. O, öz həyatını özü bildiyi kimi yaşayır və başına gələnlər haqqında şəxsi bloqunda “belədə mən də varam” tipli şeylər yazır. Lakin onun yazdığı şeylər təxminən Elza Seyidcahanın şeirləri kimi ictimai diqqətə səbəb olur. Belə anlaşılır ki, oxucuların Aysel Şükürovanın həyat və yaradıcılığına adi xəbərlərə ehtiyacı var. Oxucu bu xüsusda aclıq çəkir və mütləq Ayselin keçmiş ərləri ilə münasibəti, barda əylənməsi, şəxsi həyatıyla bağlı yenilikləri öyrənmək istəyir. Hətta ola bilər ki, oxucular həmişə bu barədə yazan saytlara zəng edib, dişlərinin dibindən çıxanı deyərlər, soruşarlar ki, budur, bir aydır Ayseldən yazmırsınız, xeyir ola? İttiham edənlər də ola bilər: “Adınızı mətbuat qoymusunuz, amma xalqın oxumaq istədiyi şeyləri yazmırsınız, satılmısınız”.

Belə bir qadın Amerikada da var, adı Peris Hiltondur. O da varlı adamın qızıdır və gündəmdə olmağı çox sevir. Peris kinoaktrisadır, bir xeyli filmdə də çəkilib, amma o qədər də ciddi bir sənəti yoxdur. Əvəzində ledinin aktrisalığı içindəki şöhrət ehtirasını, türkün sözü, tatmin eləmir. Ona görə də o, özünü hərdən müğənni, bəzən şairə (guya mahnı sözləri yazır), başqa vaxt fotomodel, dizayner kimi təqdim edir. Hər şeydən yarımçıqdır. Bununla belə, Hollivudda hamıdan məşhurdur. Çünki Peris sənətindən çox, məşhur futbolçularla, aktyorlarla gecə keçirməsi və bunu ictimailəşdirməsilə məşhurdur. Bir ara o, yazıq Ronaldonun adına söz də çıxarmışdı, demişdi ki, onun yaxşı qol vurmağına baxmayın... Nəysə. Beləcə, xanım Hilton gündəmdə qalmağı bacarır.

Uzun sözün kəsəsi, jurnalistlər gərək belə şöhrətpərəst, amma xalq üçün əhəmiyyəti olmayan söz-söhbətlərlə gündəmə gəlmək istəyən şəxslərə çox diqqət eləməsinlər. Bu iş absurda gedir, gənclərə pis örnək olur. Bax, ona görədir ki, adamlar sosial şəbəkələrdə canlı yayım açır, oturub boş-boş, səy-səy ekrana baxırlar, görəndə ki, baxış sayı azdır, üst-başlarını çırmalayır, dombalaq aşır, kiminləsə söyüşür, ta nə bilim, nələr edirlər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR